Azərbaycana qaçan erməni Bakıda işləmək istəyir

Seçkilərdən sonra Vahan Martirosyan özü bu haqda açıqlama verəcək
"Vahanın özü rəssamdır, həyat yoldaşı isə ssenaristdir. Yəqin ki, onlar Azərbaycanda bir iş tapa biləcəklər”


Azərbaycana sığınan erməni Vahan Martirosyanın anası Cülyetta Virabyanı İrəvanda maşın vurub. Qəza nəticəsində ciddi xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Erməni qadının yolu keçərkən qəsdən vurulduğu iddia edilir. "Milli Azadlıq Hərəkatı”nın rəhbəri V.Martirosyan da anasının hakimiyyət tərəfindən cəzalandırıldığını düşünür. Onun sözlərinə görə, valideynləri və yaxın qohumları Ermənistanda təhlükədədir.

Məsələyə münasibət bildirən Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu hadisə ilə bağlı digər hüquq müdafiəçilərinə sorğu göndərdiyini deyib: "Hələlik bu barədə dəqiq söz demək çətindir. Nəyisə ehtimal etmək də düzgün olmaz. Sorğu göndərdiyimiz hüquq müdafiəçilərindən cavab gələndən sonra ictimaiyyətə açıqlama verəcəyik”. N.Cəfəroğlu erməni ailəsinin son durumu ilə bağlı da məlumat verib: "Azərbaycana sığınan Vahan Martirosyan və ailəsi başqa dövlətə getmək fikrində deyillər. Hələlik Azərbaycanda, Bakıda yaşamaq istəyirlər. Vahanın məhz Bakıda qalıb burada işləmək fikri var. İndi hamının başı parlament seçkilərinə qarışıb. Ona görə də seçkilərdən sonra, təxminən bir aya özü bununla bağlı ictimaiyyətə açıqlama verəcək. Vahanın özü rəssamdır, həyat yoldaşı isə ssenaristdir. Yəqin ki, onlar Azərbaycanda bir iş tapa biləcəklər”. N.Cəfəroğlu həmçinin bəyan edib ki, V.Martirosyanın Azərbaycana gəlişindən sonra Ermənistanda Sarkisyan rejiminə qarşı münasibət çox dəyişib və artıq çoxları çəkinmədən iqtidara qarşı çıxış edərək narazılıqlarını bildirirlər: "Artıq ermənilər, xüsusən də erməni deputatları və hüquq müdafiəçiləri Qarabağ məsələsini önə çəkərək deyirlər ki, problem Ermənistana heç bir xeyir gətirmədi. Bu, əvvəllər mümkün olmayan bir şey idi. Martirosyanın Azərbaycana gəlməsi onlara əlavə güc verməklə yanaşı, vadar edir ki, Sarkisyan rejiminə qarşı çıxsınlar”.

İsmayıl