Müzakirələr də tıxaca düşüb

Marşrutu tez-tez dəyişməklə problem həll olunmur
Elə etmək lazımdır ki, vətəndaş 20 qəpiyini ödəməklə şəhərin bir tərəfindən digər tərəfinə gəlib çıxa bilsin


Şəhərdə kimi dindirsən, ictimai nəqliyyatdan narazılıq edir. Aidiyyəti qurumlar tərəfindən yol-nəqliyyat infrastrukturunun tənzimlənməsi istiqamətində müəyyən addımlar atdıqca, paytaxt sakinlərinin giley-güzarı daha da artır. Son aylara qədər sərnişinlər sürücülərin marşrutdan taksi kimi istifadəsindən, sürücülər sahibkarların tələb etdiyi planın çoxluğundan, sahibkarlar isə ictimai nəqliyyatda 20 qəpik gedişhaqqının benzinin qiyməti ilə adekvat olmamasından danışırdı.

Bütün bu problemlərə məsuliyyətli olan Nəqliyyat Nazirliyi isə bu mənzərəni kənardanca izləyirdi. Ancaq indi hamı sözü bir yerə qoyub gündə bir dəfə marşrut xətlərinin istiqamətini dəyişdirib, qrafiki "aşsüzən”ə döndərən qurumun qarasınca deyinir.

Guya ki, edilən şikayətlər fonunda verilən xəbərdarlıqlardan "dərs” çıxaran nazirlik marşrut avtobusları ilə bağlı yaşanan problemləri aradan qaldırıb, sərnişinlərin narazılığına son qoymaq üçün bir neçə aydır əməlli-başlı tər tökür. Amma "operativ” nazirliyimiz həmişəki kimi "qaş düzəldərkən, vurub gözünü də çıxartdı”. Nazirlik rəsmilərinin "ictimai nəqliyyat sahəsindəki bütün problemlər qısa zamanda aradan qaldırılacaq” dediyi gündən üzü bu yanadır yollarda vəziyyət bərbad günə qalıb. Yəni Nəqliyyat Nazirliyi öz ampluasında qalaraq "Ziya”na işləyir.

Qeyd edək ki, oktyabrın 5-də "Baku Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədar bəzi marşrut avtobuslarının istiqamətlərində də dəyişiklik edilib. "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-dən verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, artıq yeni dəyişikliyə görə, Azadlıq prospektindən "28 May” metrostansiyasına kimi gedəcək. Həmçinin 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal-İçərişəhər metrosu - 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan "İçərişəhər” metrosuna kimi hərəkət edəcək. 13 saylı marşrut avtobusu 7-ci mikrorayon-Həsən Əliyev küçəsi-Tbilisi prospekti- "Elmlər Akademiyası” metrosu istiqamətində işləyirdi. İndi bu marşrut xəttini "Baku Bus” MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib. Marşrut xətlərinin dəyişdirilməsi bəzi sərnişinlərin mənzil başına çatmasını çətinləşdirib. Yeni qrafikə görə, şəhərin bir yerindən digərinə getmək üçün 2, bəzi hallarda isə 3 marşrutdan istifadə eləmək lazım gəlir.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, iyul ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakı şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər hissəsində belə bir qərar vardı ki, şəhərdəki avtobus marşrutlarının hərəkəti optimallaşdırılsın və səmərəli təşkil olunsun: "Formal olaraq, bu tədbirlər istiqamətində müəyyən addımlar atılır. Amma nə dərəcədə səmərəli təşkil olunur, şəhərin sərnişin yükünə adekvatdırmı? Bu artıq nəticədən asılı olacaq. Hələ ki səbrlə oturub, gözləməkdən başqa əlacımız yoxdur”.

Ekspertin sözlərinə görə, "Baku Bus” MMC-nin bu prosesə cəlb olunması müsbət haldır: "Demək olar ki, elə bir dənə yaxşı işləri "Baku Bus” lardır. Əgər onlar da əvvəlki marşrutlara qoşulub intizamsızlıq, "avtoşluq” eləməsələr, bu sahədə vəziyyət bir az düzələr”.

Şəhər ərazisində marşrut avtobuslarının qrafikini tez-tez dəyişdirməyin düzgün olmadığını vurğulayan Ə.Hüseynov deyib ki, bəzən belə bir təəssürat yaranır ki, bu dəyişikliklər paytaxtda hərəkət edən marşrut xətlərini tənzimləmək üçün yox, sahibkarların cibini doldurmaq üçün aparılır: "Fikrimcə, Bakıda nəqliyyat problemi yaşandığı bir vaxtda problemi bu şəkildə həll etmək doğru qərar sayıla bilməz. Bu, əsassız dəyişiklikdir. Əgər bu addımlar sahibkarları "zəngin etmək” üçün atılırsa, bunun qarşısı alınmalıdır. Yeni qrafik sərnişinlərin mənzil başına çatanadək daha çox marşrutdan istifadəsinə, nəticədə daha çox pul xərcləməsinə səbəb olur. Marşrut sxemləri dəyişə bilər, amma ayda bir dəfə qrafik dəyişə bilməz”.

Digər ekspert Azər Allahverənov isə bildirib ki, müvafiq qurumlar Bakıda nəqliyyatın qrafiki ilə bağlı müəyyən islahatlar həyata keçirirlər: "Bu islahatlar I Avropa Oyunları zamanı başlayıb, davam edir və böyük ehtimalla gələcəkdə də davam edəcək. Bildiyiniz kimi, "Baku-Bus” MMC fəaliyyətə başlayıb. Digər şirkətlərin də öz marşrutları, qrafikləri var ki, bəzən xətlər təkrarlanır və problemlər yaranır”.

A.Allahverənov da hesab edir ki, şəhərin müxtəlif istiqamətində yaşayan insanların gedəcəyi ərazi üzrə şərait yaradılmalıdır ki, vətəndaş 20 qəpiyini ödəməklə şəhərin bir tərəfindən digər tərəfinə gəlib çıxa bilsin: "Məsələn, Zığ şosesi əhalinin sıx yaşadığı ərazidir. Yeni dəyişikliyə görə, vətəndaşlar şəhərin mərkəzinə gəlmək üçün əziyyət çəkir. Çünki həmin ərazidən şəhərin mərkəzinə gəlmək üçün 3 marşrut dəyişmək lazımdır. Bu halda gəliş-gediş 1 manat 20 qəpik pul edir. İnsanlar, xüsusi ilə tələbələr hər gün 1 manat 20 qəpiyi haradan əldə etməlidir? Digər tərəfdən, bu, vaxt itkisinə də səbəb olur. Məsələn, bu qrafiklə insanlar 1 saat yarıma şəhərdən kənara çıxa bilərlər. Halbuki həmin vaxta Şamaxıya və yaxud digər rayona getmək olar. Bu, çox ciddi məsələdir”.

A.Allahverənov deyib ki, marşrut qrafiklərində dəyişiklik aparanda paytaxt sakinlərinin maraqları nəzərə alınmalıdır: "Vətəndaşlar əlaqədar qurumları tənqid etməkdə haqlıdırlar. Çünki bu cür dəyişikliklər pul və vaxt itkisinə, eləcə də, psixoloji stressə gətirib çıxarır. İstənilən islahat vətəndaşların maraqlarına zidd olmamalıdır, xüsusi ilə ictimai nəqliyyat sektorunda.

Sərnişindaşımada uzun müddət davam edən və ya tez-tez dəyişən islahatlar aparılmamalıdır. Qərar qəbulundan öncə düşünülməlidir ki, hər hansı bir marşrut bağlanırsa, həmin marşrut üzrə

alternativ variant necə olacaq... Marşrutun bağlanması ilə insanlar əziyyətə düşəcəklərsə, bu cür dəyişikliyə qərar vermək düzgün deyil. Aparılan dəyişikliklərə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və başqa bu kimi cavabdeh qurumlar var. Onlar çoxsaylı insanların marağına toxunan məsələlərdə ehtiyatlı olmalıdırlar. Marşrut xətləri elə təşkil olunmalıdır ki, uzun müddət dəyişməz qalsın. Çünki insanlar marşrutlara vərdiş edir, dayanacaqlardakı ünvanları yaddaşına köçürür, sxem dəyişdikdə gərginlik keçirirlər. Bu isə əsəbi mühit yaradır”.

Şəymən