“Evləndikdən sonra da fikrimizdə qaldıq və ikimiz də seçkiyə qatılmağa qərar verdik. İndi kimin deputat seçilib- seçilməyəcəyini zaman göstərəcək”
Xəbər verdiyimiz kimi, Ümid Partiyası sədrinin müavini, Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək. 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini irəli sürən gənc siyasətçi "Şərq”ə verdiyi açıqlamada qalib gələcəyinə inandığını deyib...
- Ramin bəy, namizədliyiniz qeydə alınıbmı?
- Mənim namizədliyim Qurban bayramından qabaq qeydə alınıb. Artıq 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa rəsmən namizədəm. Komandamla birlikdə seçki təbliğatının başlanmasını gözləyirik.
- Bəzi namizədlər proses zamanı onlara problem yaradıldığını iddia edirlər. Siz namizədliyinizin qeydiyyata alınmasında hansısa çətinliklə üzləşdinizmi?
- Vallah, mən səmimi danışacam. İmzatoplama prosesində və digər prosedurlar zamanı heç bir maneəyə rast gəlmədim. Bu baxımdan bütün sənədləşmə prosesinə görə, namizədliyimi irəli sürdüyüm 19 saylı dairə seçki komissiyasına öz təşəkkürümü bildirirəm. Komandama da hər hansı problem yaradılmadı və qeydiyyat məsələsi vaxtında oldu. Yəni şikayət edəcək bir şey yoxdur. Sadəcə bir məsələdə çətinliyimiz oldu. Biz gördük ki, insanların parlament seçkisinə inamı qalmayıb. Əhali seçkidə ciddi dəyişiklik olacağına ümid etmir. Ona görə də imzatoplama prosesində bir qədər çətinlik yaşadıq və bir qədər tər tökməli olduq. Çünki bəzi adamlar ümumiyyətlə, bunu boş proses hesab etdikləri üçün imza vermək istəmirdilər, digərləri isə imza verməkdən qorxurdular.
- Təbliğat kampaniyasının başlamasına çox az müddət qalıb. Şüarlarınız, plakatlarınız hazırdırmı?
- Biz uzun müddətdir, bu prosesə hazırlaşırıq. Demək olar, hər şeyə tam hazırıq. Sadəcə start düyməsini gözləyirik. Ancaq hələlik şüarlarımızla bağlı mətbuata açıqlama vermirik. Çünki bu, təbliğat sayıla bilər.
- Həm hakim YAP-dan, həm də digər partiyalardan rəqibləriniz var. İmkanlarınızı nəzərə alaraq, şansınızı necə dəyərləndirirsiniz?
- Rəqibim olub-olmamasından asılı olmayaraq, bütün namizədlərə hörmətlə yanaşıram və onların hamısına uğurlar arzu edirəm. Düşünürəm ki, seçkiyə qatılan hər kəsin şansı var, o cümlədən də mənim. Əgər demokratik seçki olarsa, müdaxilələrə yol verilməzsə, daha çox çalışan namizədlər qələbə qazanacaq. Elə etmək lazımdır ki, xalq seçkilərdən küsməsin.
- Deputat seçiləcəyiniz təqdirdə hansı məsələləri daha qabarıq şəkildə gündəmə gətirəcəksiniz?
- Əvvəlki açıqlamalarımda təhsil sistemində görmək istədiyim dəyişiklikləri dilə gətirmişdim. Təbii ki, digər sahələrdə də düşündüyüm islahatlar var. Amma imzatoplama prosesində vətəndaşlarla söhbət zamanı aydın oldu ki, insanların əsas problemləri sosial məsələlərdir. Demək olar ki, hər kəsin məişət çətinliyi, dərdi var. Ona görə də hesab edirəm ki, deputat seçilən şəxs öz seçicilərinin bütün problemləri ilə məşğul olmalıdır. Mən də çalışacam ki, hər məsələdə seçicilərimin yanında olum, onların haqlarını müdafiə edim. Bir millət vəkilindən daha çox bir dost kimi vətəndaşların şikayətlərini, ərizələrini lazımi dairələrə çatdıracağam. Vurğulamaq istədiyim digər məsələ isə yaşayış binaları ilə bağlıdır. Binalar tikilən zaman uşaqların əylənməsi üçün yer ayrılmır. Onda uşaqlar məcbur olub virtual oyunlara meyl edirlər və texniki cihazların əsirinə çevrilirlər. Bu, çox ağır prosesdir.
- Həyat yoldaşınız Aysel xanımın namizədliyi qeydiyyata alındımı?
- Bəli, "125”-lər Siyasi Klubunun təmsilçisi kimi seçkiyə qatılan Aysel xanımın namizədliyi qeydə alınıb. Tələb olunan imzalar dairə seçki komissiyasına təqdim olunub və DSK imzaları yoxladıqdan sonra Aysel xanımı 8 saylı Binəqədi 1-ci seçki dairəsindən qeydə alıb.
- Bəy, bir ailədə iki nəfərin deputatlığa iddialı olması yaxın ətrafınızda necə qarşılandı?
- Vallah, evli və ya subay olmasından asılı olmayaraq, hər kəs ayrı-ayrılıqda bir şəxsiyyətdir. O cümlədən mənim də, Aysel xanımın da hüquqlarımızdan istifadə etmək ixtiyarımız var. Əgər bir şey qanunvericilikdə qadağan olunmayıbsa, deməli, onu etmək olar. Biz hər ikimiz namizədliyimizi verəcəyimizi əvvəlcədən, yəni ailə həyatı qurmadan öncə elan etmişdik. Evləndikdən sonra da fikrimizdə qaldıq və ikimiz də seçkiyə qatılmağa qərar verdik. İndi kimin deputat seçilib-seçilməyəcəyini zaman göstərəcək.
- Sadəcə gənc seçicilərdən səs gözləyirsiz, yoxsa daha geniş kütləyə müraciət edəcəksiniz?
- Əlbəttə, təkcə gənclərə yox, bütün vətəndaşlara xitab edəcəm. Bilirsiz, seçkilərdə belə bir texnologiya tətbiq olunur. Əgər konkret bir qrup insanın bizi dəstəklədiyini düşünür və onlara güvəniriksə, deməli, digər qruplarla daha çox işləməliyik. Biz düşünürük ki, gənclərin səsini almaq elə də problem olmayacaq. Onlar bizə dəstək verəcəklər. Ona görə də digər təbəqələrlə işləməyə önəm veririk ki, onların da səsini qazanaq.
- Namizədlər üçün müəyyən olunan ödənişsiz efir vaxtından səmərəli istifadə edəcəksinizmi?
- Bizə verilən bütün vasitələrdən maksimum istifadə etməyə çalışacağıq. Çünki seçki ciddi prosesdir və burda əlavə resurslardan da faydalanmaq lazımdır.
- Ödənişli efirdən yararlanmaq imkanınız varmı?
- Əgər maddi imkanımız çatacaqsa, ödənişli efir alacağıq. Amma televiziyalar çox yüksək qiymət təklif edirlər. Bizim isə buna gücümüz çatmır.
- Hansısa namizədin xeyrinə geri çəkilərsinizmi?
- Yox, qətiyyən. Mən namizədliyimi vermişəmsə, deməli, deputat olmaqda iddialıyam və sona qədər mübarizə aparacam. Hər hansı güzəştdən, geriyə çəkilməkdən söhbət gedə bilməz. Düşünürəm ki, buna heç ehtiyac da qalmayacaq. Çünki bizim şanslarımız çox yüksəkdir.
- MSK sədri Məzahir Pənahov namizədlərə sosial şəbəkələrdə təbliğat aparmamaqla bağlı xəbərdarlıq edib. Siz "facebook”da statuslarınıza diqqət edirsinizmi?
- Bəli, diqqət edirəm. Ümumiyyətlə, sosial şəbəkələrdə təbliğatdan daha çox cəmiyyətdə baş verən hadisələri işıqlandırmaqla məşğulam.
İsmayıl