Nuşirəvan Məhərrəmli: "Telekanallar uşaqlarla bağlı verilişlərin sayını artırmalıdır"

“Azərbaycanda uşaqlar xarici cizgi filmlərinin ruhunda tərbiyə alır, bu yolverilməzdir”
"Uşaq telekanalının yaradılması çox vacibdir"


 "Azərbaycanda uşaqlar daha çox xarici ölkələrin istehsalı olan cizgi filmlərinə baxır və həmin ruhda tərbiyə alırlar, nəinki milli ruhda. Bu yolverilməzdir. Ona görə də televiziya kanalları öz proqram siyasətlərində dəyişiklik etməli, uşaqlarla bağlı verilişlərin sayını artırmalıdır”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, son zamanlar bu sahədə müəyyən qədər canlanma var: "Bu ciddi məsələdir. Hazırda Qubada fəaliyyət göstərən "Günəş TV” yalnız uşaqlarla bağlı filmlər, cizgi filmləri göstərir. Biz bunu alqışlayırıq. Əslində o kanalının özünün istiqaməti ümumidir.

Amma biz istərdik ki, Azərbaycan efirində uşaq televiziyası da olsun. Uşaq telekanalının yaradılması çox vacibdir. Amma bu böyük dövlətlər üçün xarakterikdir. Azərbaycan ərazisinə, auditoriyasına görə o qədər də böyük deyil. Hazırda televiziya kanallarının bəziləri uşaq studiyaları açır və cizgi filmləri çəkmək haqda düşünür. Bu sahədə bizim narahatlığımız çoxdur. Ölkə prezidentinə cizgi filmlərinin çəkilişi, cizgi filmlərini çəkməklə bağlı mütəxəssislərin hazırlanmasına görə Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayrılması üçün müraciət etmişdik”.
MTRŞ sədri qeyd edib ki, Azərbaycanda uşaq verilişləri ilə bağlı arxiv bazası yoxdur: "Buna çalışmaq lazımdır. Biz buna doğru gedirik. Məsələn, böyük dövlətlər cizgi filmləri çəkib, onu başqa dövlətlərə sata bilir. Amma bizdə bu gün o imkanlar yoxdur”.