Səadət Məmmədova: “Mediaya sadəcə pul qazanmaq üçün gələn adamlar ermənilərlə “qələm və zəka döyüşünə” nə dərəcədə hazır ola bilər?!”
Qarabağ mövzusunun dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu əvəzsizdir. Bugünə qədər müxtəlif təşkilatlar tərəfindən "Qarabağ həqiqətlərinin mediada düzgün təbliği” istiqamətində həyata keçirilən çoxsaylı layihələrin əsas məqsədi də Qarabağ mövzusunun KİV-lərdə geniş işıqlandırılmasına nail olmaqdır.
Media qurumları çalışmalıdır ki, qərəzli onlayn mətbuatda və sosial şəbəkələrdə Qarabağ problemi haqda yanlış informasiyaların qarşısının alınmasına dəstək versin. Təbii ki, Qarabağ münaqişəsinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığı da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın müxtəlif bölgələrində, xüsusən cəbhə bölgəsində və məcburi köçkünlərin kompakt məskunlaşdığı ərazilərdə keçirilməsi də məhz media nümayəndələrinin təkmilləşdirilməsinə xidmət edir. Cəbhə bölgəsində baş verənləri bilavasitə izləmək imkanı əldə edən jurnalistlər münaqişə ilə bağlı daha düzgün, ətraflı və təsirli məqalələr yaza bilirlər.
Bəs Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin xarici və yerli mediada təbliğatı kifayət qədər güclüdürmü? Vurğulayaq ki, informasiya müharibəsinin media qolu son dönəmlər fərqli strategiyası ilə diqqət çəkir. Belə ki, forumlarda, sosial şəbəkələrdəki qarşılıqlı söyüşmələr çoxdandır öz yerini düşünülmüş informasiya yayımı taktikasına verib.
"KarabakhİNFO.com” beynəlxalq elektron jurnalın baş redaktoru Zaur Qəriboğlu Qarabağ mövzusunun mediada işıqlandırılmasının qənaətbəxş olmadığını deyib: "Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində informasiya-telekommunikasiya texnologiyalarının xüsusi rolu var. Lakin bizim bu sahədə gücümüz yetərlidirmi? Əlbəttə ki, xeyr. Bu gün Dağlıq Qarabağın ermənilər tərəfindən işğala məruz qalmasını dünya ictimaiyyətinə çatdırmaqda biz çox geri qalmışıq. Ermənilərə məxsus olan "erməni məsələsi” və Qarabağdan yazan kifayət qədər veb-saytlar olmasına baxmayaraq, bu mövzuda yazan Azərbaycan saytlarının sayı heç 100-ə çatmır. Ermənilər internet saytların necə effektiv təbliğat vasitəsi olduğunu çoxdan anlayıblar və tətbiq etməyə başlayıblar. Hətta Ermənistanda və Qarabağda bu məqsədlə yerli internet istifadəçilərinə treninqlər də keçirilir. Onlara "Ermənistan və Qarabağ barədə həqiqəti” necə yazmalı olduqlarını öyrədirlər. Bu işdə onlara Ermənistanın dövlət orqanları yaxından kömək göstərirlər. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarının adları ilə özlərinə "erməni saytları” yaradıblar. Ancaq biz saytın ünvanı məsələsində uduzuruq. İnternet məkanında Dağlıq Qarabağ məsələsi ilə bağlı daha çox təbliğat aparılmalıdır”. Z.Qəriboğlu bildirib ki, Qarabağ məsələsini ictimaiyyət üçün əsas mövzuya çevirmək lazımdır: "Bu istiqamətdə fəaliyyət göstərən elektron media ilə şou saytlarının oxucu kütləsi fərqlidir. "KarabakhİNFO.com” elmi saytdır və təbliğat xarakterlidir. Ancaq bu təbliğat geniş kütləni əhatə edə bilmir. "KarabakhİNFO” üç ilə yaxındır ki, fəaliyyət göstərir, ancaq hələlik oxucu sayı ilə qürrələnə bilmərik. Biz bu istiqamətdə yorulmadan işimizi davam etdirməliyik. Vurğulayım ki, biz bu istiqamətdə tək işləmirik. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) da bu istiqamətdə böyük işlər görüb. Assosiasiyanın xətti ilə belə tipli iki sayt yaradılıb. Assosiasiya həmçinin, Qarabağ həqiqətlərinin beynəlxalq arenaya çatdırılması istiqamətində saysız kitablar nəşr etdirib. Bunlardan biri də AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun müəllifi olduğu "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabıdır. Bu kitab Amerika, Rusiya və Ukraynada nəşr olunub. AVCİYA-nın digər nəşri "Azərbaycanın erməni vətəndaşları - təhlükəsizlik təmin olunur” kitabını misal çəkmək olar. Bu kitab Diaspor Jurnalistlər Birliyinin xətti ilə Hollandiya, Gürcüstanda, Almaniya, Avstraliya və digər ölkələrdə geniş şəkildə yayılıb”. Baş redaktor Qarabağ mövzusunda yazan jurnalistlərin peşəkar olmasının vacibliyini qeyd edib: "Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. İstər çap və elektron media, istərsə də televiziya bu sahəyə diqqətlə yanaşmalıdır. Dəfələrlə mətbuat və şəxsi münasibətlər vasitəsilə media işçilərini əməkdaşlığa dəvət etmişik. Təəssüflər olsun ki, bu sahədə çalışan jurnalistlərin sayı azdır. Buna görə də biz Qarabağ, ümumiyyətlə, hərbi mövzuda yazan jurnalistlər üçün təlim keçirmək istəyirik. Avqust ayında cəbhə bölgəsində erməni təxribatı baş verəndən sonra xüsusən elektron mediada kim nə istədisə, onu da yazdı. Eləcə də cəbhə bölgəsindəki son hadisələrdə də eyni hal yaşandı. Onu da deyim ki, xaricdən maliyyələşən bəzi KİV-lər bir növ Azərbaycanın əleyhinə işləyən məlumatlar yayırlar. Həmin media orqanlarının rəhbərləri bilmirlər ki, erməni mətbuatı bundan istifadə edir? Mən düşünürəm ki, regionda Azərbaycan ordusu güclü ordulardan biridir. Ermənistan ordusundan isə qat-qat güclüdür. Tez-tez cəbhə bölgəsində olan adam kimi deyə bilərəm ki, orduda neqativ hallar yaşanmır. General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunanda orduda müsbət mənada dəyişiklik hiss olunur. Ordu ilə xalqın yaxınlaşması baş verir”.
Z.Qəriboğlunun sözlərinə görə, informasiyanın geniş yayıldığı bir zamanda ermənilərə qalib gəlmək üçün mühüm işlər görülməlidir: "İlkin olaraq bu prosesdə təkcə dövlət qurumları, ayrı-ayrı təşkilatlar və vətəndaşlar deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də yaxından iştirak etməlidir. Saytların sayı artmalıdır. Azərbaycanla və Dağlıq Qarabağla bağlı domenlər əldə edilməlidir. Qarabağdan yazan saytlar arasında interaktiv əlaqə olmalıdır. Daha çox xarici ekspertləri cəlb etmək lazımdır. Virtual məkanda olan forumlara qeydiyyata düşərək Qarabağla bağlı məlumatlar yerləşdirmək lazımdır. "Google”, "Vikipediya”, "Yahoo” və digər saytlarla əməkdaşlıq edilməli, Qarabağla bağlı dəqiq məlumatlar orda öz əksini tapmalıdır. Bu gün tam əminliklə demək olar ki, internet məkanında ermənilərə qarşı mübarizə aparan saytlardan ən yaxşısı AVCİYA-nın təşəbbüsü ilə yaradılan
"KarabakhİNFO.com” saytıdır. Qısa zaman ərzində siyasi xadimlərlə yanaşı, Qarabağla bağlı araşdırma aparan mütəxəssisləri də ətrafına toplamağa nail olan beynəlxalq elektron jurnalı ermənilərin informasiya siyasətinin qarşısını ala bilib. Saytın 10 dildə təqdimatı onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir. Qarabağ həqiqətlərini bütövlükdə özündə əks etdirən "KarabakhİNFO.com”u Qarabağ haqqında ensiklopediya hesab etmək olar.
Tanınmış jurnalist Güldəstə Nəsib də vurğulayıb ki, işğal günləri istisna olmaqla digər vaxtlarda mətbuatda Qarabağ itkisi, müharibə mövzusu yada düşmür. Ancaq bu məsələni birbaşa medianın üzərinə atmaq da doğru deyil: "Mətbuat bacardığını edir. Mediadan möcüzələr gözləmək doğru deyil, təbliğat hər yerdə, bütün sahələrdə aparılmalıdır. Hər səhər məktəbin qarşısında dövlət himnini ala-yarımçıq oxuyub sinfə daxil olmaq kifayət etmir. Dərsliklərdə müharibə mövzusu quru statistikadan o yana keçmir. Uşaqlara müharibənin gerçək üzünü göstərmək, onları arzuladığımız ruhda böyüdə bilməmiz üçün bunlar yetərli deyil. Hərdən fikirləşirəm ki, indiki halda Qarabağ mövzusu bu məmləkətdə bəzilərinə dividend qazanmaq üçün lazımdır. Adında "Qarabağ” sözü olan nə qədər təşkilat var. Amma Qarabağı qaytarmaq, qaçqın, köçkün dərdini ovundurmaq üçün onların heç biri ciddi bir iş görməyib. Qol çırmayıb iş görənlər olmasa da, Qarabağ adını, qaçqın kəlməsini başının üstündə bayraq eləyənlər nə qədər desən var. Bir-iki əsəri saymasaq, müharibə acısını öz eqosunun əsirinə çevrilmiş əxlaqsız təxəyyüllü "yazarlar”la dolub-daşan ədəbiyyatımıza bu mövzunun tezliklə sirayət edəcəyinə dair bir işıq ucu da görünmür”.
Tanınmış telejurnalist Səadət Məmmədova da mediada "Qarabağ”a marağın az olduğunu deyib: "Mən üç internet televiziyada - YURD TV-də işləmişəm. İnternet mediada kliklərin sayına görə, maraq doğuran mövzuları müəyyən etmək çox asandır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair mövzular çox təəssüf ki, klik toplamayan mövzulardandır. İnternet media sahəsində çalışan digər həmkarlarım da təsdiqləyər ki, bir çılpaq müğənninin şəkli və ya onun "dəxlisiz yaradıcılığı haqqında” informasiyalar daha çox oxunur və baxılır, nəinki ciddi siyasi mövzular, o cümlədən Qarabağ mövzusu. ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyi ilə bağlı sorğuya çıxırdıq, hərə bir bəhanə ilə başını tutub qaçırdı ki, mənlik deyil, xüsusilə də gənclər. Amma şou-biznes əhlinin maşınlarının qiymətlərini soruşanda, birnəfəsə cavab verirlər. Mənim fikrimcə, tendensiya bu cür davam edir və Qarabağ mövzusuna maraq azalmaqdadır. Proseslərin gedişində tam yeni və fərqli bir dəyişiklik olarsa, bəlkə cəmiyyətdə Qarabağ mövzusuna maraq arta bilər. Bütün hallarda həm ictimai rəyə təsir edən media mənsubları olaraq, həm də vətəndaş olaraq, Qarabağ mövzusunu daim gündəmin prioritetləri arasında saxlamaq bizim borcumuzdur. Baxılsa da, baxılmasa da, oxunsa da, oxunmasa da. Əsas odur ki, mövzu unudulmasın, hər kəsin gözü hər gün "Qarabağ” sözünü görsün, hər kəsin qulağı bu sözü eşitsin”.
Jurnalistin fikrincə, media orqanlarında çalışan xeyli adamın peşəkarlıq səviyyəsi, savad və dünyagörüşü aşağıdır: "Heç kəs özünü inkişaf etdirmək, mütaliə etmək, önəmli proseslərin tarixi ilə, kökləri ilə maraqlanmaq istəmir. Bir dəfə hardasa şəkli çıxmaqla, bir dəfə efirdə görünməklə özlərini dahi ulduzlar sayanların dönəminə gəlib çıxmışıq. Nadir hallarda qarşıma potensiallı gənclər çıxır. Gündəlik xəbəri normal hazırlaya bilən, bir günün tarixçəsini də olsa, düzgün təqdim etməyi bacaran insana rast gələndə sevinirik. Mediaya sadəcə pul qazanmaq üçün gələn adamlar ermənilərlə "qələm və zəka döyüşünə” nə dərəcədə hazır ola bilər?! İndi mediada çalışanların əksəriyyətində təşəbbüskarlıq çatışmır. Gözləyirlər ki, onlara mövzu verilsin, ya da gündəlik tədbirlə başlarını hərləsinlər”.
İsmayıl