Son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində intensiv döyüşlərin getdiyinə dair xəbərlər yayılmaqdadır. Cəmiyyətin cəbhədə baş verənlərə marağının böyük olması təbiidir. Medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbulediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir.Ötən ilin iyul-avqust aylarında cəbhədəki son gərginlik zamanı bir sıra media, o cümlədən internet resursları hərbi texnikamızın hərəkət trayektoriyası, tankların sayı, nömrələri, bir sözlə, hərbi sirr sayılan, dövlətin milli maraqlarına uyğun olmayan materialları yayımladılar.
Amma həmin vaxt təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə də internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur
bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirdi. Buna rəğmən aidiyyəti qurum bəzi KİV-lərin yenə də dezinformasiya yaymasından gileylənib.
Qeyd edək ki, Müdafiə Nazirliyi bəzi yerli kütləvi informasiya vasitələrini erməni tərəfinin xüsusi təbliğat fəaliyyətində iştirak etməkdən çəkinməyə çağırıb.
Açıqlamada Azərbaycanda bəzi KİV-lərin erməni mətbuatında dərc edilən və dezinformasiya xarakteri daşıyan məlumatları tirajladığına diqqət çəkilib və bildirilib ki, bundan sonra cəfəng xarakterli bu cür informasiyalarla bağlı Müdafiə Nazirliyi şərh verməyəcək.
Nazirliyin məlumatında deyilib: "Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur.
Bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir.
Rəsmi olaraq bildiririk ki, adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur. Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələr barədə ictimaiyyətə mütəmadi xəbər verir və son günlər qoşunların təmas xəttində gedən döyüşlərdə şəhid olanlar barədə də tərəfimizdən rəsmi məlumatlar verilib.
Bildiririk ki, bu kimi xəbərlər erməni tərəfinin xüsusi təbliğatının bir hissəsidir və bəzi yerli elektron kütləvi informasiya vasitələri də bu fəaliyyətlərdə iştiraka qoşulurlar. Müdafiə Nazirliyi erməni tərəfinin və onların məlumatlarını tirajlayan, sensasiya ardınca qaçan bəzi yerli KİV orqanlarının sayıqlamalarına da şərh verməyəcək.
Bu səbəbdən də bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən düşmən təxribatlarına uymamağı və yalnız dəqiqləşdirilmiş rəsmi məlumatları yaymağı tövsiyə edirik”.
Açıqlamadan da göründüyü kimi, nazirlik tərəfindən Azərbaycanda bəzi KİV-lərin erməni mətbuatında dərc edilən və dezinformasiya xarakteri daşıyan məlumatları tirajladığına diqqət çəkilib və bildirilib ki, bundan sonra cəfəng xarakterli bu cür informasiyalarla bağlı Müdafiə Nazirliyi şərh verməyəcək.
Maraqlıdır, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yerli KİV-də dərc edilən dezinformasiyalarla bağlı açıqlama verməkdən imtina etməsi nə dərəcədə doğru addımdır? Bu, dezinformasiya xarakterli məlumatların daha geniş miqyasda yayılmasına, susqunluğun bu məlumatların təsdiqi kimi qarşılanmasına səbəb olmayacaqmı? Həqiqətənmi dezinformasiyaya qarşı ən effektiv mübarizə üsulu sükutdur?
"Lent.az” saytının baş direktoru Qabil Abbasoğlu informasiya siyasətinin qanunla tənzimlənməsinə tərəfdar olduğunu bildirib. Onun fikrincə, ölkəmizdə hazırda qüvvədə olan "KİV haqqında qanun” medianın fəaliyyətini optimal şəkildə tənzimləyir: "İstənilən nazirlik öz sahəsinə aid xəbərləri yayarkən media qanunvericiliyinə istinad etməlidir. Təəssüf ki, bəzi nazirliklər və dövlət idarələri məlumatları jurnalistlərdən gizlətməyə meyilli olurlar. Hesab edirəm ki, bu, doğru deyil. Onlar informasiyanı mediaya açıqlamağa tərəfdar olmalıdırlar. Təbii ki, "Dövlət sirri haqqında” qanunun yol verdiyi çərçivədə. Orduya aid məsələlərin həssas məqamlar olduğunu qəbul edirik”.
Q.Abbasoğlu bu cür informasiyalara şərhlərdə də ehtiyatla yanaşmağın vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət strukturları informasiyanı gizlətmək üçün mövzunun və sahənin həssas olmasından sui-istifadə etməməlidirlər: "Hesab edirəm ki, müraciət hər iki tərəfə şamil olunmalıdır. Necə ki, dövlət orqanları, xüsusilə Müdafiə Nazirliyi bizə müraciət edir, eyni şəkildə də biz onlara müraciət etməliyik. "Dövlət sirri haqqında” qanun olduğu kimi, "KİV haqqında” qanun da var. Bu qanuna əsasən, yayımlanması mümkün olan xəbərlər mediaya ötürülməlidir. Onları yaymaq medianın vəzifəsidir”.
Millət vəkili Zahid Oruc isə hesab edir ki, cəbhə bölgəsində baş verən hadisələrin geniş ictimai kütləyə çatdırılması məqsədilə "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda dəyişiklik edilməlidir. Onun sözlərinə görə, belə bir qanun olmadığından cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar ziddimizə informasiyalar yayılır: "Hesab edirəm ki, Kütləvi İnformasiya Vasitələrinin hərbi sahəyə qeyri-məhdud çıxışı olmalıdır. Qanunda dəyişiklik edilməlidir ki, Müdafiə Nazirliyinin məlumatı mediada birinci dərəcəli informasiya olsun. Bu, dövlət qurumları üçün də vahid məsələ olmalıdır. Düşmənlə təkcə səngərdə deyil, həm də informasiya müharibəsindəyik. Qanunda dəyişiklik etməklə bu məsələlərə nəzarət etmək mümkündür”.
"Azeri Defence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov isə deyib ki, Müdafiə Nazirliyi indiyədək dəfələrlə yerli elektron medianı Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarının tərkib hissəsi olan informasiya əməliyyatlarında iştirak etməməyə çağırıb:
"Təəssüflər olsun ki, hələ də bir çox elektron informasiya resurslarımız ermənilərin Azərbaycana, Ordumuza və ictimaiyyətimizə yönəlmiş informasiya əməliyyatlarında bilməyərəkdən iştirak edirlər. Bizdən fərqli olaraq, Ermənistanda informasiya hücum və müdafiə əməliyyatları planlı şəkildə həyata keçirilir. Məsələn, onlar cəbhədəki itkilərini maksimum şəkildə gizlətməyi bacarırlar. Cəbhədə yaşanan uğursuzluqlar zamanı əhalidə yaranan ajiotajı aradan qaldırmaq üçün planlı şəkildə dezinformasiyalar yayaraq əhalini sakitləşdirirlər. Hətta Azərbaycana qarşı informasiya vasitələrindən istifadə etməklə, psixoloji hücumlar həyata keçirirlər. Dəfələrlə olub ki, cəbhədəki uğursuzluqlarından sonra Ermənistan Müdafiə Nazirliyi yerli KİV-lərdə Azərbaycan Ordusunun filan ərazidə postunun "məhv edilməsi” və özlərindən ad və soyadlar düzəldərək, guya, həmin "Azərbaycan əsgərlərinin məhv edilməsi” xəbərini yayıblar. Amma rəsmən Müdafiə Nazirliyimiz bu adamların orduda xidmət etmədiyini açıqlayıb. Hətta sentyabrın əvvəlində erməni saytları Dövlət Sərhəd Xidmətinin bir əsgərinin Horadizdə öldürüldüyünü yazıb, onun fotosunu yaymışdılar. Hadisədən iki gün sonra həmin əsgər özünün "facebook” səhifəsində ən yeni fotosunu yayımladı və ölmədiyini yazdı. Məlum oldu ki, erməni saytları onun adını, soyadını və fotosunu sosial şəbəkələrdən götürüb belə bir xəbər quraşdırıblar. Həmin şəxs isə hərbi xidməti bu xəbərdən 3-4 ay əvvəl başa vurubmuş. Təəssüf olsun ki, bizim də bəzi saytlar ermənilərin Azərbaycan ictimaiyyətinə yönəlmiş, məqsədi qorxu, həyəcan, stress yaratmaq olan bu dezinformasiyalarının yayımında düşmənə dəstək olurlar. Düşmən mediasını izləmək, baş verənləri təqib etmək lazımdır. Amma hesab edirəm ki, cəbhə xəbərlərini düşmən mediasından aldıqda belə, Müdafiə Nazirliyi ilə dəqiqləşdirmədən yaymaq doğru deyil. Ötən həftə ermənilərə məxsus sosial şəbəkələrdə bu ölkənin ərazisində hərbi texnikanın dislokasiyasını əks etdirən video yayıldı. Biz dəqiqləşmə apardıq ki, bu dislokasiya Ermənistanın Azərbaycanla sərhədində deyil, Lori rayonu istiqamətindədir. Lakin iki gün əvvəl ermənilər həmin videonu "Qarabağda özüyeriyən haubitsalar cəbhə xəttinə daşınır” adıyla təqdim etdilər. Bizim də bəzi "ağıllı”lar onu eləcə haray-həşirlə yayımladılar.
Sualınıza gəlincə, düşünürəm ki, bu tip yanaşma doğru deyil. Müdafiə Nazirliyi cavab verməkdən yorulmamalı və bütün baş verənlərə izahını verməlidir. Amma yenə deyirəm, bu xəbərin nə dərəcədə doğru olmasını yaymazdan əvvəl Müdafiə Nazirliyi ilə danışıb dəqiqləşdirmək lazımdır. Xəbər yayılandan sonra ona verilən reaksiyanın və ya dəqiqləşdirmənin heç bir əhəmiyyəti olmayacaq.
- Jurnalistlər Müdafiə Nazirliyinin ləngliyindən gileylənir ki, "bizə birbaşa cavab verilmir, nazirliyin elektron ünvanına göndərilən sorğuya da çox gec cavab verirlər. Biz də məcburuq xəbəri təsdiqsiz yazaq”. Belə vəziyyətdə informasiya əldə edən jurnalist necə davranmalıdır?
- Bu məsələdə mən özüm də əziyyət çəkirəm. Amma mövzu dövlətin hərbi təhlükəsizliyi olduğundan gözləmək lazımdır. Nəzərə almaq lazımdır ki, bizim MN-ə gedən sorğularımıza cavabı da MN mətbuat xidməti yuxarı rəhbərliklə razılaşdırır. Düşünürəm ki, MN mətbuat xidməti də bu məsələdə aktivliyi bir qədər artırsa, gözəl olar. Bu, bizdən əvvəl onların özü üçün lazımdır.
Şəymən