Elşad Miri: "Əgər İslam Universitetinin rektoru media müstəvisində universiteti bitirən tələbə xanımların imam və axundluq etmək statusundan məhrum olmasını qabardırsa, bu, bir reallığı ortaya qoyur ki, İslam Universiteti ancaq axund yetişdirir. Axundların isə molla ilə yalnız qiymət fərqi var”
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin rektoru, "Heydər” Məscid Kompleksi İdarəsinin rəhbəri Hacı Sabir Həsənli Azərbaycanda qadın axund və ya imamların olmadığına diqqət çəkib və bu məsələdə Tələbə Qəbulu üzrə Dövlət Komitəsini günahlandırıb.
Onun sözlərinə görə, Azərbaycanda 1600 məscid var ki, onların heç birində xanım imam və axund yoxdur. Buna da səbəb Azərbaycan İslam Universitetini bitirən tələbə xanımların imam və axundluq etmək statusundan məhrum olmasıdır.
Hər il universitetə müraciət edən xanım abituriyentlərin sayının kişilərdən çox olduğunu vurğulayan rektor deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaratdığı əngəllər səbəbindən bu gün məscidlərdə qadın imam və axundlara rast gəlmək mümkün deyil: "Tarixən imamlar və axundlar kişilərdən olub. Azan vermək üçün minbərə də kişilər çıxıb. Ancaq indi məscidlərdə qadınların namaz qıldığı zallarda qadın imam yoxdur. Onlar kişi imamların və ya axundların azanı ilə namaza gəlir, özləri qılıb çıxıb gedir. Məsələn, mənim rəhbərlik etdiyim Heydər Məscidində 3-cü mərtəbədə xanımların namaz qılması üçün gözəl şərait yaradılıb, xalça döşənmiş böyük salon var. Ancaq onlar imamsız namaz qılırlar. Yəni, kişilərin namaz qıldığı salondan fərqli olaraq, qadın salonunda namazı fakitiki olaraq idarə edən olmur. Biz bu problemi həll etmək üçün neçə illərdir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə razılığa gələ bilmirik. Halbuki, xanımların sayı kişilərdən çoxdur. Xanımlar da bu statusdan məhrum ediləndə yaranmış boşluğu vəhhabilər, terrorçu qruplarla əlaqəsi olan digər qeyri-ənənəvi məzhəblərin nümayəndələri tutur”.
İlahiyyatçı-alim Elşad Miri isə deyib ki, dinimizdə ümumiyyətlə, axund, molla, din xadimi kimi anlayışlar yoxdur. Bu sadəcə müəyyən qruplar tərəfindən sonradan ortaya çıxarılmış sahələrdir: "Din hər kəsin öyrənib yaşaya biləcəyi şəxsi işidir. Din sahəsində elm adamı ola bilər. Yəni bir kimsə bu sahənin dərinliklərinə varıb, bildiklərini başqalarına öyrədə bilər. Amma axundluq oxuyub meyit yumaq, ölünü dəfn etməklə pul qazanmaq, imamlıq eləmək dinimizə yaddır. Peyğəmbərimiz nə bu missiyanı yerinə yetirib, nə də geridə qalanlar üçün belə bir prinsip müəyyən edib. Bu, "işbaz”lar tərəfindən ən uzuc "peşə” halına gətirilmiş bir sahədir. Əgər İslam Universitetinin rektoru media müstəvisində universiteti bitirən tələbə xanımların imam və axundluq etmək statusundan məhrum olmasını qabardırsa, bu, bir reallığı ortaya qoyur ki, İslam Universiteti ancaq axund yetişdirir. Axundların isə molla ilə yalnız qiymət fərqi var. Yəni bu gün mollalara neçə versən, yas mərasimlərini idarə edirlər. Axundlar isə 5 il universitet oxuduğunu deyərək daha yüksək "daskı” tələb edir. Mollalardan fərqli olaraq, axundların danışıq qabiliyyətləri yaxşı olduğu üçün daha çox nağıllar danışırlar. İnsanlar da buna görə onlara artıq vəsait ödəyirlər”.
E.Miri məscidlərdə bir nəfərin imam təyin olunmasının normal olduğunu vurğulasa da, bunun formal xarakter daşıdığını deyib: "Biz imamın müşayiəti ilə qılınan namaza çatmayanda nə etməliyik? Geri qayıtmalı deyilik ki? Ənənə belədir ki, insanlar arasından bir nəfər qabağa keçir və namazı qıldırır. Qadınlar arasında da eyni cürdür. Bir nəfər önə keçib namaz qıldıra bilər. Hətta qadınların kişilərə tabe olub namaz qılmasında da heç bir problem yoxdur. Sözün açığı, Azərbaycanda qadın axundların olmamasını problem halına gətirməyin özü gülünclükdür. TQDK-nın isə bu istiqamətdə nə kimi məhdudiyyətlər yaratmasını başa düşmədim. Onların bu məsələyə nə aidiyyəti? Ən böyük problem odur ki, insanlar hələ də 1 ilə yaxındır açılışı olan "Heydər” Məscid Kompleksinə ibadətə getmir. Yaxşı olar ki, İdarə rəhbəri buna aydınlıq gətirsin”.
Digər ilahiyyatçı Əkrəm Həsənov isə o fikirdədir ki, qadının elmli, bilikli, müəllim olmasını dinimiz tövsiyə edib. Allah-təala "Qurani-Kərim”də bir çox fəzilətli qadınların adını çəkib. Bu qadınlar həqiqətən də öz dövrlərində insanlar içərisində sayılıb-seçilən qadınlar olublar. Ə.Həsənov deyib ki, qadının axund olması islam dininə də ziddir. Onun sözlərinə görə, qadın imam, şeyx, müəllim, rəhbər ola bilər: "İslam qadının hüquqlarını başqa cinslə bərabər qoruyaraq, onun daha mükəmməl əxlaq sahibi olması üçün ancaq qadınlara imamlıq etməyə icazə verib. İslama görə qadın imam, şeyx ancaq qadınların məclislərində onlara dini məsələləri öyrədə bilər, onlara hətta kişi olmadıqda namaz qıldıra bilər. Bu arada bütün islam alimləri hədislərə əsasən fətvalar veriblər. Peyğəmbərimiz qadınlar üçün xüsusi günlər təsis edib və həmin günlərdə onlara dini məsələləri öyrədəcək söhbətlər aparıb. Bundan başqa səhabə qadınlar da dini məsələlərdən bilmədiklərini öz aralarında öyrənib və səhabə qadınlara imamlıq, rəhbərlik edə bilərlər. Çox savadlı, yazıb-oxumağı bacaran qadınlar da olublar. Allahın peyğəmbərinin qızı Fatimə də belə savadlı, bilikli qadınlardan biridir. İslam ümməti həqiqətən də seçilmiş bir imam qadın kimi şəriətə, əxlaqa aid çox dərslər öyrənib”.
Şəymən