Türkiyənin qədəri dəyişməyəcək

Ekspertlər AKP-nin təkbaşına hökumət qurmaq şansının yüksək olduğunu deyirlər



Yaşanan bütün gərginliklərə rəğmən Türkiyədə siyasi partiyalar noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə ciddi hazırlıq görürlər. Hakim AKP başda olmaqla, digər bütün siyasi partiyalar erkən parlament seçkisinin Türkiyənin qədərini dəyişəcəyinin fərqindədirlər. Qardaş ölkədəki prosesləri şərh edən politoloq Qabil Hüseynli Türkiyədə baş tutacaq bu seçkilərin gözlənilən nəticələri ilə bağlı proqnozlar verib.

Ekspertin fikrincə, budəfəki seçkilərdə hakim AKP yenidən daha yüksək səs toplaya bilər: "Düzdür, keçirilən rəy sorğuları hələ ki AKP-nin səsinin o qədər də yüksəlmədiyini göstərir. Amma AKP seçkiqabağı kampaniyaya təzəcə başlayır. Hakim partiyanın təşkilatçılığı ilə "terrora yox” adlı bir milyonluq mitinqin keçirilməsi Ərdoğanın nüfuzunu artırdı. Bu baxımdan mən AKP-nin səslərinin yüksələcəyi qənaətindəyəm. Nəyin hesabına olursa-olsun, müvafiq resurslardan istifadə etməklə, seçkiqabağı çox ciddi vədlər verməklə və müxtəlif manevrlər etməklə AKP təkbaşına iqtidar formalaşdırmağa nail olacaq. Bunun üçün seçkiqabağı dövrdə bütün imkanlardan istifadə edəcək. Düzdür, bu, Türkiyədəki vəziyyəti tam, normal inkişaf səmtinə çıxarmayacaq, amma, hər halda AKP-nin niyyəti yenidən təkbaşına hökumət qurmaqdır”.

Politoloq müxalif CHP-nin, MHP-nin və HDP-nin də seçkidən hansı nəticə əldə edəcəyi barədə fikirlərini bölüşüb: "CHP-nin əvvəlkinə nisbətən səs artımı olacaq. Ancaq MHP üçün bunu gözləmirəm. Hətta ola bilsin ki, azalma da baş versin. Çünki əvvəlki seçkilərdən sonra MHP-nin siyasətini o qədər qənaətbəxş hesab etmək olmaz. HDP-yə gəldikdə isə, qənaətlərimə görə, seçki baryerini aşa bilmək şansı çox zəifdir. Hətta parlamentdə təmsil olunmaya da bilər”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bəyan edib ki, AKP-nin başlıca məqsədi səslərini artırmaq və Türkiyənin kürd kökənli vətəndaşlarından səs istəməkdir: "Türkiyədə parlament seçkisi ərəfəsindəki siyasi situasiya iki ssenaridən ibarət olacaq. Ya 7 iyun seçkisindən fərqli olaraq, AKP böyük səs çoxluğu qazanıb təkbaşına hökumət quracaq, ya da əvvəlki seçkiyə oxşar bir nəticə ilə üzləşəcəyik. İstənilən halda Türkiyəni siyasi qarışıqlıq gözləyir. Ancaq seçkidən sonra da terrorçulara qarşı mübarizə davam edəcək. O vaxta qədər ki, PKK ya silahları təhvil versinlər, ya da ölkə ərazisini tərk etsinlər. Hazırda Türkiyə ərazisində təxminən 1500 terrorçu var. Onlar Türkiyəni tərk etməyənə qədər düşünürəm ki, hökumət kimdən formalaşırsa-formalaşsın parlament seçkilərindən sonra da terrorçulara qarşı mübarizə davam edəcək. İndi seçki kompaniyası başlamalıdır. Düşünürəm ki, seçki kompaniyasında əsas amil terrorla mübarizə olacaq. Məhz bunun ətrafında seçki kampaniyası qurulacaq və çıxışlar olacaq. Çünki indiki məqamda iqtisadiyyatdan danışmaq vətəndaşları özünə cəlb etməyəcək”.

Politoloq E.Şahinoğlunun fikrincə, 1 noyabr parlament seçkilərində HDP barajı keçərsə, AKP təkbaşına hökumət qura bilməyəcək: "CHP və MHP səslərini müəyyən qədər artıra bilərlər, amma bu AKP-yə təhlükə yaratmır. Təhlükə HDP-nin parlamentə düşməsidir. Çünki onda AKP-dən xeyli səs qoparacaq. AKP-nin indi başlıca məqsədi səslərini artırmaq və Türkiyənin kürd kökənli vətəndaşlarından səs istəməkdir. Əvvəllər bu səsi ala bilirdi, ancaq son seçkidə hər on kürddən altısı HDP-yə səs verdi ki, bu da AKP-nin səslərini bir xeyli azaltdı. Hər şey seçki kampaniyasından asılı olacaq. Əgər AKP seçki kampaniyasını düzgün qurarsa, maraqlı şüarlarla çıxış edərsə, mümkündür ki, yenidən səs çoxluğu qazanıb təkbaşına hökumət qursun”.

İsmayıl