Bakı narazıdır: "ATƏT-in Minsk qrupunun fəaliyyəti qaneedici deyil"







Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Alman-Azərbaycan Forumunun (AAF) idarə heyətinin sədri Hans-Eberhard Şlayer və Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horsetskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı X.Xələfov Almaniya Bundestaqının üzvlərindən və nüfuzlu şirkətlərin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT və onun Minsk qrupunun fəaliyyətinin qaneedici olmadığını bildirən nazir müavini digər siyasi mexanizmlərin cəlb edilməsinə ehtiyac olduğunu, bu çərçivədə Avropa institutları və Almaniyanın potensialından da istifadə edilməsinin mümkünlüyünü qeyd edib. O, BMT TŞ da daxil olmaqla beynəlxalq təşkilatların münaqişələrin həlli ilə bağlı təsirli mexanizmlərinin olmadığını, təcavüzkarın cəzalandırılması ilə bağlı iradəsizlik nümayiş etdirildiyini təəssüflə bildirib.
Diplomat Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycana eyni yanaşma olduğunu, Ermənistan tərəfindən BMT TŞ-nın 4 qətnaməsinin 20 ildən artıqdır yerinə yetirilməməsinə qarşı heç bir effektiv tədbir görülmədiyini vurğulayıb.
Hans-Eberhard Şlayer isə fəaliyyət istiqamətlərinin Almaniya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına töhfə vermək və Almaniya cəmiyyətində Azərbaycanı daha çox tanıtmaq olduğunu bildirib. Son 20 ildə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, bazar iqtisadiyyatı, dini tolerantlıq və digər sahələrdə əldə olunan böyük inkişafa diqqəti cəlb edən qonaq bu inkişafın xüsusilə Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkan, müstəqilliyin ilk illərində yaşadığı bir milyonluq qaçqın və məcburi köçkün problemləri nəzərə alındıqda, daha dəyərli olduğunu vurğulayıb. AAF tərəfindən keçirilən və Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbirlərə Bundestaq üzvlərinin getdikcə daha çox maraq göstərdiyini qeyd edən H. Şlayer eyni zamanda alman mətbuatında Azərbaycanla bağlı dərc olunan məlumatlarda bəzən ikili standartlara rast gəlindiyini təəssüflə qeyd edib. Gələn il Almaniyanın ATƏT-ə sədrlik edəcəyini xatırladan qonaq Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün yeni təşəbbüslərin irəli sürülməsinin mümkünlüyünü qeyd edib.
Öz növbəsində G. Horsetski Almaniya federal torpaqlarının xarici dövlətlərlə birbaşa münasibətlər qurduğunu bildirərək, Azərbaycanla ticarət-iqtisadi əməkdaşlıqda, həmçinin bu əyalətdə həyata keçirilən layihələrə Azərbaycan sərmayəsinin də cəlb olunmasında maraqlı olduqlarını bildirib.
X. Xələfov Almaniyanın regionları ilə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycanın xüsusilə qeyri-enerji sektoru üzrə Almaniya ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.