“Bu faciənin baş verməsi bizim zəvvarlara da pis təsir etdi”

Hacı Şahin Həsənli: “Biz də xəbərlər alırdıq ki, ölmüş zəvvarların cəsədlərinə qarşı hörmətsiz davranılır”
"Şahidlər danışırdı ki, hətta meyitləri zibilliklər olan ərazidə saxlayıblar"



Azərbaycanlı zəvvarlar artıq Vətənə dönür və Həcc ziyarətində nələrin olub-bitdiyini şahidlərin öz dilindən eşitmək imkanı yaranır. Bu imkandan yararlanıb, builki Həcc mövsümündə müqəddəs torpaqlara səfər etmiş, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı, "Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli ilə söhbət etdik.

- Hacı, Allah ziyarətinizi qəbul etsin, həmişə Vətəndə, öz evinizdə olasınız. Builki Həcc mövsümü, təəssüf ki, faciəli hadisələrlə yadda qaldı. Əvvəlcə Məscidül-Həram ətrafındakı qaldırıcı kranın aşması yüzdən artıq insanın ölümünə səbəb oldu. Mina dağında baş vermiş faciənin statistikası isə daha dəhşətlidir. Həcc ziyarətində olmuş zəvvar kimi siz bu hadisələrin səbəbini nədə görürsünüz?

- Mən də ilk növbədə bütün zəvvarların ziyarətinin qəbul olunmasını Uca Allahdan təmənna edirəm. Azərbaycan zəvvarlarının da o cümlədən. Həqiqətən də, builki Həcc ziyarəti faciələrlə yadda qaldı. Kəbə evi ətrafında qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı son məlumatlara görə, 107 nəfərə çatırdısa, Mina dağında ölənlərin sayının 4000-ə yaxın olduğu deyilir. Bu faciənin başvermə səbəbi də konkret olaraq zəif təşkilatçılıqla bağlıdır. Minadakı ayinlərin təşkili çox zəif idi. Nəzərə alsaq ki, son illər Səudiyyə Ərəbistanı ölkələr ayrılan zəvvar kvotasını getdikcə azaldır, bu il də kvotalarda 20 faiz azalma vardı, orada xüsusi bir izdiham yaşanmamalıydı. Yəni, kvotalar azaldılıbsa, zəvvar sayı da ötən illərdəkinə nisbətən azdır və belə şəraitdə xüsusi bir izdiham ola bilməz. Minada Şeytanın daşlanması yerinə aparan yollar 3-4, hətta 5 qola ayrılır. Təşkilatçılıq işi düzgün qurulmuş olsaydı, zəvvarlar eyni saatda tək bir yola yönləndirilməzdi, izdiham da yaşanmazdı, bu qədər tələfat da olmazdı. Başqa keçid yolları açıq olduğu halda, zəvvarlar yalnız bir istiqamətə yönləndiriliblər, bunun nəticəsində yaranan sıxlıqda istidən, susuzluqdan, basırıqdan dünyalarını dəyişiblər. Bu da səriştəsizliyin nəticəsidir. Amma orada hərəkəti tənzimləmək tamamilə mümkün bir işdir. Sadəcə, zəvvarlar, insan axını düzgün istiqamətləndirilməyib, düzgün tənzimlənməyib. Onu da nəzərə almalıyıq ki, hazırda Şeytan daşlanma yeri 2, 3, hətta 4 mərtəbədən ibarətdir. Cəmərələrə daş atılması ayinini asanlaşdırmaq üçün orada qatlar tikilib, zəvvarlar yuxarı qatlara çıxmaqla şeytanın daşlanması ayinini sıxılmadan yerinə yetirə bilər. Yəni, hətta izdiham olsa belə, bütün zəvvarlar eyni yerdə dayanıb şeytanı daşlamır. Yuxarı qatlara çıxanlar da var. Belə bir vəziyyətdə izdihamı bir yola yönəltmək böyük bir yanlışlıq idi ki, nəticəsi də çox faciəli oldu.

- Bu hadisələr bizim hacılara da yəqin ki, çox pis təsir etdi...

- Əlbəttə. Azərbaycanlı zəvvarlar həmin vaxt orada deyildilər. Bizim zəvvarlar Minada tamam başqa istiqamətdə yerləşmişdi. Amma əlbəttə, bu faciənin baş verməsi bizim zəvvarlara da pis təsir etdi. Çünki fərqli ərazilərdə yerləşsək də, hamımız eyni məkandayıq. Baş verən hadisələr də əlbəttə, hamının əhvalına təsir edir.

- Bəs faciə yerini yaxından görə bildinizmi? Yayılan məlumatlara görə, ölmüş zəvvarlarla qeyri-insani davranılıb, televiziyada da cəsədlərin traktorla kürükləndiyini göstərirdilər...

- Biz həmin ərazini görmədik. Çünki Şeytan daşlanması ayinini yerinə yetirməyə fərqli yolla gedirdik. Həmişəki qaydada hacılarımız bu ayini yerinə yetirdilər. Ancaq biz də xəbərlər alırdıq ki, ölmüş zəvvarların cəsədlərinə qarşı hörmətsiz davranılır. Şahidlər danışırdı ki, hətta meyitləri zibilliklər olan ərazidə saxlayıblar. Allah evinin ziyarətçisi ilə belə davranmaq olmaz. Allah evinin zəvvarının hörməti saxlanmalıdır.

- Hacı, bu hadisə baş verdikdən sonra İran İslam Respublikası Səudiyyə hökumətinə ittihamlar irəli sürdü, bildirdilər ki, zəvvarların cənazələrini İrana gətirmək istəyirlər, Səudiyyə hökuməti isə buna mane olur. Ölən zəvvarların sayının göstəriləndən qat-qat çox olduğu deyildi və s. Bu ittihamlar sizcə, nə dərəcədə haqlıdır?

- Bildiyim qədər, tək İran yox, Afrika ölkələri, Pakistan, Malayziya, Türkiyə də Səudiyyə hökumətinə etirazlarını bildiriblər. Amma ölən zəvvarlar arasında iranlıların çox olması bu ölkəni diqqət mərkəzinə gətirib. Hesab edirəm ki, hər bir ölkə zəvvarını öz Vətənində dəfn etmək istəyində haqlıdır. Ümumiyyətlə, zəvvarın dəfni ailəsinin, yaxın qohum-əqrəbasının istəyinə uyğun həyata keçirilməlidir. Təəssüf ki, bunu etmirlər. Səudiyyə hökumətində zəvvarın cənazəsinin ölkəsinə qaytarılmasına dair rəsmi qadağa yoxdur. Amma bu əməlin icrası zamanı o qədər şərtlər irəli sürülür, maliyyə xərcləri də böyük olur deyə, zəvvarın Məkkədə dəfn edilməsi daha məqbul sayılır. Digər tərəfdən, təbii ki, Məkkə yolunda, Allah evini ziyarət yolunda ölmüş insanlar axirət əzabından qurtulmuş hesab edilir. Ehramlı ikən vəfa etmiş şəxs Qiyamət günü "Ləbbeyk” deyərək həşr olunacaq. Amma bu əsas vermir ki, ölmüş zəvvarla qeyri-insani davranılsın və ya onun dəfni ailəsinin istəyinin əksinə olsun. Çünki uca dinimiz hər bir insanın haqqını tanıyır və insanın haqqını toxunulmaz sayır. İnsanın dəfn olunduğu yer də bilinməlidir, bu barədə onun ailəsinə də məlumat verilməlidir. Zəvvarların dəfn olunduğu məzarlıqda ziyarətinə də icazə verilməlidir. Səudiyyə Ərəbistanı hökuməti hansısa əməlini dini hökmlərlə əsaslandırmağa çalışır. Səhvlərini gizlətmək istəyirlər. Amma dinimizin qaydası budur ki, insanın cəsədinə hörmətlə yanaşılmalıdır, dəfn olunduğu yer də bilinməlidir.

- Siz xərclərin böyüklüyünü vurğuladınız, məgər zəvvarlar sığortalanmır?

- Müəyyən sığortalar var. Əslində, bunu sığorta şirkətləri ödəməlidir. Amma dediyim kimi, xərclər çox olduğundan sığorta pulunun ödənməsi də çətin olur, şirkətlər bundan imtina edir.

- Sığorta pulu səfər xərclərinin tərkibində olur?

- Bəli, sığorta səfər xərclərinə aiddir.

- Məlum faciədən sonra müsəlman ölkələri Həcc təşkilatçılığında iştirak məsələsini də gündəmə gətirir. Hətta Türkiyə hökuməti "Həcc təşkilatçılığını bizə verin” iddiasıyla çıxış da etdi. Sizin fikriniz necədir?

- İnanmıram ki, Səudiyyə Həcc təşkilatçılığını Türkiyəyə versin. Bu, real deyil. Amma Həccə qatılan müsəlman dövlətlərinin birgə təşkilatçılığı mümkündür. Bunun bir mexanizmini fikirləşib 
tapmaq olar. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində. Yaxud da ölkələrin müştərək komissiyasının yaradılması yolu ilə.

- Hacı, Kəbə evi ətrafında aparılan tikintilərə münasibətiniz necədir? Orada hündür binaların inşası, Kəbə evinin "görünməz” hala gəlməsini islama zidd sayanlar da var...

- Məscidül-Həram ətrafında genişləndirmə işlərinə normal baxıram. Tikinti işlərinin aparılması müsbətdir. Çünki bu genişləndirmə işləri artıq zərurətə çevrilmişdi. İstər Məscidül-Həramda, istərsə də Mədinədə - peyğəmbər əleyhissalamın mübarək məscidində. Amma genişləndirmə işləri aparılarkən də gərək tarixi abidələrə xələl gəlməsin, orijinallıq qorunsun. Kəbə evi ətrafında tikilmiş dəmir konstruksiyaların birinci qatı normaldır. Bu qat Kəbə evindən yüksəkdə deyil. Amma ikinci qat artıq Kəbə evindən yüksəkdə yerləşir və orada təvaf icra etmək də Həccin qaydalarına ziddir. Biz hacılarımıza Kəbəni təvaf edərkən 2-ci qata çıxmamağı məsləhət görürük.

- Necə bilirsiz, baş vermiş bu faciələr növbəti il Həcc ziyarətinə təsir edəcəkmi?

- İnanmıram ki, bu, zəvvar sayına təsir etsin. Çünki Həcc vacib əməldir və bunun əsasında hər şeydən əvvəl Allaha və dinə bağlılıq dayanır. Yaxşı olardı ki, baş vermiş faciələrdən təşkilatçılıq məsələlərində düzgün nəticə çıxarılsın. Təşkilatçılıq işlərində irəliləyişlərə təsir etsin.

- Səudiyyə Ərəbistanı hökuməti müsəlman ölkələrinə başsağlığı veribmi? Səhvləri olduğunu etiraf ediblərmi?

- Verilən məlumata görə, Səudiyyə hökuməti İranın Ali Dini liderinə başsağlığı məktubu göndərib. İranlı itkin düşmüş zəvvarların hamısının tapıldığını elan ediblər. Həcc təşkilatçılığına məsul şəxslərdən bir neçəsi vəzifəsindən kənarlaşdırılıb, yəni, müəyyən yumşalma var.

- Bəs, bu faciələrin düşünülmüş akt olması ehtimalları üzərində sizcə, ciddi dayanmağa dəyərmi?

- Müsəlman ölkələrində hazırda baş verən hadisələr, dünyada islamın gözdən salınmasına cəhdlər fonunda, hər bir ehtimalın ciddi araşdırılması tələb olunur. Xüsusilə də, Səudiyyə hökuməti bu ittihamlardan qurtulmaq üçün özü ciddi təhqiqat aparılmasında maraqlı olmalıdır.

Məlahət Rzayeva