Günel Mövludun anası ondan imtina edib






Yazar Günel Mövludun anası ondan imtina etdiyi açıqlayıb.
Lent.az-ın xəbərinə görə, G. Mövludun anası Şövkət Şəfiyeva "BBC Azərbaycanca”ya deyib ki, oğlanları fəhləliklə məşğuldurlar, heç vaxt siyasətə qarışmayıblar.
"Qızım Meydan TV-dən imtina etmirsə, mən ondan imtina edirəm" deyən Ş. Şəfiyeva prezidentin siyasətini dəstəklədiyini də bəyan edib.
"1993-cü ildən Cəbrayıldan çıxandan sonra imkansızlığa görə oğlanlarımı oxutdura bilmədim. Ona görə indi fəhləlik edib ailələrini dolandırılar. Onların narkotika ilə işləri ola bilməz. Bu həbslər siyasidir" deyə, o bildirib.
Ananın dediyinə görə, vəkillər ona bu həftə oğlanları ilə görüşə bilməyəcəklərini deyib.
Qeyd edək ki, jurnalist Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyi baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürüldüyünü açıqlayıb.
Onlar 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Günel Mövlud da qardaşlarının həbsini Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirib, amma o, bu fəaliyyətini dayandırmayacağını da bildirib.