Azərbaycan Kommunist Partiyası (AKP) bütün gücü ilə parlament seçkilərində iştirak edəcək. Bu barədə "Şərq”ə partiyanın sədri Rauf Qurbanov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Kommunist Partiyası qarşıdan gələn parlament seçkilərinə çox ciddi hazırlaşır:
"Partiyamız parlament seçkilərində aktiv iştirak edəcək. Artıq namizədlərimiz imzatoplama kampaniyalarını başa vurublar. Sənədlər baxılması üçün müvafiq dairə seçki komissiyasına təqdim olunub. Gəncədə, 39 saylı Kəpəz birinci seçki dairəsində Əlövsət Veyisov qeydiyyatdan keçib. 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən isə Səbinə Abdullayevanın namizədliyi qeydə alınıb. S.Abdullayeva Xətai bələdiyyəsinin üzvüdür. Mən özüm də 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Artıq namizədliyim qeydə alınıb. Yəqin ki, bu gün, ya sabah digər namizədlərimizin qeydiyyata alınması ilə bağlı seçki dairələrindən məlumat alacağıq”.
AKP sədri başqa yerlərdən də namizəd verdiklərini açıqlayıb: "Bizim 37 və 40 saylı Gəncə, eyni zamanda 1 saylı Nizami seçki dairəsindən də namizədlərimiz var. Həmçinin, Sumqayıt və Lənkəran şəhərlərindən də namizədlər irəli sürmüşük”.
R.Qurbanov proses boyu heç bir problemlə üzləşmədiklərini bildirib: "Şəxsən mənim və eləcə də digər namizədlərin imzatoplama prosesində və qeydə alınmalarında maneələr yaradılmayıb. Deputatlığını irəli sürmüş yoldaşlar imza vərəqələrini çətinliyə rast gəlmədən doldurub seçki dairələrinə təqdim ediblər. Düzdür, bəzi rayon dairələrində müəyyən çatışmazlıqlar var idi. Lakin MSK ilə əlaqə saxlayaraq, həmin anlaşılmazlıqların dərhal aradan qalxmasına nail olduq”.
Partiya rəhbəri kommunistlərin şanslarından da danışıb: "Hər namizəd öz şansını yüksək dəyərləndirir, o cümlədən də kommunistlər. Ancaq dəyərləndirilən şansların reallığını seçkinin nəticələri ortalığa çıxaracaq. Yəni kimin daha güclü namizəd olduğu səsvermədən sonra aydın olacaq. Heç bir namizəd özünü gücsüz hesab etmir və imkanlarına güvəndiyi üçün namizədliyini irəli sürür. Bu baxımdan mən də, yoldaşlarım da opponentlərimizə hörmətlə yanaşırıq. Hamımız bir millətin övladlarıyıq və mübarizəmiz xalqın rifah halının yaxşılaşdırılmasına yönəlib”.
R.Qurbanov deyib ki, o, 1995-ci ildən bu günə kimi hər parlament seçkisində namizədliyini irəli sürüb: "Kimlərsə məğlubiyyətini sığortalamaq üçün seçkilərin şəffaf keçmədiyini və qanunsuzluqların olduğunu iddia edirlər. Bu cür açıqlamalar rəqibinə əvvəlcədən uduzduğunu etiraf etməkdir. Yəni sabah kimsə onlara deyəndə ki, "bu qədər özünə güvənirdin, bəs niyə deputat seçilmədin”, o deyəcək ki, guya, seçkilər saxtalaşdırılıb və s. Əgər mən iştirak etdiyim 4 seçkinin heç birində uğur qazanmamışamsa, deməli, rəqiblərim məndən güclü olub. Burda mənim incik düşməyim, başqalarını ittiham etməyim qətiyyən düzgün deyil. Bizim məqsədimiz yalnız mandat uğrunda mübarizə aparmaq olmamalıdır. Hamımız Azərbaycanın milli maraqlarının təmin olunmasına çalışmalıyıq”.
AKP sədri digər sol partiyalarla əməkdaşlıq məsələsinə də aydınlıq gətirib: "Sol partiya rəhbərləri ilə telefon söhbətlərimiz olur. Biri-birimizə şirin münasibət göstəririk. Araz müəllimlə də (red: ASDP sədri Araz Əlizadə) daim əlaqə saxlayırıq. Çünki apardığımız mübarizə və
ideologiya oxşardır və üst-üstə düşən fikirlərimiz çoxdur. Ancaq çox təəssüf ki, Azərbaycandakı hər sol partiya builki seçkiyə təkbaşına qatılmaq qərarı verdi. Nə blok şəklində, nə də birlik formasında birləşmək istəmədi. Mən hansısa partiyaya siyasi blok yaratmaq təklifi etməmişəm. Lakin bizə belə təklif gəlsəydi, bunun müzakirəsinə hazır idi. Təklif gəlmədi deyə, biz də seçkiyə təkbaşına qatılmaq qərarı aldıq”.
İsmayıl