Fransua Olland başqa cür danışa bilməzdi

“Şübhəli deyil ki, bu gün qondarma qurumu kimsə tanısa, ikinci tanıyan məhz Fransa olacaq”



Fransa Prezidenti Fransua Olland BMT Baş Assambleyasının sessiyasındakı çıxışından sonra keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Azərbaycan və Ermənistanı bundan sonra sərhəddə və təmas xəttində hadisə törətməməyə çağırıb.

Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində maraqlı olduğunu vurğulayan Olland vasitəçilik səylərini gücləndirməkdə davam edəcəklərini qeyd edib: "Mən həm Ermənistana, həm də Azərbaycana münaqişənin uzunmüddətli həlli yolunu tapa biləcəyimizə çağırmaq üçün getmişdim”.

ABŞ Dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza isə deyib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində yaxın gələcəkdə dönüşə səbəb ola biləcək amil görünmür. O, qərb liderlərinin bu istiqamətdə fəallıq göstərməyə hazır olduğunu görmədiyini vurğulayıb və qeyd edib ki, qərb liderlərinin başı Suriya, İŞİD, miqrantlar, qaçqınlar, Ukrayna böhranı və digər məsələlərə qarışmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllini prioritet hesab etməlidirlər. Əks halda, bu məsələ daha təhlükəli vəziyyətə çatmaqla daha çox vaxt və səy göstərilməsini tələb edəcək.

Ollandın işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycanı tərəzinin eyni gözünə qoyaraq tərəfləri qoşunların təmas xəttində hadisə törətməməyə çağırması və Metyu Brayzanın Dağlıq Qarabağ cəbhəsində gərginliyin təhlükəli hal alacağına dair narahatlığını şərh edən politoloq Arzu Nağıyev deyib ki, Ollandın bəyanatında təəccüblü bir şey yoxdur, əslində Fransua Olland başqa cür danışa da bilməzdi: "Çünki o, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərdən birinin başçısıdır. Bu gün ATƏT məhz bu dövlətlərin mövqeyini bildirir və eyni zamanda dövlətlər də ATƏT-in bəyanatlarını təkrarlayırlar. ATƏT-in də əsas bəyanatı ərazi bütövlüyü haqqında qərarların yerinə yetirilməsi deyil, ancaq atəşkəslə bağlı bəyanatlar verməkdir, məhz həmin mövqe də Fransua Ollandındır”.

Doğrudan da, sülh tərəfdarıdırsa, Fransanın Ermənistana təzyiqlər edib işğalı sonlandırmağı tələb etməməsinə gəldikdə isə politoloq deyib ki, Fransa ilə Ermənistanın isti münasibətləri tək bu gün özünü büruzə vermir: "Bu münasibətlərin öz tarixi var. Eyni zamanda, bu gün separatçı rejimi dəstəkləyən ən böyük dövlətlərdən biri və ya mən elə deyərdim, birincisi, Fransadır. Ermənistan lobbisinin böyük təsirə malik olduğu Fransa, separatçıları hərtərəfli-maddi və mənəvi cəhətdən daima dəstəkləyir və bununla bağlı konfranslar, qəbullar təşkil edir. Yəni məqsəd qondarma qurumu dövlət kimi görməkdir. Şübhəli deyil ki, bu gün qondarma qurumu kimsə tanısa, ikinci tanıyan məhz Fransa olacaq. Bununla bağlı hətta dəfələrlə ATƏT-in Minsk Qrupunda yaranan vəziyyəti aradan qaldırmaq üçün digər bir dövlətin də qrupa daxil edilməsi və ya Fransanın oradan uzaqlaşdırılması məsələsi gündəmdə olub. Təəssüf ki, hələ bir müsbət nəticə yoxdur”.

ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədrinin Dağlıq Qarabağla bağlı narahatlığına toxunan A.Nağıyev deyib ki, Metyu Brayza Azərbaycan reallıqlarından və ümumiyyətlə, konfliktin kökündən xəbərdar olduğu üçün Azərbaycanın mövqeyini dəstəkləyən bir diplomat olub və bu gün də həmin mövqedən çıxış edir: "İstər Obamanın, istərsə də digərlərinin çıxışlarında dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə ögey yanaşmaları doğrudan da təəssüf doğurur. Təsəvvür edin ki, bu gün Azərbaycan və Ermənistanın da daxil olduğu region böyük bir müharibənin baş verə biləcəyi ərazidir. Təəssüf ki, bunu nəzərə almayaraq ATƏT-ə həvalə etdiklərini büruzə verməklə münaqişəni sanki daxili bir problem sayırlar. Bu da ki, acı nəticələr verə bilər. Bu baxımdan Metyu Brayzanın açıqlamasındakı həyəcan başadüşüləndir”.

Şəymən