“İşçi qrup beynəlxalq deyil, milli formatdır”

Çingiz Qənizadə: “Çox təəssüf ki, Avropa Şurası anti- Azərbaycan kampaniyasının tərkib hissəsinə çevrilir, təsir altında atılan addımlarla ölkəmiz əleyhinə qərəzli münasibət sərgilənir”
Sahib Məmmədov: “Biz ilk növbədə bundan təəssüf hissi keçiririk”


Mirvari Qəhrəmanlı: "BİQ Azərbaycana aid olan qurumdur və onun tərkibində başqa təşkilatın iştirak etməməsi problem yaratmır”


Avropa Şurasının Baş katibi Torbyorn Yaqland öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda İnsan Hüquqları üzrə Birgə İşçi Qrupundan geri çağırmaq barədə qərar qəbul edib. Bu barədə AŞ Baş katibinin mətbuat katibi bəyanat verib. Bəyanatda qeyd olunub ki, 2014-cü ilin oktyabrından Avropa Şurasının nümayəndəsi Bakıda vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak edib.

Eyni zamanda bildirilib ki, 2014-cü ildə Azərbaycandan bir qrup şəxs AŞ-nin Baş katibi T.Yaqlanda, AŞ Parlament Assambleyasının (PA) rəhbəri Ann Brasserə və təşkilata üzv dövlətlərə Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi ilə əlaqədar qətiyyətli tədbirlər görmək çağırışı ilə müraciət edib. Görünən budur ki, AŞ-nin Baş katibi hərtərəfli araşdırma aparmadan, BİQ-də təmsil olunan hüquq müdafiəçilərinin də fikrini öyrənmədən, məqsədli şəkildə yalnız sözügedən müraciətə əsaslanaraq öz nümayəndəsini geri çağırmaq qərarına gəlib. Maraqlı məqamlardan biri də budur ki, Azərbaycanda bəzi media qurumları, xüsusən də xarici dairələrdən mayalanan bəzi xəbər saytları bu hadisəni sensasiya kimi qələmə verib. Əsl gerçəklikdə isə AŞ Azərbaycanla əməkdaşlığına heç bir halda son qoymayıb, söhbət yalnız BİQ-in iclaslarında dinləyici kimi iştirak edən bir nəfərin bundan sonra qurumun tədbirlərinə qatılmamasından gedir.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, AŞ Baş katibinin son qərarına BİQ-də təmsil olunan hüquq müdafiəçiləri artıq öz etirazlarını bildiriblər. Onun sözlərinə görə, BİQ-in dünən keçirilən toplantısında bu məsələyə yenidən toxunulub və hər kəs öz münasibətini açıqlayıb: "İşçi Qrupunun yaradılmasını vaxtilə Azərbaycan Prezidenti İlham Əliyevdən Yaqland xahiş edib. Ölkə başçısı da Baş katibin bu xahişinə hörmət əlaməti olaraq, BİQ-in yaradılması üçün müvafiq tapşırıqlar verib. Qısa zaman ərzində Qrup fəaliyyətə başlayıb. Bəzi şəxslər elə fikirləşirlər ki, İşçi Qrupu zərurət oldu-olmadı, hər ay toplanmalı, iclas keçirməli, hansısa qərar qəbul etməlidir. Halbuki biz toplaşmadan da hökumətlə əməkdaşlığımızı davam etdiririk. Bir sıra məsələləri araşdırıb həmsədrlərə, Əfv Komissiyasına göndərir, eyni zamanda, bizə edilən fərdi müraciətləri araşdırır, lazımi ünvanlara yollayırıq. Bu günlərdə 9 hüquq müdafiəçisi ilə birlikdə Ali Məhkəmə sədrinə də müraciət etmişik və müraciətimizdə bəzi şəxslərin işinin nəzarətə götürülməsini istəmişik. Yəni bu qaydada bizim fəaliyyətimiz, əməkdaşlığımız davam etməkdədir. BİQ 3-5 nəfər həbsdə olan adamdan ötrü yaranmayıb ki, yalnız onlar barədə qərar çıxarsın”.

Deputat deyib ki, AŞ-nin marağında olan 5-10 nəfər yalnız əfvlə azadlığa çıxa bilər. Əfv isə Prezident İlham Əliyevin müstəsna hüququdur və hər ay verilmir: "İl ərzində 2 dəfə əfv olur. Bir qrup şəxsin də cari ilin dekabr ayında azadlığa qovuşacağına ümid edirik. Çünki onların əfv olunması üçün müzakirələr aparır, təkliflər veririk. Bütün görülən işlərə rəğmən, bu gün heç bir ciddi səbəb olmadan, müzakirə aparılmadan, tələm-tələsik BİQ-dən imtina edilməsi Azərbaycana qarşı çirkin kampaniyanın davamıdır. Çox təəssüf ki, Avropa Şurası da bu anti- Azərbaycan kampaniyasının tərkib hissəsinə çevrilir, təsir altında atılan addımlarla ölkəmiz əleyhinə qərəzli münasibət sərgilənir. Biz bunu qətiyyətlə pisləyir və hesab edirik ki, Avropa Şurasının nümayəndəsi BİQ-də olsa da, olmasa da, İşçi Qrupu fəaliyyətini bundan sonra da davam etdirəcək. Yaqlandın qərarı həm də onu deməyə əsas verir ki, Avropa Şurası BİQ-in fəaliyyət göstərməsində əvvəlcədən maraqlı olmayıb, sadəcə, söz xətrinə belə bir təklif verib. Ancaq təklifin alınmayacağı təqdirdə isə bundan Azərbaycan əleyhinə istifadə etmək niyyətinə düşüblər.

BİQ-də təmsil olunan hüquq müdafiəçisi Sahib Məmmədov isə bildirib ki, Azərbaycanda İşçi Qrupu 2005-ci ildə yaradılıb və orada heç bir beynəlxalq təşkilatın nümayəndəsi üzv deyil. Onun sözlərinə görə, BİQ yalnız milli formatdır və burada hakimiyyətin müxtəlif qolları təmsil olunub: "BİQ-in həmsədrləri Prezident Administrasiyasının, Milli Məclisin, Məhkəmənin nümayəndələridir. Eyni zamanda, BİQ-də yerli vətəndaş cəmiyyəti təmsilçiləri, 10 nəfərdən ibarət hüquq müdafiəçiləri təmsil olunur. Göründüyü kimi, nə beynəlxalq təşkilatların nümayəndəsi, nə də Avropa qurumlarının təmsilçiləri yer alıb. Yalnız razılaşma əsasında, onların Azərbaycan hökumətindən xahişinə görə, Avropa Şurası baş katibinin nümayəndəsi BİQ-in iclaslarında iştirak edir və müşahidə aparır. İndi isə Baş katib deyir ki, bundan sonra öz nümayəndəmi BİQ-in iclaslarına göndərməyəcəm. Biz ilk növbədə bundan təəssüf hissi keçiririk. Ona görə ki, Avropa Şurası sıradan bir QHT deyil, Avropa məkanında ciddi qurumdur. Özünə hörmət edən ciddi qurum isə hər hansı ciddi səbəb olmadan, əldə etdiyi hansısa birtərəfli məlumat əsasında bu cür küskünlük nümayiş etdirməli deyil. Azərbaycan Avropa Şurasının üzvüdür, ölkəmiz Avropa Məhkəməsinin hüquqi "çətiri” altındadır. Ona görə də bu təşkilatın borcudur ki, Azərbaycanla əməkdaşlıq etsin”.

Hüquq müdafiəçisi, İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı da deyib ki, Avropa Şurası İnsan Haqları üzrə Azərbaycanla birgə İşçi Qrupu fəaliyyətini dayandırmayacaq. Onun sözlərinə görə, BİQ Azərbaycana aid olan qurumdur və onun tərkibində başqa təşkilatın iştirak etməməsi problem yaratmır.

İsmayıl