Suriyada "İslam dövləti” terror təşkilatına qarşı hava əməliyyatlarına başlayan Rusiya qeyri-qanuni addım atıb. Rusiyaya məxsus bombardmançı təyyarələrdən biri qanunsuz şəkildə Türkiyə hava məkanına daxil olub. Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib ki, hadisə 3 oktyabrda Hatayın Yayladağı bölgəsində baş verib. Məlumata görə, Rusiyanın qırıcı təyyarəsi Türkiyə hava məkanı üzərindən Suriyaya keçib. Bundan sonra Rusiyanın Ankaradakı səfiri XİN-ə çağırılıb və ona belə hadisənin bir də təkrarlanması üçün xəbərdarlıq edilib.
Xarici işlər naziri Firidun Sinirlioğlu isə rusiyalı həmkarı Sergey Lavrov, ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri, Fransa və Böyük Britaniyanın XİN başçıları ilə əlaqə saxlayıb. Pentaqon və NATO bildiriblər ki, Suriyada hava zərbələrinə başlayan Rusiya təyyarələri İŞİD-i yox, prezident Bəşər Əsədə qarşı döyüşən qərbyönlü qiyamçıların nəzarətində olan ərazini hədəfləyib. Rusiyanın Ankaradakı səfirliyi isə Türkiyə Xarici İşlər Nazirliyinin Kremlə xəbərdarlığını şərh edib. Səfirliyin mətbuat katibi İqor Mityakov Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozduğunu etiraf edib: "Həqiqətən də belə insident baş verib. Şənbə günü Türkiyə rəsmiləri Rusiyanın Ankaradakı səfiri Andrey Karlovla söhbət aparıb. Səfir məlum insidentlə bağlı məlumatlandırılıb və Rusiya tərəfinə nota verilib. Bununla bağlı Türkiyənin Rusiyadakı hərbi attaşesinə də izahat verilib”.
Rusiya yeddi ölkəyə qarşı....
Fransa, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya və ABŞ müraciətlərində Rusiyanın Suriyada müxalifətə qarşı yox, ancaq İŞİD-ə qarşı əməliyyat keçirməyə çağırıb. Rusiya rəsmiləri isə çağırışa sərt münasibət bildiriblər. Rus politoloqlar da Qərbi bu çağırışdan dolayı qınayıblar. Onlar deyiblər ki, Suriya müstəqil dövlətdir və BMT-nin üzvüdür: "BMT-nin üzvü olan ölkələrin ərazisinə təcavüz yolverilməzdir. Yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə əməliyyatlar keçirilə bilər. Ancaq heç bir qərar olmadan Qərb dövlətləri Suriya ərazisini illərdir bombalayırlar. Arqumentləri də budur ki, Suriya ərazisində İŞİD fəaliyyət göstərir. Lakin Suriyanın hazırkı dövlət başçısı özü Rusiyadan yardım istəyib. Ona görə də Rusiya Bəşər Əsədə kömək etmək və İŞİD-ə qarşı vuruşmaq üçün qanuni əməliyyatlar həyata keçirir. Rusiya bu məsələdə haqlıdır”.
Moskva şərti pozub...
ABŞ mətbuatının yaydığı xəbərə görə, Rusiya qırıcı-bombardmançıları Homs və Hama əyalətindəki antihökumət qiyamçılarının olduğu ərazini vurub. Suriya müxalifəti dinc əhali arasında ciddi tələfat olduğunu bildirib: "Rusiyanın hərbi təyyarələri Zəfərane, Rastan və Talbise qəsəbələrini bombardman ediblər və nəticədə 36 mülki şəxs həlak olub. Onların arasında uşaqlar var”. Rusiyanın Müdafiə Nazirliyi isə "İslam dövləti” adlanan təşkilatın kommunikasiyalarına, silah anbarlarına və yanacaq bazalarına zərbə endirildiyini bildirib. ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyanın yalnız İŞİD və "Əl-Qaidə” mövqelərini hədəfləməsinə razılıq verib.
"Suriya bütöv və dünyəvi dövlət kimi qalmalıdır...”
Rusiyanın dövlət televiziyası Moskvanın "yenidən superqüvvə kimi dünya meydanına qayıtdığını” elan edən proqramlar yayımlayıb. ABŞ dövlət katibi Con Kerri isə Rusiya xarici işlər naziri Sergey Lavrova zəng edərək Vaşinqtonun narazılığını bildirib. O, yaranmış vəziyyəti "son dərəcə təhlükəli” adlandırıb. Daha sonra yayılan xəbərə görə isə görüşmələrin ardından Moskva və Vaşinqton arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən Suriya bütöv və dünyəvi ölkə kimi qalmalıdır.
"Terrorizmlə müharibə diplomatların işidir, hərbçilərin yox...”
Rusiya mətbuatı yazıb ki, Suriyada əməliyyatlar keçirən rus qoşunu standartdan yüksək günəmuzd alırlar. Məlumata görə, zabitlər gündəlik 62, əsgərlər 43 dollar gündəlik pul qazanırlar. Rəsmilər ümumilikdə Suriyada 1500 rus hərbçisinin olduğunu bildirirlər. Sankt-Peterburq Əsgər Anaları Komitəsinin rəhbəri Ella Polyakova deyib ki, hökumətin xaricdəki münaqişələrə cəlb edilən hərbçiləri aldatması ilk dəfə deyil və Suriyadakı müharibə də istisna olmayacaq: "Əlbəttə, bu qərar bizi çox narahat edir. Biz gürcü müharibəsindəki təcrübəni xatırlayırıq, o vaxt çağırışçılar ölkə qanunvericiliyinə zidd olaraq, Rusiya sərhədlərindən kənarda döyüşməyə göndərildi. Əfqanıstanı xatırlayaq, adamlar hökumətin məsuliyyət daşımadığı ağır travmalar aldı. Fikrimcə, terrorizmlə müharibə təhlükəsizlik qüvvələrinin və diplomatların işidir, hərbçilərin yox”.
"Rusiyanın hərbi gücü İŞİD-i məhv edə bilər...”
Politoloq Tofiq Abbasov bildirib ki, Suriya ilə Rusiya arasında böyük strateji əhəmiyyət daşıyan əməkdaşlıq müqaviləsi var. Rusiyanın Suriya müharibəsinə qatılması isə koalisiya mübarizəsinin ikinci mərhələsinin başlanğıcıdır: "İŞİD heç bir məntiqə sığmayan, terror vasitəsilə bölgəyə təhlükə törədən qüvvədir və onu kənardan bəzi ölkələr qeyri-rəsmi şəkildə dəstəkləyir. Yəni onların maliyyə mənbələri mövcuddur, yeni hərbi avadanlıq ala bilirlər, öz sıralarına canlı qüvvə cəlb edə bilirlər. Rusiyanın bu müharibəyə qatılması isə daha təsirlidir, çünki nəticələri var. Son günlər Rusiyanın qırıcı təyyarələri İŞİD-in hərbi qərargahını, kommunikasiya sistemlərini və digər müxtəlif mövqelərini dağıdıb. Əgər İŞİD-in qurduğu şəbəkə dağıdılarsa, onun gücü də azalar. Kəşfiyyat məlumatlarından geniş istifadə edilməlidir ki, İŞİD-ə qarşı təsirli mübarizə aparmaq mümkün olsun. Məhv edilən məhz ölüm törədən mərkəzlər olsun. Bəzi ölkələr Rusiyanın bu addımını etirazla qarşılayır, lakin nəzərdən qaçırmaq lazım deyil ki, Rusiya tək deyil. Əvvəla, SSRİ ilə Suriya arasında 1971-ci ildən hərbi-texniki əməkdaşlıq haqqında razılaşma var. Rusiya 2005-ci ildə sözügedən müqavilənin vaxtını uzadıb. Bundan sonra isə rəsmi Moskva Suriyanın 10 milyardlıq borcunu silib. İki dövlət arasında genişmiqyaslı strateji əhəmiyyət daşıyan əməkdaşlıq müqaviləsi var. Ondan qaynaqlanaraq, HƏMAS rəsmi Moskvaya müraciət edib. Bəşər Əsədə sadiq nizamlı ordu, kürd müqavimət hərəkatı və "Hizbullah” da bu proseslərdə yaxından iştirak edir. Bunlar arasında koordinasiya mütəşəkkil şəkildə aparılarsa, İŞİD kimi təhlükəli qüvvə məhv edilə bilər”.
İsmayıl