“Cəmi 150 manat təqaüd alıram”

Əliyar Səfərli: “Mən İranda səfir olmuşam, 8 il Əfqanıstanda işləmişəm”



Millət vəkili, DİP sədri Asim Mollazadə diplomatların maddi durumunun yaxşılaşdırılması təklifi ilə çıxış edib. Deputat bildirib ki, "Diplomatik xidmət haqqında” qanuna görə, rotasiya zamanı mərkəzi aparatda işləməli olan diplomatların maaşlarının artırılması vacibdir:

"Bizim diplomatik korpusda bir neçə xarici dil bilən gənc, peşəkar diplomatlarımız fəaliyyət göstərir. Onlar rotasiya qaydasına uyğun olaraq, xaricdə diplomatik xidmət müddətləri başa çatandan sonra vətənə qayıtmalı və xidmətlərini mərkəzi aparatda davam etdirməlidirlər. Bu zaman onların maaşları diplomatik xidmət zamanı aldıqları maaşlara adekvat olmalıdır ki, öz maddi ehtiyaclarını təmin edə bilsinlər. Elə şərait yaratmaq lazımdır ki, illər ərzində yetişmiş bu savadlı, peşəkar insanlar vətənə qayıtsınlar və xidmət etsinlər. Hökumət bu istiqamətdə müvafiq addımlar atmalıdır”.

Keçmiş diplomat, Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərli diplomatik fəaliyyətlə məşğul olan şəxslərin maaşlarının artırılmasına böyük ehtiyac olduğunu deyib və deputatın təklifini dəstəkləyib: "Əslində biz diplomatlar bunu çoxdan gözləyirik. Mən uzun illər doplomat işləmişəm. İranda səfir olmuşam, Əfqanıstanda 8 il işləmişəm. Amma bunlara rəğmən indi cəmi 150 manat təqaüd alıram. Bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişəm. Söz versələr də, heç bir xeyri olmayıb. Hesab edirəm ki, diplomatlar fəaliyyət müddətini başa vursalar belə, işlədikləri dövrdə aldıqları məvacibə yaxın maaş almalıdırlar. Fikrimcə, diplomatlara qayğı və diqqət artırılarsa, diplomatiya sahəsində neqativ hallara rast gəlmərik. Eyni zamanda diplomatların yüksək səviyyədə təmin olunması Azərbaycanın gücünü də, nüfuzunu da çoxaldacaq”.

İsmayıl