Gözlənilən görüşdə Obama Putinə nə dedi?

“Nə qədər qəribə olsa da, bizdə uyğun gələn nöqtələr və fikirlər var”




"Nə qədər qəribə olsa da, bizdə uyğun gələn nöqtələr və fikirlər var. Amma fikir ayrılıqları da mövcuddur”. Rusiya KİV-nin verdiyi xəbərə görə bunu ABŞ prezidenti Barak Obama ilə Nyu-Yorkda görüşəndən sonra Vladimir Putin deyib.

Vladimir Putin danışıqlar iştirakçılarının diqqət mərkəzində Suriyadakı vəziyyət və Rusiyanın bu münaqişənin tənzimlənməsində iştirakı, eləcə də Ukrayna şərqindəki münaqişə məsələləri olduğunu bildirib.

Danışıqlar nəzərdə planlaşdırılan 55 dəqiqədən az qala iki dəfə uzun davam edib. ABŞ administrasiya başçısının sözlərinə görə, vaxtın yarısı Ukrayna vəziyyətinə, o biri yarısı Suriya münaqişəsinə sərf edilib. Rusiya prezidenti görüşü çox faydalı, konstruktiv və açıq kimi səciyyələndirib.

Rusiya prezidenti bildirib ki, amerikalı həmkarı Barak Obama ilə apardığı danışıqlar səmimi olub.

"Bu isə onu göstərdi ki, tərəflər ümumi problemlərin üzərində birgə işləyə bilərlər. Obama ilə görüş faydalı, xoş, konstruktiv və işgüzar idi”.

Kreml başçısı Ukrayna və Suriya münaqişələri barədə də danışıb: "Amerika tərəfi Ukraynada vəziyyətin nizama salınması, həmçinin Suriya probleminə, Yaxın Şərq üzrə mövqeyini aydın ifadə etdi. Qəribə də olsa bəzi fikirlərimiz üst-üstə düşür”,-deyə o söyləyib.

Vladimir Putin Ağ Ev başçısı ilə görüşün təşəbbüskarının ABŞ olduğunu da qeyd edib: "Amerikalı partnyorlar bu görüşü təklif etdilər”.

Rusiya lideri onun Barak Obama ilə uzun müddət əlaqəsinin olmaması haqqındakı iddialara da münasibətini açıqlayıb: "Bu, belə deyil. Biz onunla telefonla, həmçinin beynəlxalq areanalarda qısa da olsa danışırdıq. Lakin əsas məsələlər, ikitərəfli əlaqələr, beynəlxalq gündəm müzakirə edilirdi”.

Qeyd edək ki, prezidentlər bir-birlərilə təkbətək görüşdən əvvəl BMT Baş Assambleyasının sessiyasında çıxış ediblər.

Barak Obama və Vladimir Putinin BMT Baş Assambleyasındakı çıxışları dünya ictimaiyyəti tərəfindən səbirsizliklə gözlənilirdi. Çünki bu çıxışlar qarşı duran iki dünya baxışının qlobal problemlərə münasibətlərini açıqlamalıydı.

Barak Obama öz çıxışında bir neçə dəfə Rusiyanı Krımın ilhaqına və Ukraynanın suverenliyinə qarşı təcavüzə, habelə Suriyada prezident Bəşər Əsədin müdafiəsinə yönələn siyasətinə görə açıq şəkildə tənqid edib.

Barak Obama öz çıxşında Bəşər Əsədi müdafiə etdiklərinə görə İran və Çini də günahlandırıb.

Bununla yanaşı, Obama vurğulayıb ki, ABŞ Rusiya və İran da daxil bütün ölkələrlə işləməyə hazırdır. Vladimir Putin isə "bir güc mərkəzi deyərkən” Amerikanın adını çəkməyib, lakin Əsəd məsələsində Rusiyanın əsas məqsədinin Suriyadakı rejimi qoruyub saxlamaq olduğunu etiraf edib. O, bunu onunla izah edib ki, guya, Bəşər Əsəd sabitliyi təcəssüm etdirir.

Rusiya prezidenti Bəşər Əsədin müdafiəsində onu dəstəkləməyə çağırıb. Deyib ki, "İslam Dövləti” (İŞİD) adlanan terrorçu təşkilatla həqiqətdə yalnız Bəşər Əsədin qüvvələri döyüşürlər.

Vladimir Putin "İslam Dövləti” qruplaşmasına qarşı mübarizənin BMT Təhlükəsizlik Şurası tərəfindən əlaqələndirilməsini təklif edib.

Putin izah etməyə çalışıb ki, islamçılara qarşı mübarizə Avropanın və Rusiyanın ortaq marağındadır.