Universitetlər də akkreditasiyadan keçəcək

İndiki şəraitdə Təhsil Nazirliyi haqlıdır. Çünki ali təhsil müəssisələrindəki mövcud sistem bəzi özbaşınalıqlar yaradır



"Ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerləri tədricən ləğv ediləcək və universitetlər akkreditasiyadan keçəcək”. Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Hazırda bununla bağlı hazırlıq işlərinin aparıldığını deyən C.Bayramovun sözlərinə görə, ödənişli əsaslarla plan yerlərinin ləğv edilməsi o demək deyil ki, ondan sonra təhsil müəssisəsi istənilən sayda tələbə qəbul edə bilər.

Nazir müavini bəyan edib ki, bir çox aparıcı ölkələrin təhsil sistemlərində bu model tətbiq edilir: "Ali təhsil müəssisələri akkreditasiya prosesindən keçirlər. Bu prosesdə dövlət standartları mövcuddur. Burada hər bir istiqamət üzrə müəyyənləşdirilir ki, ali təhsil müəssisəsinin hər bir tələbə üçün nə qədər auditoriya, kitabxana fondu var. Bu və ya digər ixtisasın açılması və tədris olunması üçün nə qədər kafedra, kafedralarda işləmək üçün hansı səviyyəli elmi dərəcəli kadrlar var. Həmin kriteriyalar nəzərə alınmaqla ali təhsil müəssisəsi öz potensialına uyğun olaraq tələbə qəbulu apara bilər”. C.Bayramov onu da bildirib ki, bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə formalaşır: "Bunlar dövlət sifarişi və ödənişli əsaslarla olan plan yerləridir. Dövlət sifarişi ilə bağlı vəziyyət aydındır. Burada dövlətin özünün prioritetləri var və müəyyənləşdirilir ki, hansı sahədə nə qədər mütəxəssisin hazırlanmasına ehtiyac var. Bu plan yeri üzrə qəbul olunan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Əslində ödənişsiz təhsil yoxdur. Sadəcə olaraq, bu təhsilin xərcləri dövlət tərəfindən ödənilir”.

Universitetlərin akkreditasiya məsələsini şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında deyib ki, bizdə ali təhsil müəssisələrinin bazarı yoxdur. Yəni dövlət universitetləri ilə özəl ali təhsil ocaqları arasında ciddi rəqabət müşahidə olunmur: "Rəqabət olsaydı, nazirliyin əlavə müdaxilələrinə ehtiyac qalmaz. Amma indiki şəraitdə Təhsil Nazirliyi haqlıdır. Çünki ali təhsil müəssisələrindəki mövcud sistem bəzi özbaşınalıqlar yaradır. Ümumiyyətlə, əksər özəl məktəblərdə neqativ hallar baş alıb gedir. Ona görə də özəl ali məktəbləri tam müstəqil buraxmaq olmaz. Universitetlərə istədikləri sayda tələbə qəbul etmək hüququnun verilməsi ciddi qarışıqlıq yarada bilər. Bu baxımdan vurğulanan akkreditasiya məsələsi məqsədəuyğundur. Dövlət akkreditasiyasından keçmək elə ali təhsil ocaqlarının qeydiyyata alınması deməkdir. Əgər universitetin apardığı təhsil fəaliyyəti normaldırsa, nazirlik həmin ali təhsil müəssisəsinə hər cür imkan yaradır. Eyni zamanda zəruri hallarda universitetə müdaxilə imkanı da əldə etmiş olur. Mən də hesab edirəm ki, özəl universitetlər istədikləri qədər tələbə və müəllim qəbul etməməlidir”. Ekspert bildirib ki, bir müddət öncə nazirlik bəzi özəl məktəblərdə araşdırmalar apardı və ciddi qanunsuzluqlar aşkarladı. Amma özəl universitetlərin rektorları heç bir məsuliyyətə cəlb olunmadı. Görünür, güclü dayaqları olub. Bu baxımdan təhsil nazirinin onlarla mübarizəsi çox çətinliklə aparılır”.

İsmayıl