Xanlar Xoca: “Jurnalistlər vətəndaşlıq mövqeyindən çıxış etməlidir”
Ələsgər Məmmədli: "Yanlış informasiyalar hər şeydən əvvəl cəmiyyətdə inamsızlıq yaradır”
Son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində intensiv döyüşlərin getdiyinə dair xəbərlər yayılmaqdadır. Cəmiyyətin cəbhədə baş verənlərə marağının böyük olması təbiidir. Medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbulediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir. Ötən ilin iyul-avqust aylarında cəbhədəki son gərginlik zamanı bir sıra media, o cümlədən internet resursları hərbi texnikamızın hərəkət trayektoriyası, tankların sayı, nömrələri, bir sözlə, hərbi sirr sayılan, dövlətin milli maraqlarına uyğun olmayan materialları yayımladılar.
(... əvvəli ötən sayımızda)
Amma həmin vaxt təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə də internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirdi. Buna rəğmən aidiyyəti qurum bəzi KİV-lərin yenə də dezinformasiya yaymasından gileylənib.
Qeyd edək ki, Müdafiə Nazirliyi bəzi yerli kütləvi informasiya vasitələrini erməni tərəfinin xüsusi təbliğat fəaliyyətində iştirak etməkdən çəkinməyə çağırıb.
Açıqlamada Azərbaycanda bəzi KİV-lərin erməni mətbuatında dərc edilən və dezinformasiya xarakteri daşıyan məlumatları tirajladığına diqqət çəkilib və bildirilib ki, bundan sonra cəfəng xarakterli bu cür informasiyalarla bağlı Müdafiə Nazirliyi şərh verməyəcək.
Maraqlıdır, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yerli KİV-də dərc edilən dezinformasiyalarla bağlı açıqlama verməkdən imtina etməsi nə dərəcədə doğru addımdır? Bu, dezinformasiya xarakterli məlumatların daha geniş miqyasda yayılmasına, susqunluğun bu məlumatların təsdiqi kimi qarşılanmasına səbəb olmayacaqmı? Həqiqətənmi dezinformasiyaya qarşı ən effektiv mübarizə üsulu sükutdur?
"Axar.az” saytının baş redaktoru Anar Niftəliyevin fikrincə, Azərbaycan mediasının cəbhə xəbərlərinə necə yanaşması ilə bağlı artıq aydın, düşünülmüş və sistemə salınmış siyasət mövcuddur: "Xatırlayırsınızsa, ötən ilin avqust hadisələri zamanı mediamızdakı təcrübəsizlikdən dolayı ideoloqlar və informasiya texnologiyası peşəkarları tədbirlər də keçirdilər, açıqlamalar da verdilər və bu siyasətin konturlarını göstərdilər. Bir daha aydın şəkildə izah olundu ki, jurnalistlər düşmənlə üz-üzə olduqlarını heç zaman unutmasınlar. Biz müharibə şəraitindəyik və
ermənilərlə hər sahədə müharibə apardığımızın fərqində olmalıyıq. Bu baxımdan erməni mediasında qəsdən, düşünülmüş surətdə ortaya atılan təxribat xarakterli informasiyaların bizdə tirajlanması əlbəttə ki, düşmənin məqsədinin reallaşmasına xidmət etməkdir. Təbii ki, həmkarlarımız bunu qəsdən etmir, yalnız xəbərçilik hissindən doğur bu yanlışlıq. Ancaq cəbhə xəbərlərində düşmənin informasiya siyasətinin qurbanı olmamaq üçün xüsusi həssaslıq göstərməyimiz vacibdir.
Müdafiə Nazirliyinin yerli mediada yayılan dezinformasiyalara reaksiya verməməyinə gəldikdə isə baş redaktor bunun heç də deyilən kimi olmadığını qeyd edib: "MN mətbuat xidməti erməni mediasında yayılan məlumatlara mümkün olduqca reaksiya verir və ölkə mediasına vaxtaşırı xəbərdarlıq ünvanlayır. Ancaq bu da əndazə daxilindədir: erməni mediasının hər gün yaydığı onlarla təxribat xarakterli xəbərlərə MN reaksiya verə bilməz və verməməlidir də. Diqqət edirsinizsə, ermənilər artıq başqa taktika seçiblər: "öldürdükləri” əsgərlərimizin ad-soyadını, doğum tarixini, hətta hansı rayondan çağırıldıqlarını və orduya nə vaxt getdiklərini son dezinformasiyalarında "yerli-yataqlı” yazmışdılar. Bu xəbərin ilk baxışdaca təxribat xarakterli olduğu görünmürmü? Erməni mediası, guya, ölən əsgərimizin ad-soyadını, doğulduğu ili hardan bilir? Bu gülünc və bəsit təxribata jurnalistlərimiz necə inana bilər?
Müqayisə üçün deyək ki, Azərbaycan MN-i bircə dəfə də olsun, öldürülən erməni əsgərlərinin adını açıqlamayıb və açıqlaya da bilməz. Rəsmi olaraq, yalnız sayı yazılır. Öldürülən erməni əsgərlərinin adını biz həmişə Ermənistan MN-in yaydığı məlumat əsasında öyrənirik və ümumiyyətlə, bizə hansı "yan”ın öldürüldüyü yox, torpağımıza soxulan işğalçılardan neçəsinin ölməsi maraqlı ola bilər”.
MN-in hər hansı xəbərə reaksiyasının gecikməsi məsələsinə qaldıqda isə baş redaktor əlbəttə ki, media işçisi olaraq mətbuat xidmətinin daha çevik, həmçinin bir qədər də ərkli fəaliyyətinin tərəfdarı olduğunu deyib: "Hesab edirəm ki, hər hansı xəbər portalında yanlışlıq varsa, MN mətbuat xidməti o redaksiya ilə dərhal təmasa keçə bilmək ərkində olmalı və jurnalistlər də bunu normal qarşılayıb, qarşılıqlı əməkdaşlıq etməlidir. Ümumiyyətlə, hər zaman demişəm ki, bu məsələdə bütün redaksiyalar özləri MN mətbuat xidmətinə müstəsna hüquq tanıyır. Məncə, MN mətbuat xidməti bundan məharətlə istifadə edə, xüsusilə rus dilində versiyaları olan saytlarla münasibətləri yüksək əməkdaşlıq səviyyəsinə qaldıra bilər. Bundan ancaq qazana bilərik”.
"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə hesab edir ki, istər dinc dövrdə, istərsə də müharibə şəraitində hərbi məlumatlarla bağlı xüsusilə diqqətli olmaq vacibdir: "Çox yaxşı olar ki, gün ərzində heç olmasa, 3 dəfə MN mətbuat xidməti son vəziyyətlə bağlı məlumatı qurumun rəsmi saytında yerləşdirsin. Amma o fikirlə razı deyiləm ki, nazirlik dezinformasiyaya münasibət bildirməyəcək. Mətbuat xidməti bəs nə üçündür? Məhz onun münasibətindən sonra oxucu biləcək ki, bu dezinformasiyadır, amma münasibət bildirilməsə, oxucu da belə düşünəcək ki, deməyə söz tapa bilməyiblər. Mətbuat xidməti mətbuatla sıx əməkdaşlıq etməlidir, hərbi sahədən yazan jurnalistlərə vaxtaşırı treninqlərin keçirilməsini təşkil etməlidir”.
Jurnalistlərin Müdafiə Nazirliyinə ünvanladıqları suallara vaxtında cavab ala bilməmək narazılığına gəldikdə isə baş redaktor deyib ki, bu, məlum məsələdir və jurnalistlər haqlıdır: "Məncə, belə olduqda, jurnalistlər vətəndaşlıq mövqeyindən çıxış etməlidir. İtkimiz varsa, onu dərhal yazmaqla geri qaytarmaq olmaz, amma yoxdursa, bu, orduda və cəmiyyətdə psixoloji gərginliyə səbəb ola bilər. Ona görə də media olaraq MŞ vasitəsilə MN rəhbərliyindən mətbuat xidmətinin işinin daha operativ işləməsinin təmin olunmasını xahiş etməkdən başqa yol görmürəm. Əks halda, özümüz də bilmədən həqiqətən erməni dəyirmanına su tökmüş olarıq”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də deyib ki, həqiqəti əks etdirməyən xəbərlər, dezinformasiyalar yaymaq KİV-in vəzifəsi deyil: "Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının qanununda da qeyd olunub ki, KİV birmənalı olaraq qərəzsiz, obyektiv və balanslı, dəqiq məlumat yaymalıdır. Bu baxımdan cəbhə xətti və ölkənin müdafiə sistemi ilə bağlı yayılan xəbərlərdən nazirliyin narahatçılığı varsa, yayılan dezinformasiyalardan zərər görməsi ilə bağlı müraciət yayması başadüşüləndir. Amma bu, hüquqi sənəd kimi də qəbul edilməməlidir. Ən azından qanunla bu mümkün deyil.
Xatırlayırsınızsa, ötən ilin yay aylarında Müdafiə Nazirliyinə aid olan məqamlar, yəni Azərbaycan ordusunun döyüş hazırlığı və dislokasiya yerləri ilə bağlı çoxsaylı məlumatlar yayıldı. Sonradan isə məlum oldu ki, həmin məlumatların heç bir əsası yoxdur. Əgər kimsə düşünürsə ki, ordu ilə bağlı bu cür məlumatların yayılması ordumuzun xeyrinədir, yanılır. Yanlış informasiyalar hər şeydən əvvəl cəmiyyətdə inamsızlıq yaradır. KİV-in məsuliyyətini və etibarını aşağı salır. O cümlədən də haqqında dezinformasiya yayılan quruma zərər verir. Hesab edirəm ki, nazirliyin mediada ordumuzun müdafiə qabiliyyəti ilə bağlı həqiqətə söykənməyən məlumatların yer almasından narahatçılığı və adekvat müraciəti normaldır. Qeyd etdiyim kimi, bu, hüquq müstəvisində öz həllini tapacaq məsələ deyil. İctimai münasibətlər müstəvisində mediaya ünvanlanmış açıq müraciətdir”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yerli KİV-də dərc edilən dezinformasiyalarla bağlı açıqlama verməkdən imtina etməsinin nə dərəcədə doğru addım olduğuna gəldikdə isə ekspert deyib ki, görünür, nazirliyin məsul şəxsi bir qədər hirsli davranaraq bu cür bəyanat verib: "Nazirliyin və səlahiyyətli şəxslərin heç bir halda media nümayəndələri arasında ayrı-seçkilik etmək və kiminsə sualını cavablandırmamaq kimi bir haqqı yoxdur.
Nazirliyin borcudur ki, informasiya almaq üçün onlara müraciət edən hər kəsə cavab versin. Jurnalist və ya adi vətəndaş olmasından asılı olmayaraq. Əgər Müdafiə Nazirliyi ordu ilə bağlı sistemli şəkildə dezinformasiyaların yayılmasını istəmirsə, ilk növbədə jurnalistləri məlumatlandırmalıdır. Hər gün brifinqlər keçirilməli və cəbhədə baş verən hadisələrlə bağlı jurnalistlərə əhatəli məlumat verilməlidir. Ancaq bu yolla yanlış informasiyaların qarşısını almaq olar. Ordumuzla bağlı dezinformasiya yazan media orqanını cəzalandırmaq Müdafiə Nazirliyinin vəzifəsi deyil. Uzaqbaşı, əsassız xəbərlərdən ziyan görən nazirlik məhkəməyə müraciət edib təkzib və ya cərimə tələb edə bilər. Yoxsa ki, "Müdafiə Nazirliyi bundan sonra yanlış informasiya yazan KİV-lərə heç bir açıqlama verməyəcək” demək birbaşa jurnalistin məlumat almaq hüququnun pozulmasıdır. Müdafiə Nazirliyi hüququ pozan jurnalisti hüququ pozaraq cəzalandırmamalıdır”.
Şəymən