“Təhsil sistemində rüşvəti yığışdırmaq mümkün olmayacaq”

Vurğun Əyyub: “Ayrı-ayrı adamların cəzalandırılması ilə təhsildəki neqativ halların qarşısını almaq mümkün deyil”



"Azərbaycanın təhsil sistemində rüşvətə qarşı ciddi mübarizə aparılır”. Bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərlə keçirdiyi konfransda deyib. Nazir diqqətə çatdırıb ki, təhsil sistemində mənfi mühiti formalaşdıran amillər var və bu amillərin ilk sırasında korrupsiya, rüşvət halları gəlir.

M.Cabbarov xəbərdarlıq edib ki, kim rüşvət alarsa, vəzifəsindən asılı olmayaraq, işdən qovulacaq və barəsində cinayət işi açılacaq. Xatırladaq ki, 2015-ci ilin əvvəlindən bugünədək Respublika üzrə 14 məktəb direktoru işində yol verdiyi ciddi nöqsanlara və rüşvətə görə tutduğu vəzifədən azad edilib. Görülən tədbirlərin təhsildəki rüşvət hallarını tədricən aradan qaldıracağını düşünənlərlə yanaşı, nazirlik tərəfindən həyata keçirilən islahatların səmərəsiz olacağını iddia edənlər də var. Məsələn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri, təhsil eksperti Vurğun Əyyub təhsil sahəsindəki rüşvətin nə vaxtsa bitəcəyinə inanmadığını deyib: "Bu cür cəzalarla orta və ali təhsil ocaqlarındakı rüşvət hallarının qarşısını almaq olmaz. Çünki bəzi qurumlarda korrupsiyadan idarəetmə metodu kimi istifadə olunur. Ona görə də həmin strukturlar rüşvətdən imtina etmirlər. Yerli icra orqanları təhsil şöbəsinin müdirindən rüşvət alır, təhsil şöbəsinin müdiri də məktəb direktorundan tələb edir. Bax beləcə, piramida şəklində bu işi davam etdirirlər. İndiki şəraitdə ayrı-ayrı adamların cəzalandırılması ilə təhsildəki neqativ halların qarşısını almaq mümkün deyil. Çünki köhnə direktorun yerinə gələn şəxs də həmin "işlə” məşğul olmağa məcbur olacaq”.

V.Əyyubun sözlərinə görə, Azərbaycanda həqiqi müəllim adını daşımağa layiq çox az adam var: "Savadına və pedaqoji ustalığına görə demirəm, sadəcə, mənəvi keyfiyyətləri baxımından müəllim adına, məktəb direktoru postuna layiq olan, tələblərə cavab verən kadrların sayı çox azdır. Vur-tut neçə min nəfər olar. Halbuki Azərbaycanda orta məktəb müəllimlərinin ümumi sayı 150 minə yaxındır. İndi vəziyyəti siz özünüz müqayisə edin”.

İsmayıl