Borcun sonu məhkəmədir...

“Vətəndaşlar bir bankdan aldıqları krediti digər bankın krediti ilə ödəyirlər”



Son zamanlar kredit verilərkən bank mütəxəssisləri tərəfindən müştərinin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməməsi kredit təşkilatlarını bir çox problemlərlə üz-üzə qoyub. Belə ki, müştərinin maliyyə resursları dərindən təhlil edilmədən, o cümlədən möhkəm girov təminatı olmadan verilən kreditlər sonradan kredit verən təşkilatların, sözün əsl mənasında, başağrısına çevrilir.

Bu zaman götürülən kredit məbləği borcalanlar tərəfindən geri qaytarılmır, aylıq kredit ödənişləri gecikdirilir, kredit borcları yığılır və son nəticədə ölkədə problemli kreditlərin

həcminin artmasına səbəb olur. Lakin kredit verilməsi üçün vacib şərtlərə əməl edən kredit təşkilatları sözügedən problemlərlə çox nadir hallarda üzləşirlər. Fəaliyyətlərini qanuna müvafiq şəkildə quran belə bəzi banklar kredit verməmişdən öncə, ilk növbədə, borcalanın kredit tarixçəsini, onun intizamlı müştəri olub-olmadığını öyrənmək üçün Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) sorğu göndərirlər. Məlumat üçün deyək ki, 2005-ci ildə Mərkəzi Bankın nəzdində yaradılan MKR-ın məqsədi bank müştəriləri haqqında etibarlı məlumat almaq və tərəflər arasındakı riskləri minimuma endirməkdən ibarətdir. Ancaq problem ondadır ki, ölkədəki bankların 90 faizi MKR-a müraciət etmədən onlara müraciət edən hər kəsə kredit verirlər. Nəticədə isə kredit götürən şəxs müəyyən vaxtdan sonra aldığı pulu geri ödəyə bilmir. Banklardan götürdüyü kreditə görə vaxtında ödəniş etməyənlərin bir qismi bunu onlara qarşı olan münasibətlə əlaqələndirir. Vaxtı keçmiş borcların yığılması ilə məşğul olan "BOA” kollektor agentliyinin direktoru Samir Mustafayev bildirib ki, bəzən bankların problemli kreditlərlə iş üzrə əməkdaşları vətəndaşlarla yüksək tonla danışır, insanları yerli-yersiz narahat edirlər. Acığa düşən adamlar isə borclarını ümumiyyətlə ödəməkdən imtina edirlər: "Biz bacardıqca borclu vətəndaşlar arasında maarifləndirmə işləri aparır və vaxtı keçmiş kreditlərin ödənilməsinə nail ola bilirik”.

Problemli kreditlərlə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, yaxın gələcəkdə kredit borcları ən aktual problemlərdən olacaq: "Xarici ölkələrdə insanların sığorta kartı, şəxsiyyət və ya sürücülük vəsiqəsi kimi ayrıca kredit tarixçəsi də olur. Həmin kredit tarixçələrində ölkə ərazisində fəaliyyət göstərən bütün bankların çıxışları olur. Kredit kartlarında vətəndaşın hansı bankdan nə qədər kredit götürdüyü və ödəmələrini necə həyata keçirdiyi, problem yaradıb-yaratmadığı qeyd olunur. Bu, bir məlumat bazası kimi saxlanılır və bank kiməsə kredit verərkən o şəxsin kredit tarixçəsinə baxır. Əgər vətəndaş əvvəlki kreditlərdə müəyyən problemlər yaradıbsa, kredit verməkdən imtina edir. Azərbaycan banklarında isə təəssüf ki, bu sistemdən istifadə olunmur. Ona görə də bizdə bir şəxs bir neçə bankdan kredit götürə bilir. Təbii ki, bu hal sonralar kreditin ödənilməsində ciddi problemlər yaradır. Bu gün Azərbaycanda problemli kreditlərin həcmi çox ciddi narahatlıq doğura biləcək bir həddədir. İlin əvvəlində, yəni yanvar ayrında 900 milyon manat olan problemli kreditlərin həcmi indi 1.6 milyarda qədər yüksəlib. Bu, çox ciddi rəqəmdir”.

Ekspertin sözlərinə görə, problemli kreditlərin yaranmasında hər iki tərəfin, həm bankın, həm də müştərilərin günahı var: "Bankların səhvi odur ki, onlar risk menecmentini çox zəif qururlar. Yəni kredit verilərkən risklərin hesablanması çox zəif həyata keçirilir. Banklar sadəcə kredit verməkdə maraqlıdırlar. Çünki faizlər həddindən artıq yüksəkdir. Kreditlərin yüksək faizlə verilməsi isə bankların gəlirlərini artırır. Ona görə də əsas hədəfləri ağına-qarasına baxmadan daha çox insana kredit verməkdir. Azərbaycan bankları keyfiyyətli müştəri seçimi ilə maraqlanmırlar. Müştərilərin günahı isə ondan ibarətdir ki, müqavilə bağlayarkən şərtlərini oxumurlar. Həmçinin, aldıqları kreditin rasional istifadə olunmasını düşünmürlər. Vətəndaşlar bir bankdan aldıqları krediti digər bankın krediti ilə ödəyirlər. Bu isə borcların azalmasına yox, əksinə artmasına səbəb olur. Elə insan var ki, eyni vaxtda təxminən 6-7 bankdan kredit götürür. Əlbəttə ki, az gəlirlə bu qədər kredit borcunun altından çıxmaq olmaz”.

N.Cəfərli bildirib ki, əgər kredit götürülərkən vətəndaşın mülkü və yaxud hər hansı daşınan əmlakı girov qoyulursa, təbii ki, bank həmin girov üzərində səalahiyyətə malik olur: "Məhkəmə qərarı ilə həmin girovdan istifadə etmək hüququ banklara keçir. Amma prosedur məsələlərində ciddi zaman itkisi yaşanır. Əgər kredit borcu olan şəxslər aztəminatlı və ya şəhid ailəsidirsə,

qaçqındırsa və yaşamağa başqa yeri yoxdursa, onları öz evlərindən çıxarmaq mümkün olmur. Belə məhkəmə çəkişmələri aylarla, bəzən isə illərlə davam edir. Zaminlə bağlı məsələ isə müqavilə şərtlərindən asılıdır. Əslində Azərbaycan banklarında çox ciddi standart müqavilələr olur. Amma bəzi müqavilə şərtlərində zamin duran şəxsin məsuliyyəti daha aydın yazılır. Zamin duran şəxs öz maaşı, qazancı ilə həmin kreditin qaytarılmasına söz verir. Məhkəmə qərarı zamini məcbur edə bilər ki, borclunun kreditinin bağlanmasında iştirak etsin. Yəni bütün prosedurlar hüquq müstəvisində baş verir və məhkəmə qərarları ilə həyata keçirilir. Son dövrlərdə məhkəmələrə bu tipli müraciətlər həddindən artıq çoxalıb”.

Hüquqşünas Allahverən Oruclu da vurğulayıb ki, problemli kredit məsələsi məhkəmələrin ən çox baxdığı işlərdən biridir. Onun sözlərinə görə, müştəri çox vaxt imzaladığı müqavilənin mahiyyətinə varmır: "Mübahisə yarananda əsas sənəd həmin bankla bağlanmış kredit müqaviləsidir. Burada çıxarılan qərarlar isə əsasən bankların xeyrinə olur. Çünki bank müqaviləni özünə xeyir edən formada bağlayır. Müştəri isə onu oxumur”. A.Oruclu deyib ki, girov varsa, pulun qaytarılması asanlaşır və müştəri ilə bank birtəhər yola gətirilir. Əks halda proses dalana dirənir: "Kredit qaytarıla bilməyəndə girov şəklində qoyulan avtomobil və ya mənzil bank tərəfindən satışa çıxarılır və bununla banka dəyən ziyan ödənilir. Amma indi qiymətlər düşüb. Həm əmlak, həm də avtomobil bazarında müşahidə edilən durğunluq banklara həmin girovu sataraq, dəymiş ziyanı ödəməyə imkan vermir”.

İsmayıl