Orxan Zeynalov cəzasını Azərbaycanda çəkəcək

Gələcəkdə onun Amnistiya və Əfv fərmanına düşmə şansı olacaq



2013-cü ildə Moskva ətrafında yerləşən Biryulyovo rayonunda Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində onu qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alan Orxan Zeynalov Azərbaycana qaytarılır. Orxan Zeynalovun atası Zahid Zeynalovun sözlərinə görə, hazırda oğlunun Azərbaycana təhvil verilməsi üçün sənədlər hazırlanır. Həbsdə olan oğluna baş çəkdiyini deyən Zahid Zeynalov Orxanın səhhəti və saxlanma şəraitinin normal olduğunu vurğulayıb.

"İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, vəkil İradə Cavadova da hesab edir ki, Azərbaycan qanunvericiliyinə görə, ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların hüquq və azadlıqlarının təmini üçün tədbirlər görülməlidir: Ancaq burada bir əsas şərt var ki, həmin şəxs Azərbaycan vətəndaşı olmalıdır. Rusiyada həbs olunan azərbaycanlı Rusiya vətəndaşı olduğu halda onun Azərbaycana verilməsi mümkün olmur. Ancaq Rusiyada cinayət törədən şəxs Azərbaycan vətəndaşıdırsa və artıq onun məhkəməsi bitibsə, Ədliyyə Nazirliyi onu Azərbaycana gətirə bilir. Bunun üçün nazirlik vəsatətlə Rusiyaya müraciət etməlidir: "Bəzən bu hadisəni Orxan Zeynalovun Azərbaycana ekstradisiyası kimi qələmə verirlər. Bu, yanlış yanaşmadır. Orxan Zeynalov faktiki məhkum olduğu üçün onun Azərbaycana gətirilməsi ekstradisiya sayılmır. Burada söhbət onun cəzasının qalan hissəsini burada çəkməsi üçün Azərbaycana təhvil verilməsindən gedir. Bu proses də məhkum şəxslərin öz ölkələrinə verilməsi haqqında konvensiyanın şərtlərinə uyğun həyata keçirilməlidir. Azərbaycan da həmin konvensiyaya qoşulub. Orxan Zeynalovun Azərbaycana verilməsi baş tutduğu halda cəzasını hansı formada çəkəcəyinə gəldikdə isə vəkil deyib ki, Azərbaycanda fəaliyyət göstərən cəzaçəkmə müəssisələri müxtəlif rejimlidir. Orxan Zeynalov da Rusiyada aldığı cəza rejiminə uyğun şəkildə ölkəmizdəki cəzaçəkmə müəssisələrinin birində yerləşdiriləcək: "Artıq o, ağır cinayət törətmə maddəsi ilə həbs olunduğu üçün bəraətindən söhbət gedə bilməz. Orxan Zeynalovun Rusiyada aldığı maddə Azərbaycanın Cinayət Məcəlləsi ilə tutuşdurulacaq və uyğun cəza müəyyən ediləcək. Yəni hökm uyğunlaşdırıla bilər. Həmin cəzanın yüngülləşdirilməsi, Orxanın ölkəmizə gələr-gəlməz azadlığa buraxılması mümkün deyil. Hər nə qədər o, Rusiyada qanunsuzluqlara məruz qalsa və məhkəmə prosesi ədalətsiz aparılsa da, artıq iş kəsilib və biz bunu müzakirə edə bilmirik. Sadəcə olaraq Orxan Zeynalov Azərbaycan vətəndaşı olduğu üçün cəzasının qalan hissəsini öz vətənində çəkməsi üçün Azərbaycana təhvil veriləcək. Əgər orada törətdiyi cinayətə görə ən yuxarı hədd verilibsə, Azərbaycanda da eyni hökm veriləcək”. Vəkilin sözlərinə görə, Orxan Zeynalov cəzasının qalan hissəsini çəkməsi üçün Azərbaycana təhvil verilərsə, gələcəkdə onun Amnistiya və Əfv fərmanına düşmə şansı olacaq: "Bilirsiniz ki, əfv və amnistiya ölkə başçısının şəxsi iradəsindən asılı olan bir şeydir. Bu mənada müraciət olunacağı təqdirdə onun əfvə düşməsi artıq sonranın işidir”.

Şəymən