Akademik 2 milyonun hesabatını başqa yerdə axtarır

AMEA-nın rəhbərliyi isə hələlik susur




Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev "od püskürür”. AzNews.az saytına açıqlamasında akademik AMEA-nın Rəyasət Heyətinin institutda apardığı yoxlama barədə danışıb. Akademik deyib ki, qoy nə qədər istəyirlər, yoxlasınlar.

Nöqsan tapsalar, ona töhmət verib işdən çıxarsınlar. Amma nöqsan tapmasalar, o özü onlara nöqsanlarını deyəcək. Heç vaxt öz xahişi ilə işdən çıxmayacaq. Qoy onu əmrlə işdən çıxarsınlar.

T.Hacıyev 2012-ci ildə Prezidentin sərəncamı ilə instituta ayrılmış 2 milyon manatın hesabının ondan soruşulmasını anormal sayır. Və bunu əsas gətirir ki, o, institutun direktoru vəzifəsinə 2014-cü ildə təyin edilib. İki il ərzində həmin vəsaitin hara xərcləndiyini haradan bilsin? Bununla kifayətlənməyən akademik yayı çəkib, oxu da atıb: "Maraqlı işdir; bunlar özləri 2 milyonu xərcləyiblər, hesabınısa indi məndən soruşurlar”.

T.Hacıyevin kinayəli sözlərinə qarşı isə AMEA hələ ki, susmağa üstünlük verir. AMEA-nın mətbuat xidmətinin rəhbəri Baba Yaşaroğlu "Şərq”ə açıqlamasında məlum məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcəyini dedi. Belə anlaşıldı ki, AMEA rəhbərliyi hələlik sükuta üstünlük verir. Yoxlamanın hansı nəticə verəcəyi isə bəlli deyil.

Sabiq təhsil naziri, professor Firudin Cəlilov isə "Şərq”ə açıqlamasında akademiya sisteminin çoxdan çökdüyünü dedi:

- Görün, Tofiq Hacıyev kimi məşhur, tanınmış, həqiqi elm adamı belə bir vəziyyətlə üzləşirsə, orada hansı şərait hökm sürür. Mən məsələnin detallarını bilmədiyim üçün nəsə deməyim düzgün olmaz. Nəsə desəm, elə düşünəcəklər ki, Akademiya ilə aramda narazılıq olub deyə, onlara qarşı çıxıram. Bir söz deyə bilərəm ki, akademiya sistemi çürüyüb artıq.

Məlahət