Səssizliyə doğru...

Xeyir-dua verən çox, amma maliyyə lazımdır
Universitetlərin paytaxtdan kənara köçürülməsi çox mürəkkəb prosesdir




Uzun zamandır gündəmdə olan və həllini gözləyən məsələlərdən biri də ali məktəblərin paytaxtdan kənara köçürülməsidir. Neçə illərdir müzakirə olunmasına rəğmən, bu istiqamətdə ciddi addımlar atılmırdı. İndi isə Bakının mərkəzində yerləşən ali təhsil müəssisələrinin şəhər kənarında salınacaq tələbə şəhərciklərinə - kampuslara köçürülməsi ideyası reallaşmaq üzrədir.

Bununla bağlı təklif təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunan Böyük Bakının Regional İnkişaf Planında öz əksini tapıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov hazırda bununla bağlı müzakirələrin aparıldığını vurğulayıb. Planın Nazirlər Kabineti tərəfindən təsdiq olunmasını gözləyirik. Qərar verildikdən sonra müvafiq işlərə başlanılacaq. Şöbə müdirinin sözlərinə görə, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi, avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır.

Burada həm beynəlxalq təhsil təcrübəsinin əsas götürüldüyü, həm də paytaxtdakı məlum sıxlığı aradan qaldırmaq məqsədi daşıdığı bildirilib.

Məlumata görə, Bakının mərkəzində yerləşən İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitet şəhərdən kənara köçürüləcək. Həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərinə yerləşdiriləcəyi qeyd edilib.

Bəs universitetlərin şəhərdən kənara köçürülərək bir istiqamətdə yerləşdirilməsi tıxac problemini həll edəcəkmi? Ümumiyyətlə, bu proses təhsilin keyfiyyətinə necə təsir göstərəcək?

Düşünürəm ki, yeni sistem deyilən problemlərin hamısının qarşısını alacaq

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlünün dediyinə görə, yeni inşa ediləcək universitetlər maddi-texniki təchizat baxımından müasir tələblərə cavab verəcəksə kifayət qədər müsbət addım olacaq. Universitet düşərgələrinin yaradılması ilə bağlı Avropa və Türkiyə təcrübəsinin olduğunu bildirən ekspert deyib ki, kitabxana və yataqxananın universitetlə bir çatı altında olması kifayət qədər müsbət bir haldır. Sözsüz ki, bu cür şərait tələbələrin təhsil keyfiyyətinin artırılmasına da ciddi şəkildə təsir göstərəcək:

"Belə ki, deyilən şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Çünki kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər. Lakin mövcud şərait maddi durumu aşağı olan tələbələr üçün ciddi problemlər yaradır. Çünki universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyir verəcək. Digər tərəfdən isə universitetlərin şəhər mərkəzində olması paytaxtın yükünü ciddi şəkildə artırıb. Nəticədə şəhər əhalisinin gediş-gəlişi, istirahəti və nəqliyyatın gediş-gəlişi ilə problemlər var. Ona görə də düşünürəm ki, yeni sistem deyilən problemlərin hamısının qarşısını alacaq”.

Heç kim şəhər kənarına getmək istəmir

İqtisadçı-ekspert, professor Zahid Məmmədov da universitetlərin şəhər kənarına köçürülməsi ideyasını dəstəkləyir. İqtisadçı şəhərdəki sıxlığı azaltmaq, həmçinin təhsil sahəsində Avropa standartlarına uyğunlaşmaq üçün vacib şərt sayıb: "Biz bunu əvvəllər də deyirdik ki, şəhəri sıxlıqdan qurtarmaq lazımdır. Nəinki universitetlər, bəzi nazirliklər, dövlət müəssisələri də şəhərdən kənara, hətta regionlara köçürülməlidir. Bakıda hərəkət etmək qeyri-mümkündür. Deyə bilərsiniz ki, tıxaclar bütün böyük şəhərlərin problemidir. Razıyam. Amma hər ölkə, hər bir şəhər bələdiyyəsi tıxacları minimuma endirməyin yollarını axtarıb-tapır. Təəssüf ki, bizim paytaxtımızda belə deyil. Yaşayış binaları, idarə və müəssisələr, məktəblər, universitet binaları azalmaq əvəzinə artır. Heç kim də şəhər kənarına getmək istəmir. Bunun üçün, əlbəttə, ilk növbədə infrastruktur formalaşmalıdır. İctimai nəqliyyat elə bir hala gətirilməlidir ki, şəhər kənarına gediş-gəliş çətin olmasın, əksinə, insanlar könüllü surətdə şəhərdən kənara çıxmağa meyl etsinlər, həvəs göstərsinlər. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Amma həmin ölkələrdə tələbə və müəllimləri o kampuslara xüsusi avtobuslar daşıyır. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Buna ehtiyac görmür. Yeməyi də oradadır, yatağı da. Kitabları, dəftərləri də. Dərslərini də orada çalışır, elmi kitabxanalardan, təcrübə otaqlarından istifadə edir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Yoxsa, tələbə çörək almaq üçün kampus ərazisindən çıxıb marketə getməli olacaq. Bizdə nəqliyyat problemi hələ həll olunmayıb. Xırdalandan, Sumqayıtdan Bakıya gəlmək insanlar üçün işgəncədir. Xırdalana, Ceyranbatana köçürülən tələbələr, müəllimlər evlərinə necə gəlib gedəcək? Ona görə də ali məktəbləri şəhər kənarına köçürməzdən öncə, nəqliyyat problemini həll etmək lazımdır”.

Ekspert qeyd edib ki, ümumiyyətlə, Bakıda idarə və müəssisələrin yerləşməsi düzgün aparılmayıb: "Metronun "Elmlər Akademiyası” stansiyasının ətrafında nə qədər təhsil müəssisəsi var; BDU, Texniki Universitet, İnşaat və Memarlıq Universiteti, nə qədər orta məktəb, nəhəng Elmlər Akademiyası və onun institutları, hələ Milli Ensiklopediya Kitabxanası da yenicə inşa edildi. Bu ərazini bu qədər yükləməyin anlamı nədir? Təbii ki, iş və dərs saatları başlayanda və bitəndə burada böyük sıxlıq, tıxac olacaq. Eyni vaxtda minlərlə tələbə metroya, avtobuslara axın edir. Böyük şəhərlərdə universitetlər şəhərdən kənarda yerləşir. Amma bizdə əksinədir. Universitetlər də, institutlar da, nə qədər nazirlik, dövlət əhəmiyyətli obyektlər var, hamısı şəhərin mərkəzinə toplaşıb. Bunlar növbə-növbə şəhər kənarına çıxarılmalıdır ki, şəhər bir az nəfəs alsın, insanlar bir qədər sərbəst hərəkət edə bilsin”.

İnşallah, gələcəkdə həyata keçirilsə, təhsil üçün müsbət töhfələr verə bilər

Digər təhsil eksperti Məhərrəm Zülfüqarlı da ali məktəblərin şəhər kənarına köçürülməsini təhsil sahəsi üçün məqsədəuyğun addım sayır: "Bu, Şəhərsalma və Arxitektura İdarəsinin layihəsidir ki, gələcək üçün nəzərdə tutulub. Dünya təcrübəsində də var ki, universitetlər şəhərin kənarında

yerləşir. Həm dərs keçilir, təcrübələr reallaşdırılır, həm də tələbələr orada məskunlaşırlar. Yəni, təhsilə aid bütün proseslər orada baş tutur. Amma bu, hələ layihə şəklindədir. İnşallah, gələcəkdə həyata keçirilsə, təhsil üçün müsbət töhfələr verə bilər”.

M.Zülfüqarlı da hesab edir ki, təhsil sistemindən əlavə universitetlərin şəhər kənarına köçürülməsi paytaxtda yaranan sıxlığı, tıxacları da qismən aradan qaldıra bilər: "Tıxac probleminin həllinə də müəyyən qədər təsiri olacaq. Sovet dövründən bəri Bakıda olan ali məktəblərin böyük əksəriyyəti şəhər mərkəzində yerləşir. Əgər şəhərdən kənara köçürülərsə, hər gün şəhərə gedib-gələn kütlə azalar. Nəticədə tıxac problemi müəyyən qədər ortadan qalxar. Fikrimcə, köçürmə yalnız ali məktəblərə tətbiq olunmamalıdır. Nazirliklərin də bir qismi Bakıdan başqa şəhərlərə köçürülə bilər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi Gəncədə yerləşə bilər. Energetika Nazirliyinin Mingəçevirdə olması münasib olardı. Eyni zamanda nazirliklər Sumqayıta və digər şəhərlərə köçürülə bilər. Şərt deyil ki, ali məktəblərin, rəsmi qurumların hamısı paytaxtda yerləşsin. Bunları kənara köçürməklə Bakı şəhərini yükdən xilas etmək olar”.

Tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək təhsil ala biləcəklər

"Azərbaycan Memarlar Assosiasiyası”nın prezidenti, memar Zemfira Budaqova da hesab edir ki, universitetlərin Bakının nisbətən ətraf ərazilərinə köçürülməsi müsbət ideyadır: "Dünyanın inkişaf etmiş ölkələrinin hamısında ali təhsil müəssisələri şəhərin kənarında yerləşir. Ali təhsil məktəblərinin şəhərin mərkəzində yerləşdirilməsi şəhərsalmanın qaydalarına da ziddir. Universitetlərlə orta məktəblərin həcmi bir deyil. Ali məktəblərdə nə qədər tələbə oxuyur. Bir ərazidə 2-3 ali təhsil müəssisəsi yerləşir və hamısı da dərsə eyni vaxtda gedib-gəlir. Bu isə şəhərdə sıxlıq yaradır və hərəkəti tamamilə məhdudlaşdırır”.

Xanım memarın sözlərinə görə, bu layihəni gerçəkləşdirmək üçün ali məktəblərə maliyyə lazımdır, onlara uzunmüddətli kreditlər vermək lazımdır ki, tədris-təlim korpuslarını inşa etsinlər, eləcə də tələbə şəhərcikləri üçün dövlət özü vəsait ayırmalıdır.

Z.Budaqova onu da qeyd edib ki, ali məktəblərin şəhərdən kənara köçürülməsi, tıxacların aradan qaldırılmasından əlavə təhsilin keyfiyyətinə də müsbət təsir göstərə bilər: "Dünya üzrə təhsil səviyyəsinin yüksək olduğu Harvard, Oksford, Stenford, Massaçusets universitetlərinin ərazisində "kampus” sistemi var. Çünki universitetlərin təhsil səviyyəsini artıran, məhz elə bu tələbə şəhərcikləridir. Ölkəmizdə bu layihənin gerçəkləşməsinin ən böyük xeyri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək əlavə xərc kimi evpulu verməyəcəklər. Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itkisi olmayacaq. Yəni tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək təhsil ala biləcəklər. Universitetdə yalnız şəhər uşaqları oxumur ki? Həm də ki, universitetlərin əksəriyyəti şəhərin mərkəzi, ən görməli yerlərindədir. Hamısının da ətrafı kafelər, parklar, gecə klubları, internet klublarla doludur. Dərs adından evdən çıxan uşaqlar bütün günlərini bulvarda, "diskoteka”larda keçirirlər. Gecə saat 1-də yadlarına düşür ki, sabah qiymət almalıdırlar. Ancaq universitetlər şəhər kənarında olsa, hər ali məktəbin özünün yataqxanası olar və tələbələrin günü universitetlə yataqxana arasında keçər. Bütün günü tələbələrin ətrafında olanda oxumayan uşaq da məcbur olub oxuyacaq. Bunlarla yanaşı, əlavə məsləhətçilərdən lazımi qayğını görərək, kitabxanada, dərnəklərdə, idman zallarında öz fəaliyyətlərini genişləndirmək imkanları olacaq. Yüksək səviyyədə təhsil almaq üçün təhsil mühiti yaradılmalıdır. Güman edirəm ki, universitetlər şəhərdən kənara köçürülsə və kampus sistemi qurulsa, təhsilimizdə irəliləyişlər olacaq”.

Şəymən