“Şərq” problemi qaldırdı, bu gün 50 saylı marşrut avtobusu qarajdan buraxılmayacaq
Neçə gündür ki, 50 saylı marşrutla hərəkət edənlər, kəlimeyi-şəhadətlərini bəri başdan deyib avtobusa minir. Buna səbəbsə, 50 saylı marşrut xəttinə buraxılmış köhnə, sınıq-salxaq avtobuslardır. Öncə, bu marşrutda iritutumlu "Daewoo” markalı avtobuslar idi. Və onları yaxşı hesab etmək olardı.
Çünki "ças-pik” saatlarda bu avtobuslar xeyli sərnişin daşıya bilirdi. Lakin bir neçə gündür ki, "Daewoo”ları "İsuzu” markalı və əvvəlki ilə nisbətdə xeyli az sərnişin tutumuna malik avtobuslar xəttə buraxılıb. Məlumdur ki, bu avtobuslar illər öncə paytaxta gətirilmişdi. Avtobusların istismar müddətini çoxdan başa vurduğunu zahiri görkəmlərindən anlamaq mümkündü. 50 saylı marşruta buraxılan "İsuzu”ların hansı vəziyyətdə olduğunu görmək üçün bircə dəfə bu avtobuslara minmək kifayət edir. Srağagün həmin vəziyyətin şəxsən müşahidəçisi oldum. Salonda oturacaqlar qırıq-sökük, üzlükləri çirk içində, cırıq-cırıq idi. Oturacaqlardan birinin əvəzinə isə köhnə kardon qutu qoyulmuşdu. Salonun bərbad halda olması bir yana, avtobus texniki cəhətdən nasaz idi. Ən təhlükəlisi də elə bu idi. Sürücü hərəkət sürətini nizamlaya bilmirdi. Çünki avtobusun "karobkası” işləmirdi. "Xalqlar Dostluğu” metrostansiyasından "Bakı Medical Plaza”ya çatanadək sürücü bir neçə dəfə sürəti nizamlamaq istəsə də, bacarmadı. Yol boyu üzüm yeməkdən qalmayan sürücü üzümün çəyirdəyi kimi söyüşləri də pəncərədən yola "tüpürürdü”. Marşrut sahibindən tutmuş avtobus istehsalçısına qədər hamını söyürdü, özünü də həmçinin. O tərəf, bu tərəfə yırğalanan sərnişinlər isə narazılıq edirdilər. Hiss olunurdu ki, sürücü çox əsəbiləşib:
- Zibil işləmir də, neyniyim?! Dünən axşam "karobka”nı düzəltdirmişəm. Yenə işləmir. Ömrümün 5 ilini aldı, mənim...
Sərnişinlər isə təbii olaraq sürücünü qınamağa başladılar:
- Sənin 5 ilini alıb, istəyirsən, bizim də ömrümüzü alsın. Belə avtobusla xəttə çıxarlar? Bunun heç "tormozu” işləmir... Demirsən, camaatı aparıb bədbəxt eləyərsən? Yazıq deyil bu camaat? Bizə yazığın gəlmir, özünə yazığın gəlsin!.. Niyə demirsən, bu avtobusu sürmək olmaz, xarabdı, xəttə buraxmasınlar?!
Sürücü isə yenə söz altında qalmadı:
- Neyniyim, mən olmasam, başqasına verəcəklər. Deyirlər, olan budu, bəyənmirsən, xoş getdin... Başqası gəlib işləyir.
Bu minvalla sərnişinlər hərəsi bir dayanacaqda düşürdü.
Məsələni araşdırmaq üçün Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı "Şərq”ə açıqlamasında texniki nasazlığı olan avtobusların xəttə buraxılmasına icazə verilmədiyini dedi:
- Avtobusları sahibkarlar alır, amma avtobusun texniki nasazlığı varsa, xəttə buraxılmamalıdır. NN tərəfindən vaxtaşırı yoxlamalar aparılır. Ancaq bu qədər avtobusun hamısını eyni vaxtda yoxlamaq, hamısına nəzarət etmək faktiki qeyri-mümkündür. Amma mərkəzə məlumat daxil olanda, sərnişinlərdən müraciətlər gəldikdə dərhal yoxlamalara başlanılır. İndi siz 50 saylı marşrutla bağlı məlumat verdiniz, əmin olun, sabah o avtobuslar qarajdan buraxılmayacaq. Bu avtobusların texniki vəziyyəti yoxlanacaq.
"İsuzu” markalı köhnə avtobusların hansı səbəbdən marşruta daxil edilməsi barədə isə Ş.Mehmanqızı məlumatsız olduğunu dedi:
- Bu barədə dəqiq məlumatım yoxdur. Ümumiyyətlə isə hazırda paytaxtda sərnişindaşımanın optimallaşdırılması işi aparılır. Doğrudur, çətinliklər var, bəzi xətlərdə 1-2 avtobus eyni məsafədə işləyir, bəzi xətlərdə isə müvəqqəti avtobus qıtlığı yaranıb. Amma yaxın müddətdə hər şey qaydasına düşəcək. Bilirsiniz ki, "BakıBus” MMC-nin avtobusları xəttə buraxılıb. Hələ ki, məhdud marşrut üzrə hərəkət edirlər. Yaxın zamanda "Bakı Bus” MMC 12 marşrut üzrə avtobusları xəttə buraxacaq. Avtobusların yalnız dayanacaqlarda dayanması istiqamətində də iş aparılır. Bununla bağlı xüsusi qrup yaratmışıq. Əməkdaşlarımız yollarda mütəmadi nəzarət təşkil edir və dayanacaqdan kənar saxlayan avtobus sürücülərini təsbit edir. Dayanacaqdan kənar saxlamağa görə sürücülər 50 manat cərimə olunurlar. Bilirik ki, bəzən sərnişinlər sürücüdən dayanacaqdan kənar saxlamasını tələb edir, hətta sürücünü söyürlər də. Buna baxmayaraq NN sürücülərə ciddi xəbərdarlıq edib ki, qaydanı pozanlar cərimələnəcək. Sürücü 50 manat cərimə olunmasını istəməz. Ona görə də, artıq dəyişiklik hiss olunur. Avtobusların dayanacaqdan kənar saxlanması faktları azalmaqdadı. Mən yenə də sərnişinlərə müraciət edirəm ki, neqativ hallarla qarşılaşdıqda, Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili MMC-yə müraciət etsinlər, NİİM-nin "Qaynar xətt”inə - 141 nömrəsinə zəng edib məlumat versinlər. Ölçü götürək.
Məlahət Rzayeva