Çantalar ağırlaşdıqca valideynlər əzilir

İş dəftərləri, test kitabları məktəblilərin bir nömrəli probleminə çevrilib



Bu günün ən aktual problemlərindən biri də məktəblərdə dərs yükünün həddindən artıq ağır olmasıdır. Çünki orta məktəb şagirdlərinin çiyinlərinə daşıya biləcəkləri qədər yox, həddindən artıq ağır bir yük qoyurlar. Dərslərin ağırlığı, proqramın həddindən artıq yüklü olması bir yana, fənn kitablarının çoxluğu və ağırlığı da uşaqlara zülm edir. Yəqin ki, hər kəs gündəlik evindən və ya yaxın ətrafından dərsə gedən uşaqları izləyir. Diqqət yetirsəniz görərsiniz ki, ibtidai sinif şagirdləri öz çantalarını apara bilmirlər.

Gücləri çatmır. Çantanı onu məktəbə aparan valideyn və ya özündən böyük bacı-qardaşları aparır. Özü aparan uşaqlar isə az qala çantanın altında əzilib qalır. Bir fənnin dərs kitabı, iş dəftəri, test kitabçası, tapşırıq dəftəri və ya daha nələr... olur. Hansı ki, bu gün əksər məktəblərdə şagirdləri mütləq əlavə vəsaitdən istifadə etməyə məcbur edirlər. Bu isə şagirdlərlə yanaşı, valideynlər üçün də ciddi problemə çevrilib. Çünki məktəblərdə əlavə vəsait kimi tələb olunan iş dəftəri valideynləri "işə salıb”. Belə ki, valideynlər iş dəftərlərinin şagirdlərə məcburi qaydada satılmasından, üstəlik, qiymətlərin hətta dərsliklərdən baha olmasından narahatdır. Xatırladaq ki, müəllimlərlə valideynlər arasında iş dəftərləri ilə bağlı fikir ayrılıqları yeni məsələ deyil. Artıq neçə illərdir ki, hər il eyni müzakirə açılır. Bir çox valideynlər həm maddi cəhətdən çətinlik çəkdiklərini, həm də uşaqların zehni olaraq çox yükləndiyini bildirirlər. Müəllimlər isə keyfiyyətli bilik üçün bunun vacibliyini iddia edirlər. Təhsil Nazirliyi isə bu müzakirələrdən yan gəzir. Bunun səbəbini isə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı "Şərq”ə açıqlamasında bir neçə il öncə verilən qərarla əlaqələndirib: "İş dəftərlərinin istifadəsi heç bir sinifdə məcburi deyil. Valideynlər özləri istədikləri halda iş dəftərlərindən istifadə edə bilərlər. Bir neçə ildir ki, Təhsil Nazirliyinin qərarı ilə iş dəftərlərinin məcburi istifadəsi ləğv edilib. Kurrikulum sisteminə uyğun yeni dərsliklər çap olunduğu üçün həmin siniflərin iş dəftəri komplektin tərkib hissəsindən çıxarılıb. Əvvəllər iş dəftəri komplektin tərkib hissəsi idi. Hazırda isə kurrikulum sisteminə uyğun dərsliyimiz çap olunduğundan buna ehtiyac yoxdur”.

Nazirlik tələb etmir, müəllimlər də sadəcə tövsiyə edirsə, bu iş dəftərləri hansı cəhətdən əhəmiyyətli sayıla bilər? Ümumiyyətlə, valideynlərin də tələb etdiyi kimi dərsliklərdə dəyişiklik etməklə, iş dəftərlərini aradan qaldırmaq mümkündürmü?

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin sözlərinə görə, şagirdlərin dərsləri yaxşı qavraması üçün iş dəftərlərinin istifadəsi lazımdır. Bu vərdiş onların müstəqil iş yerinə yetirmə qabiliyyətini inkişaf etdirir: "Şagirdlər iş dəftərindən istifadə etdikləri halda tapşırıqlar, müstəqil işlər üzrə yazısını, təhlilini və ya hər hansı bir məsələ-misalın həllini onun üzərində edir, təcrübə qazanır, məşq edə-edə zehnini möhkəmləndirir. Bu kimi tərəflərini nəzərə alanda iş dəftərlərinin lazımlı olduğunu görürük. Çünki uşaq öyrəndiklərini müstəqil tətbiq etməsə, onları təkrar etməsə, dərslər onun yaddaşında uzun müddət qala bilməz”.

Professorun sözlərinə görə, əslində valideynlər özləri də iş dəftərlərinin əhəmiyyətli olduğunu bilirlər, sadəcə, qiymət baha olduğu üçün narazılıq edirlər: "İş dəftərlərinin hər birinin qiyməti 5 manatdır. Əgər uşağa dörd fənn üzrə iş dəftəri alınmalıdırsa, bu, 20 manat edir. Bir ailədən 3 uşaq məktəbə gedirsə, 60 manat iş dəftərinə pul verməlidir. İndiki zamanda da əhalinin xeyli hissəsi orta səviyyədədir. Orta səviyyəli şəxsin də təkcə 20 manat iş dəftərinə verməyə imkanı yoxdur. Ona görə də, valideynlər iş dəftərlərindən imtina edirlər. Amma əhəmiyyətini də danmaq olmaz”.

Ekspertin sözlərinə görə, iş dəftərləri ya Təhsil Nazirliyi tərəfindən pulsuz verilməli, ya da indikindən çox ucuz qiymətə təklif edilməlidir. Belə olan halda valideynlər iş dəftərlərindən imtina etməzlər.

Dərsliklərin iş dəftərlərinə ehtiyac duyulmayacağı bir formada hazırlanmasına gəlincə, ekspert bunun mümkün olmadığını deyib: "Bu təkliflə çıxış edən valideynlər pedaqoji işi bilmədikləri üçün belə deyiblər. Çünki dərsi öyrənmənin mərhələləri var. Şagird hər bir mərhələni keçməlidir. Birincisi, müşahidə edir, ikincisi, onun haqqında məlumatlar alır, o barədə fikirləşir. Axırıncısı, artıq onları tətbiq etməlidir. Dərslik tətbiq imkanı deyil ki, uşaq evdə öyrəndiyini orda sınaqdan keçirsin, cümləni qura bilsin, dərsliyə yazsın və s. Bu, mümkün deyil. Vaxtilə buna sadəcə, sinif dəftəri deyərdilər. Məsələn, müəllim tapşırıq verirdi. Deyirdi ki, 30 məsələni evdə həll edin. Şagird onu kitabdan köçürür, dəftərinə yazır və həll edirdi. Belə təcrübə var. İndi bu təcrübədən istifadə etmək olar. Ümumiyyətlə, öyrətmə prosesindən xəbərsiz olanlar iş dəftərinin yükünün dərsliklərə verilməsini deyirlər. Amma belə bir şeyin olması mümkün deyil”.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün fikrincə, şagirdlərin iş dəftərindən istifadə etməsi valideynlərin öz seçimi ilə bağlıdır: "İş dəftərləri fənlər üzrə olur və həmin ləvazimatda müxtəlif növ çalışmalar yer alır. Əgər valideyn istəyirsə ki, övladı daha çox çalışmalar etsin, onda həmin iş dəftərini ala bilər. Heç bir müəllim əlavə tapşırıq mahiyyəti daşıyan iş dəftərinin alınması ilə bağlı valideynləri məcbur edə bilməz”. Ekspertin sözlərinə görə, müasir metodika tələb edir ki, müəllimlər ev tapşırığı olmadan şagirdlərə bilik öyrətsinlər: "Təlim zamanı müəllim tərəfindən elə metod seçilməlidir ki, ev tapşırığına ehtiyac qalmasın. Bəzi müəllimlər bu gün şagirdlərə ev tapşırığını iş dəftərlərində verir. Məncə, buna ehtiyac yoxdur. Özümdən deyə bilərəm ki, şagirdlərimə iş dəftəri aldırmıram. Çünki bu vəsaitə ehtiyac yoxdur. İş dəftəri olmadan da şagird dərs proqramını mənimsəyə bilir. Sadəcə, müəllim həmin proqramı izah etmək tərzinə sahib olmalıdır”.

Şəymən