Ötən gün Milli Məclisin plenar iclası zamanı deputat Qüdrət Həsənquliyev cəbhədə baş verənlərə toxunub. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində təkliflə çıxış edən millət vəkili problemin Milli Məclisdə müzakirəyə çıxarılmasının vacibliyini bildirib.
Q.Həsənquliyev polemikada Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, eləcə də digər qurumların iştirak etməsini də təklif edib. Məsələyə Xarici İşlər Nazirliyi də münasibət bildirib: "XİN tərəfindən hörmətli millət vəkillərimizin fikirlərinə və qanunverici hakimiyyətin mövqeyinə hər zaman böyük hörmətlə yanaşılıb”.
Həmkarının təklifini dəyərləndirən millət vəkili Aydın Mirzəzadə "Şərq”ə açıqlamasında deyib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan parlamentində demək olar ki, hər iclasda qaldırılır. Amma buna baxmayaraq, A.Mirzəzadə xüsusi müzakirə təklifinin tərəfdarı olduğunu vurğulayıb: "Hər bir deputat vaxtaşırı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırır. Yəni münaqişənin həlli ümummilli problem kimi daim parlamentin gündəmində olur. Eyni zamanda tək Q.Həsənquliyev deyil, digər deputatlar da vaxtaşırı Qarabağla bağlı parlamentin xüsusi iclasının keçirilməsini tələb edirlər. Mən də həmçinin, bunun tərəfdarıyam.
Əgər belə bir iclasın keçirilməsi qərara alınarsa, vətəndaş cəmiyyətinin və parlamentdə təmsil olunmayan siyasi qüvvələrin də həmin müzakirəyə dəvət edilməsi yaxşı olar”.
Millət vəkili Sabir Rüstəmxanlı da parlamentdə geniş tərkibli müzakirələrin keçirilməsini dəstəkləyib: "Biz lap əvvəldən təklif edirdik ki, Qarabağla bağlı ümumrespublika müşavirəsi keçirilsin. Ya da Milli Məclisdə geniş tərkibli, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələr təşkil edilsin. Ortaya xalqın iradəsi qoyulsun. Təbii ki, həm ölkə rəhbərliyi, həm də parlament üzvləri çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son dərəcə sərt və haqlı olaraq aqressiv mövqedən çıxış edirlər. Amma bu çıxışların arxasında xalqın iradəsinin olduğu hiss edilməlidir. Xalqın məsələnin müzakirəsində ardıcıl iştirak etməsi həm Azərbaycan Prezidentinin, həm də XİN-in mövqeyini gücləndirər”.
Xocalıdan olan deputat Elman Məmmədov da təklifi yüksək qiymətləndirib: "Fərz edək ki, hamını Milli Məclisə topladılar və hər kəs nitq söylədi. Bu, məsələyə mane olan məqam deyil. O səbəbdən də Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasının tərəfdarıyam. Cəmiyyətə də məlum olacaq ki, ölkədə ictimaiyyətin, ziyalıların, müxtəlif təbəqələrin, rəsmi dövlət qurumlarının, millət vəkillərinin mövqeyi nədən ibarətdir. Belə bir təklifin səsləndirilməsi münaqişənin əslinə ziyan vurmur. Əksinə, məsələnin həll olunmasına, münaqişə ətrafında fikirlərin aydınlaşmasına yardım edir. Belə olarsa, beynəlxalq təşkilatlar görəcəklər ki, bizdə münaqişənin həllinə olan yanaşma daha ciddidir”.
İsmayıl