Hamı ölüsünü istəyir...

Zəvvarların cəsədləri Minada qalıb, səlahiyyətlilər həddini aşır
Səudiyyə Ərəbistanı hökumətinin qeyri-insani davranışları müsəlmanları hiddətləndirib


Həcc ziyarəti zamanı Mina dağında Şeytanın daşlanması mərasimini yerinə yetirərkən yüzlərlə zəvvarın həyatını itirməsi Səudiyyə Ərəbistanını müsəlman ölkələrinin qınaq obyektinə çevirib. Xüsusən də, zəvvarların hansı səbəbdən, hansı şəkildə tələf olması yayılan videogörüntülər sayəsində aydınlaşdıqdan sonra Səudiyyə Ərəbistanına ittihamlar artmağa başlayıb. SƏ-yə qarşı kəskin ittihamlarla çıxış edən ilk ölkə isə, İran İslam Respublikasıdır. İranın Səudiyyəyə əsəbi davranışlarını iki ölkə arasındakı tarixən mövcud olan məlum məzhəb ayrı-seçkiliyinə bağlayanlar da var. Amma İran tərəfinin iddialarına nəzər saldıqda, ittihamçının heç də əsassız olmadığı görünür. "Təəssüf ki, Səudiyyə Ərəbistanının Minada baş verən hadisə zamanı ölənləri kütləvi şəkildə dəfn etmək istədiyinə dair xəbərlər gəlir. Bu, düzgün hərəkət deyil”.

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin direktoru İbrahim İbrahimi deyib. O bildirib ki, İran öz hacılarının orada dəfn olunmasına icazə verməyəcək: "Biz istəyirik ki, hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilsin, iranlı təhqiqat qruplarına viza verilsin və onlar hadisəni araşdırsınlar”.Mərkəzin direktoru ölənlərin sayı barədə açıqlanan rəqəmlərin doğru olmadığını da söyləyib. Onun sözlərinə görə, hadisə zamanı 4700 nəfər həyatını itirib: "İki-üç min cənazə hələ araşdırılmayıb. Təəssüf ki, İran tərəfdən 228 şəxs dünyasını dəyişib, 247 nəfərdən xəbər yoxdur, 28 nəfər xəstəxanadadır. Faciə qurbanlarının sayı 5 mindən yuxarı ola bilər.

Vətəndaşları ora gedən ölkələrin haqqıdır ki, hadisənin araşdırılmasında iştirak etsinlər. Ölənlərin cənazələri ölkələrinə təhvil verilməli, hadisənin səbəbləri təhlil olunmalı, araşdırılmalıdır. Həcc təşkilatçıları böyük məsuliyyət daşıyırlar. Biz təklif edirik ki, vətəndaşları Həcc ziyarətində iştirak edən ölkələr bu ziyarətin təşkilində iştirak etsinlər. Birgə Şura təşkil edilsin ki, heç bir ziyarətçinin burnu qanamasın. İlboyu Mina boş olur. O bir həftəlik ziyarət üçün tədbirlər görülməlidir. Gələn il də belə davam etsə, hər kəs narahat olacaq. Tarixdə ilk dəfədir ki, 5 minə yaxın hacı səhlənkarlıq səbəbindən dünyasını dəyişir. Bu, tək İran üçün deyil, bütün islam aləmi üçün böyük faciədir”.

İbrahim İbrahimi qeyd edib ki, ölkəsinin əsas tələbləri yaralılarına kömək göstərilməsinə icazə verilməsi, bu günə kimi tanınmayan meyitlərin araşdırılması, ilk fürsətdə cənazələrin İrana və digər 14 ölkəyə təhvil verilməsidir. O bildirib ki, İranın Azərbaycandakı səfirliyində sabah səhər xatirə dəftəri açılacaq.

"Ölmüş zəvvarlarla qeyri-insani davranırlar”

Həccdə baş vermiş faciə və ondan sonra yaşananlara İran tərəfinin reaksiyasını şərh edən ilahiyyatçı Hacı Atif İsmayılov ittihamların əsaslı olduğu qənaətindədir. "Şərq”ə açıqlamasında A.İsmayılov qeyd etdi ki, vəfat etmiş şəxslərə Səudiyyə Ərəbistanında laqeyd münasibət bəsləndiyi məlum həqiqətdir:

- Söhbət təkcə Həcc mövsümündə vəfat edən zəvvarlardan getmir. Ümumiyyətlə, ölmüş şəxslərə laqeyd münasibət, Səudiyyə Ərəbistanı hökumətinin yürütdüyü xətdir. Amma məsələnin ciddiliyi bundadır ki, Həccdə vəfat etmiş müsəlmanlar fərqli adət-ənənəyə malik ölkələrdən gələn insanlardır. Səudiyyə Ərəbistanı hökuməti hər bir dövlətin adət-ənənəsinə hörmətlə yanaşmalıdır. Necə ki, bu ölkəyə gedən istənilən şəxs oranın qanun-qaydalarına tabe olur, eləcə də, SƏ də ölkələrin tarixi adət-ənənələrinə hörmətlə yanaşmalıdır. Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, SƏ hökuməti Minada vəfat etmiş zəvvarların nəinki təhvil verilməsi barədə düşünmür, ölənlərin dəfnini də gərəkən normal şəkildə həyata keçirmirlər. Minada şəhid olmuş zəvvarların cəsədlərinə hörmətsizlik edilir. Şəxsən özüm izləmişəm həmin videogörüntüləri. Çox səhlənkarcasına, hətta vəhşicəsinə hərəkət edirlər. İnsanın damarında qanı donur. Cəsədləri kütləvi şəkildə, üst-üstə xərəklərə toplayıb maşınlara yığır, sonra da harasa aparır və hamısını bir dəfəyə torpağa gömürlər. Təsəvvür etmək belə insanı heyrətə salır ki, zəvvarların cəsədlərini qaldırıcı kranlarla toplayırlar. Sanki bunlar insan cəsədi deyil. Zəvvarların cəsədi ilə insanlığa sığmayan tərzdə, lazımsız bir əşya kimi davranırlar. Səudiyyə üçün hansısa bir zəvvarın ölməsinin heç bir önəmi yoxdur. Onların çalışdığı budur ki, tez-tələsik ortalığı yığışdırsınlar, cəsədlər ortadan qaldırılsın ki, işlərini davam etdirsinlər. Təbii ki, belə vəziyyət digər müsəlman ölkələrini narazı sala bilməz. İran da tam haqlı olaraq vəfat etmiş zəvvarlarına qarşı hörmət, sayğı tələb edir və cəsədlərin öz ölkəsinə təhvil verilməsini istəyir. Mən bu məsələdə İranı haqlı sayıram. Hesab edirəm ki, zəvvarları Minada vəfat etmiş digər müsəlman ölkələri də bu tələblərlə çıxış etməlidir və Səudiyyə Ərəbistanından həmin hadisələrlə bağlı izahat istənilməlidir.

"Təşkilatçılıq çox zəifdir”

A.İsmayılov bildirdi ki, builki Həcc mövsümündə Səudiyyə Ərəbistanı hökumətinin ziyarət təşkilatçılığının çox zəif olması üzə çıxıb:

- Bu il Həcc təşkilatçılığının çox zəif olduğu bilindi. Bu mənada İranın digər müsəlman ölkələrinin də Həcc təşkilatçılığında iştirakının təmin edilməsi təklifi bəyənilməlidir. Türkiyə də bu təkliflə çıxış edib və təşkilati işlərdə SƏ-yə kömək etməyə hazır olduğunu bildirib. Təşkilatçılığın zəifliyi nədə özünü göstərdi? Kəbə evi ətrafında hamımız görürük ki, nə qədər tikinti işləri gedir. Orada xeyli sayda qaldırıcı kranlar quraşdırılıb. Hökumət bilir ki, ölkəyə 2 milyona yaxın zəvvar gələcək. Əvvəlcədən təhlükəsizlik tədbirləri həyata keçirməlidir, çünki zəvvarların həyat sığortasını bu ölkə öz üzərinə götürür. Və buna görə də pul alır. Videolardan görünür ki, Minada sıxlıq zəvvarlar üçün yalnız bir yol açıq saxlandığından yaranır. Minlərlə insanı, nəhəng bir kütləni yalnız bir yola yönləndirirsənsə, orada sıxlıq yaranacağını təxmin etməlisən. Bütün yollar bağlanıb, insan selinin hərəkəti üçün ancaq bir yol açıqdır. Təbii ki, burada sıxlıq olacaq. Əgər həmin vaxt Minaya hansısa "ali şəxsin” gəlişi gözlənilirdisə və bu gəliş zamanı da zəvvarlar arasında hədsiz sıxlıq yarandığı məlum oldusa, dərhal digər yollar hərəkət üçün açılmalı idi. Videogörüntüləri izlədikdə görürük ki, həqiqətən də, orada kimin üçünsə yol açılır, zəvvarlar sıxışdırılır, amma belə bir vəziyyətdə oradakı mühafizəçilər, nəzarətçilər yardımçı çıxış yollarını açmırlar. İnsanlar yalnız bir çıxışa yönləndirilir və basabas yaranır, sıxlıqda zəvvarlar biri-birinin üzərindən atlayıb keçir. Çünki orada kiminsə dayanıb durması artıq mümkün deyil, insan seli hər kəsi qarşısına alıb aparır. Bunlar hamısı təşkilatçılığın düzgün qurulmaması ilə bağlıdır. Hətta baş vermiş faciələrin düşünülmüş addım olduğu şübhələri də yaranır. Onsuz da hazırda əksər müsəlman dövlətlərinə qarşı planlı terror həyata keçirilir. Səudiyyə Ərəbistanında məhz Həcc mövsümündə minlərlə insan itkisi ilə nəticələnmiş bu hadisələrin planlaşdırılmış terror aktı olmadığına dair dəlillər ortaya qoyulmalıdır. Bunun üçün də, bəli, cəsədlərin ekspertizadan keçirilməsi, olay yerinin incələnməsi, müşahidə kameralarının çəkilişlərinin diqqətlə izlənməsi prosesi aparılmalıdır. Gərək SƏ hökuməti zəvvarlarını itirmiş hər bir ölkənin təmsilçiliyinə müraciət edib birgə iş aparılmasını istəsin. Bəlkə hansısa ölkə yaralı zəvvarlarına kömək edəcək, mənəvi dəstək olacaq. Vəfat etmiş zəvvarların cəsədlərinin ölkələrinə aparılması məsələsində də heç bir ölkəyə məhdudiyyət qoyulmamalıdır. Hər bir müsəlman ölkəsi zəvvarının həyatına görə Səudiyyə Ərəbistanından izahat da tələb edə bilər, ittiham da qaldıra bilər. Bu, hər bir dövlətin hüququdur.

A.İsmayılov baş vermiş hadisələrlə bağlı beynəlxalq məhkəməyə müraciət edilməsini məqbul saydığını bildirdi.

Səudiyyə "gəlin, aparın”, deyir, QMİ isə...

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi Məkkədə dünyasını dəyişən azərbaycanlı zəvvarların meyitlərinin öz vətənlərinə gətirilməsinə qadağa qoyulması barədə xəbərlərə münasibət bildirib.

Krallığın Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym APA-ya istənilən ölkədən, o cümlədən də Azərbaycandan olan və ziyarət zamanı Məkkədə dünyasını dəyişən azərbaycanlı zəvvarların nəşinin vətənlərinə gətirilməsi üçün ölkəsi tərəfindən heç bir məhdudiyyət qoyulmadığını bildirib.

"Hazırkı ziyarət zamanı vəfat edən azərbaycanlı zəvvarların da Səudiyyə Ərəbistanından çıxarılmasına heç bir qadağa qoyulmayıb. Dünyasını dəyişən zəvvar onun səfərini təşkil edən aidiyyəti qurum tərəfindən Vətəninə aparılıb dəfn edilə bilər. Bizim qanunlar buna heç vaxt mane olmayıb və olmur. İstədikləri vaxt müraciət edib həmin zəvvarların meyitlərini Səudiyyə Ərəbistanından çıxara bilərlər”, - deyə səfir qeyd edib.

Məsələyə münasibət bildirən, Azərbaycandan Həcc ziyarətinin təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov isə bildirib ki, səfirin açıqlaması həqiqətəuyğun deyil: "Həcc ziyarəti zamanı orada dünyasını dəyişən əcnəbi zəvvarların meyitlərinin Səduiyyə Ərəbistanından çıxarılması əvvəldən qadağandır, həmin şəxslər Məkkədə dəfn olunmalıdırlar”.

Zəvvarların sığortasına toxunan M.Payızov onu da qeyd edib ki, bu sığortanın onların dünyasını dəyişməsi ilə əlaqəsi yoxdur.

QMİ-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, Həccdə dünyasını dəyişən azərbaycanlı zəvvarlar Məkkədə əcnəbi zəvvarlar üçün ayrılmış xüsusi qəbiristanlıqda dəfn olunurlar: "Onların dəfni ziyarəti həyata keçirən QMİ-nin hesabına aparılır, mərhumların ruhuna ehsan da verilir”.

QMİ-dən onu da deyiblər ki, dünyasını dəyişən zəvvarlar başdaşı qoyulmadan, Səudiyyə Ərəbistanındakı dini qaydalara uyğun dəfn edilirlər: "Sadəcə, dəfn olunan zəvvarların qəbirlərinin üzərində nömrələr həkk olunub, o nömrələr Azərbaycanda onların ailələrinə verilir”.

QMİ-dən onu da əlavə ediblər ki, ziyarətdə olan zəvvarların Məkkədə dəfn olunması daha çox mənəvi məsələdir: "Adətən zəvvarlar yola çıxanda vəsiyyət edirlər ki, ziyarət zamanı dünyalarını dəyişsələr, orada dəfn olunsunlar, bununla cənnətin qapılarına daha yaxın olarlar. Ona görə də bu, dövlət qərarından çox, dini-mənəvi məsələ sayılır”.
APA-nın məlumatına görə, ziyarət zamanı dünyasını dəyişən zəvvarların Məkkədə dəfn olunması artıq ənənə halını alıb.

Məlahət Rzayeva