"Qarabağda zorakılıq hallarının artması narahatlıq doğurur və biz razılaşmanın əldə olunması və münaqişənin həlli yolunun tapılması üçün hər iki tərəfə təzyiqlər göstərməliyik”. Bunu Avropa Şurası Parlament Assambleyasının Baş katibi Ann Brasör qurumun payız sessiyasının ilk iclasında deyib. Erməni jurnalistin "Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində təcavüzkar tərəf kimi tanıyırsızmı” sualına isə AŞ PA-nın Baş katibi birmənalı cavab verməyib:
"Zorakılıq heç vaxt cavab tərzi deyil. Hazırda danışıqlar gedir. Biz dialoq yolu ilə bu məsələnin həllini tapmalıyıq. AŞ PA-nın zalında hər iki tərəf arasında gərginliyin olduğunu müşahidə edirik. Bu gərginliyin öhdəsindən gəlib onu aradan qaldırmalıyıq”. Məsələni şərh edən siyasi ekspertlər AŞ PA rəhbərinin və digər Qərb institutlarının Azərbaycana ikili standartlar çərçivəsində yanaşmasını və təcavüzkar Ermənistanla işğala məruz qalmış bir ölkəni eyniləşdirmək cəhdlərini tənqid ediblər.
Millət vəkili, politoloq Sahib Alıyev deyib ki, Ann Brasörün bu cür ikili standartlarla çıxış etməsi təkcə Dağlıq Qarabağ münaqişəsində deyil, insan haqları kimi məsələlərdə də özünü göstərir: "Ermənistandakı hərbi xuntanın həyata keçirdiyi cinayətlərə çox dözümlü yanaşan bu xanım Azərbaycandakı ən kiçik şeylərə görə insan haqları deyərək bar-bar bağırır. Əslində
Qərbin niyyətini təhlil etmək üçün nə güclü siyasətçi, nə də analitik olmaq lazımdır. Azərbaycan xalqının hər bir nümayəndəsi yaxşı bilir ki, Avropa dairələrinin ölkəmizə qərəzli yanaşmasının kökündə iki məsələ durur. Birincisi, geosiyasi məsələdir. Azərbaycanın müstəqil siyasət yeritməsi Qərbdəki bəzi çevrələrin xoşuna gəlmir. Bu məsələdə Dağlıq Qarabağ münaqişəsindən də təzyiq aləti kimi faydalanmağa çalışırlar. Şübhə yox ki, ermənilərin işğalçı olduqları, Qarabağın kimin tarixi ərazisi olması Qərb institutlarına bəllidir. Ancaq məsələ orasındadır ki, həmin dairələr bilərəkdən qərəzli mövqe sərgiləyirlər. İkinci məsələ isə Avropada getdikcə güclənən islamafobiyadır”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın türk dövləti olduğunu da nəzərə almaq lazımdır: "Türklərə qarşı Avropada olan mənfi münasibət bizə məlumdur. Avropa hazırda müsəlman dövləti deyəndə Suriya, Liviya, İraq kimi dağılmış ölkələr görmək istəyir. Amma inkişaf edən, müstəqil siyasət yeridən, öz sözünü deyən, tolerant ölkələri gözləri götürmür. Azərbaycana münasibətin kökündə məhz bu amillər dayanır”.
İsmayıl