Artıq neçə illərdir ki, Azərbaycan televiziyalarının daimi tamaşaçıları yalnız evdar qadınlardır
Axır ki, Milli Teleradio Şurası səlahiyyətlərinə söykənərək şou-verilişlərə "əl qoydu”. MTRŞ-nin srağagünkü toplantısında telekanallarda yayımlanan bəzi şou və tok-şou tipli verilişlərin dayandırılması qərarı verildi. Qərarın ilk uyğulanması isə ANS-dəki "Sən tək deyilsən!” və "Xoşqədəmlə axtarıram səni” verilişlərinə şamil edildi. MTRŞ-nin adıçəkilən verilişlərin efirdən yığışdırılmasına yönəlik qərarı kəskin ifadələrlə hədsiz zəngindir.
MTRŞ bu iki verilişi əməlli-başlı "yıxıb-sürüyüb”. İfadələrə baxın; "sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğu, ailədaxili münaqişələr, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirilməsi, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradılması, ailələrin, qohumların üz-üzə qoyulması, insanların heysiyyatı ilə oynanılması, insanların şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməsi, efirin şəxsi intriqalara alət edilməsi, milli-mənəvi dəyərlərin qorunmasına əməl edilməməsi, vətəndaşların konstitusion hüquqlarına hörmət edilməməsi, sponsorluqla bağlı qanunvericilik tələblərinin pozulması...” və daha nələr... Göründüyü kimi, MTRŞ baltanı lap kökündən vurub. Bununla da kifayətlənməyib, deyib ki, proses davam edəcək, əgər telekanallar ANS-in başına gələndən nəticə çıxarıb "özlərini yığışdırmasalar”. Şura bəyan edib ki, bu, sosial sifarişdir və dövlətin və cəmiyyətin mənafeyini qorumaq baxımından MTRŞ səlahiyyətlərindən istifadə edib, Moşu Göyəzənlinin təbirincə desək, "cəmiyyətimizə yad ünsürlər”in yer aldığı şou verilişləri qapadacaq.
MTRŞ ANS-ə, ANS MTRŞ-yə qarşı
ANS rəhbərliyi isə MTRŞ-nin qərarını qərəzli və telekanala qarşı ayrı-seçkilik hesab edir. ANSpress-ə müsahibəsində ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mir Şahin Ağayev belə bir qərarın çıxarılacağını, üstəlik də, bu şəkildə afişalandırılacağını gözləmədiyini deyib. Səbəbini isə belə izah edib:
- Ona görə ki, MTRŞ-nin bu gün keçirilən toplantısında mən iştirak edirdim. Nuşirəvan Məhərrəmli başda olmaqla Şura üzvlərinin "Sən tək deyilsən!” və "Xoşqədəmlə axtarıram səni” verilişinin aqibətinə münasibəti mənə elə ilk dəqiqədən bəlli idi. Təxminən 1 saat yarım ərzində mən onları dinlədim və sonda məlumat verdim ki, biz onsuz da bu verilişi gələn həftə, daha doğrusu, oktyabrın 5-dən efirdən çıxarmışıq. Bu layihələri biz efirdə yalnız ona görə saxlamışdıq ki, həmin efir vaxtında oxşar layihə ilə rəqabət zərurəti var idi. Onu da deyim ki, MTRŞ-də bizim belə bir mövqeyimizdən hələ çoxdan xəbərdar idilər ki, belə verilişləri bəyənmirik və bu tipli layihələri etməmək üçün televiziya rəhbərlərinin vahid mövqeyi olsa, faydalı olar. Əks təqdirdə, bir kanal bu tip layihəni bağlayanda, başqası açır, nəticədə standartlar bir olmur. Sentyabr ayının 29-da- ATV-də "Öz aramızda” verilişi bağlanandan dərhal sonra isə biz Yaradıcılıq Şurasının qərarı ilə "Sən tək deyilsən!” verilişini dayandırdıq. Elə "Xoşqədəmlə axtarıram səni” verilişi də bazar günü efirdə ənənəvi formatında son dəfə yayımlanacaqdı. Müəllifin təqdim etdiyi yeni layihəyə görə burada axtarılacaq şəxslər həm də Azərbaycanı dünyada müsbət mənada tanıdan, ona şərəf və nüfuz gətirən insanlar olacaqdı.
M.Ağayev onu da deyib ki, "A-dan Z-yə” və "ŞOKolad” verilişləri də artıq dayandırılıb və telekanal ciddi layihələr hazırlayıb:
- Orda efirə gedəcək yeni layihələrimizin adlarını belə çəkdim. Yəni mən bunları deməklə diqqəti ona yönəltdim ki, ANS MYMŞ-nin öz verilişlərini bağlamaq qərarını MTRŞ-nin rəsmiləşdirməsinə ehtiyac yoxdur.
M.Ağayev deyib ki, MTRŞ verilişlərin dərhal qapanmasını istəyib. M.Ağayevin irəli sürdüyü arqumentlərdən sonra isə onunla razılaşıblar. Lakin verilən qərar "az qala ittiham aktı”nı xatırladır və ictimailəşdirilib də. Bu qərarın telekanalın işgüzar nüfuzunu zərbə altına aldığını və tamaşaçılarını incitdiyini, onların zövq və istəklərini təhqir etdiyini əsas gətirərək ANS də indi qarşı tərəfi - MTRŞ-ni məhkəməyə verir.
Bir tərəfdən baxanda ANS telekanalında şou-proqramlar digər telekanallara nisbətdə heç də çox deyil. Üstəlik, ANS-in efirində "Şirməmməd Hüseynovla İstiqlal” kimi çox dəyərli telelayihə var. Digər telekanallarda bunun bənzəri məncə, yoxdur. Bununla belə MTRŞ bir qərar verib və o da uyqulanmalıdır. Deyəsən, o biri telekanallar da "əl-ayağa” düşüb. ATV-də yayımlanan "Öz aramızda” verilişi də yayımını dayandırıb. Amma məsələ burasındadır ki, telekanallar hər dəfə cild dəyişikliyinə gedir. Bir verilişin bağlanmasının ardınca eyni aparıcının təqdimatı ilə başqa bir telelayihənin efirə çıxdığının şahidi oluruq. Bir misal. ANS-dəki "İncə maraqlar” verilişinin aparıcısını canlı yayımda işlətdiyi təhqiredici ifadəyə görə telekanal rəhbərliyi efirdən kənarlaşdırdı. Sonrası nə oldu? İndi həmin xanım yenidən efirə qayıdıb. Təxminən, elə həmin telelayihə ilə. ATV də məlumat yayıb ki, "Öz aramızda” bağlanıb, amma Zaur Baxşəliyevin aparıcılığı ilə iki yeni layihə olacaq. Ad nə olur-olsun, məzmunun dəyişməyəcəyi şəksizdir. Burda belədir. Aparıcı kimi məzmun da eyni qalır. Yenə qışqır-bağır, ərsiz arvadlar, qovulmuş gəlinlər, atasız uşaqlar, qoşulub qaçmış qızlar, uzaqbaşı, köhnə palan içinin ortalığa tökülməsi. Müğənnilərin özəl və "gözəl” həyat səhnələri. Bir də bozbaş! Aşbazların başıaçıq, əlcəksiz bişirdiyi yeməklərin aparıcıların marçıltı ilə yeməsi.
Telekanallarımızda bunlardan savayı başqa nə var...
Efir vaxtını nəylə "doldurmalı”?
Deməli, MTRŞ hücum taktikasını seçib. Başda ANS olmaqla digər telekanallara da "özünüzü yığışdırın” deyir. Belə vəziyyətdə telekanallar da ənənəvi sualla çıxış edə bilər; bəs efir vaxtını nəylə dolduraq? İfadəyə fikir verin, "dolduraq!”. Bu, bizim ifadə deyil. Dəfələrlə müxtəlif telekanal təmsilçiləri bu ifadəni işlədiblər. Bununla etiraf ediblər ki, məsələ məhz efirin nəyləsə doldurulmasındadır, efirə veriləcək verilişlərin keyfiyyəti, cəmiyyət üçün lazımlılıq dərəcəsi, əxlaqi, tərbiyəvi əhəmiyyət daşıması yox. Sanki efir bazar zənbilidir, mütləq onu nəyləsə doldurmaq lazımdır.
Özü də bədxərc, yalnız özünü düşünən qadınların əlindəki zənbildən. Özümə nə sərf edirsə, nəyi istəyirəmsə, onu da alıram. Ona görə də Azərbaycan teleməkanında bir qrup tamaşaçının istəklərinə hesablanmış verilişlər peyda olur. Bizim telekanallar geniş düşünə və geniş auditoriyaları əhatə edə biləcək verilişlər hazırlamır və ya hazırlaya bilmir. Artıq neçə illərdir, Azərbaycan televiziyalarının daimi tamaşaçısı yalnız evdar qadınlardan ibarətdir. Hansısa veriliş barədə məlumat almaq istəyirsənsə, mütləq ya bir təqaüdçüdən soruşmalısan, ya da evdar qadından. Onlardan savayı bizim telekanallara baxan yoxdur. Azərbaycanın əsas tamaşaçı auditoriyası çoxdan öz telekanallarından imtina edib. Haqlıdır da. Çünki bizim telekanallar xaricilərin ardınca "sürünür”. "Kopyalamaq”dan heç cür yaxa qurtara bilmirlər. Məsələn, bir halda ki, mən Türkiyənin məşhur aktyoru Səlçuk Yöntəmin aparıcılığında "Böyük risk” layihəsini artıq izləmişəm, daha bunun Az.TV-dəki sönük variantına niyə vaxtımı sərf edim? Yaxud, "O səs Türkiyə”, "Yetənək sizsiniz - Türkiyə” layihələri hədsiz maraqla baxılıbsa, bunun ATV-dəki "saxta” variantına kim baxar? Eləcə də, Rusiya telekanallarında bu gün də yayımı davam etdirilən və tamaşaçısı azalmayan onlarla telelayihənin adını çəkmək olar ki, çəkiliş studiyalarının tərtibatından tutmuş, işıqlandırmaya, dəvət olunan ekspertlərin və aparıcıların seçimi, aparıcıların geyiminə qədər hər şey mükəmməldir. Kiçik bir misal, bizim telekanallarda hava proqnozuna şounun tərkib hissəsi kimi yanaşıldığı halda, Türkiyə və Rusiya telekanallarında hava haqqında məlumatı ixtisaslaşmış şəxslər təqdim edir. Həm də ciddi geyimdə. Daha bizim bəzi telekanallarda olduğu kimi hava proqnozunu deyən xanım özünü sanki podiuma çıxar kimi geyinib, əzilib-büzülmür, göz-qaş oynatmırlar. Azərbaycan telekanalları həqiqətən də boşluq problemi yaşayır. Efiri "doldura” bilməyənlər çıxış yolunu naftalin qoxusu verən kinofilmləri "raskrutka” etməkdə görür. Sevdiyimizə rəğmən, axı nə qədər "Yeddi oğlu istərəm”, "Axırıncı aşırım”, ya da "müasir” - "Bəyin oğurlanması”, "Qayınana” filmlərini izləmək olar. Dublyaj olunmuş filmlərdə isə nəinki 2, hətta 3 səs eşidilir. Əsli, birinci dublyaj və ikinci dublyaj. Yerdə nə qalır? Yerli istehsal olan bambılı komedilər və yarımdramatik dizilər. Telekanalların istəyi budur ki, heç kim onların mətbəxinə müdaxilə etməsin. Onlar da əxlaqsız müğənniləri dəvət edib, külli-cəmiyyəti "ər davası”na tamaşa etmək məcburiyyətində qoysunlar. Adına da, "sosial sifariş budur” deyirlər. Birisinin bəh-bəhlə yediyi mənəviyyatsızlığı başqalarına qızıl boşqabda təqdim edib "tamaşaçı bunu istəyir” deməsi tam bir rəzalətdir. Efiri doldurmağı özü üçün həyati vacib problem sayan telekanal rəhbərlərinə bir məsləhət verə bilərik: doldurmaq sizin üçün çətindirsə, efiri cəmiyyətimizə, xalqa gərəkli verilişlərlə zənginləşdirə bilmirsinizsə, yayım saatlarını azaldın. Gərək mütləq 24 saat və ya fasiləsiz yayım olsun? Yayımı 12 saat, hətta 6 saat etmək də mümkündür. Yerdə qalan vaxta yaxşısı budur, "Mədəniyyət” kanalı kimi klassik musiqilər səsləndirəsiniz. Hər halda klassik musiqiyə qulaq asıb etik, estetik tərbiyə almaq şit, ucuz şoulara baxıb, müğənnilərin dedi-qodularına qulaq yoldaşı olmaqdan qat-qat yaxşıdır. Burada isə telekanallar daş atıb başını tutur ki, belə olsa, dolana bilməyəcəyik. Sponsorlar şouya pul verir, ciddi verilişlərə yox. Telekanalın şousuz qalması suisist deməkdir. Heç də yox. Bunu söyləməklə öz əməllərinə şərik axtarırlar. Ciddi, maarifləndirici verilişlərin də yetərincə sponsorları var. Sadəcə, bir qədər az qazanmağı gözaltı etmək lazımdır. Az olsun, amma təmiz olsun!..
Məlahət Rzayeva