Əməkdar artistin ilk yardımına Gülər Əhmədova gəlib

İradə İsaqın çağırışına 12 xanım dərhal cavab verib
-Evini təmizlədik. Evinə bazarlıq etdik, onu dialezə apardıq ki, ağır vəziyyətdən çıxsın. Bilirsiz, bir var pulsuzluqdan acından öləsən, bir də var pulun ola-ola baxımsızlıqdan vəziyyətin ağırlaşsın, ac qalasan...



Dövlət Musiqili Teatrının aktrisası, Əməkdar artist Gülnar Salmanovanın səhhəti diqqət mərkəzindədir. Tanınmış telejurnalist, aparıcı İradə İsaqın dəstək aksiyasına start verdiyi andan mətbuat əməkdar artistin vəziyyəti barədə məlumatları yaymağa başlayıb.

"Hazırda Gülnar Salmanovanın vəziyyəti yaxşılaşmağa doğru gedir. Aktrisa o ağır vəziyyətdən demək olar ki, çıxıb. Mən onun evinə gələndə aktrisa ağır vəziyyətdə idi. 3 gün idi kimsəsizlik, baxımsızlıq üzündən ac qalan dialez xəstəsinə həmin gün, vaxtında yardım olmasaydı, bu gün bəlkə də yaşamırdı”. Bu sözləri "Şərq” qəzetinə açıqlamasında İradə İsaq söylədi: "Mən bu ailəyə baş çəkən olmuşam. Ümumiyyətlə, bir çox sənət adamları var ki, mən zaman-zaman onlara baş çəkməyi özümə vətəndaşlıq borcu bilirəm. Gəlib veriliş üçün müsahibə aldıq, reytinqli veriliş hazırladım, çıxdım getdim. Bu prinsip mənə ziddi. Mən insanların taleyinə bu qədər laqeyd qala bilmirəm. Gülnar xanıma da baş çəkirəm. Gəldim, onu belə ağır vəziyyətdə görəndə inanın heyrətləndim. Dialez xəstəsi olan insan 3 gün ac qalırsa, bu nə deməkdi? Əgər bir gün də gec gəlsəydik, yəqin ki, Gülnar xanımın vəziyyətini stabilləşdirmək mümkün olmayacaqdı. Mən dövlət orqanlarına müraciət etməyə tələsmədim. İlk atdığım addım ona anında kömək etmək oldu ki, o vəziyyətdən çıxsın. "Facebook” vasitəsilə dostlarıma müraciət etdim. Bildirdim ki, kim bacarırsa, köməyini əsirgəməsin. Onu da qeyd edim ki, mənə bu aksiyada 12 qadın kömək göstərirdi. İlk Gülnar xanımın köməyinə qoşulanlardan biri Gülər Əhmədova oldu. Bunu mütləq qeyd etməliydim. O, həmin gün Gülnar xanımın evinə gəldi. Ona hər cür yardımı göstərdi. Mən 12 xanımın hamısının adını çəkə bilmirəm. Amma həmkarlarından yeganə aktrisa Kübra Əliyeva oldu. Evindən də iki qazan yemək gətirdi. Söhbət təkcə maddi yardımdan da getmir. Sadəcə, belə məqamlarda mənəvi dəstək də önəmlidir. Dietoloq Leyla xanım və digər dostlarım evə gələrək Əməkdar artistin o vəziyyətdən çıxması üçün bacardıqlarını etdilər. Evini təmizlədik. Evinə bazarlıq etdik, onu dialezə apardıq ki, ağır vəziyyətdən çıxsın. Bilirsiz, bir var pulsuzluqdan acından öləsən, bir də var pulun ola-ola baxımsızlıqdan vəziyyətin ağırlaşsın, ac qalasan. Şükür Allaha ki, Gülnar xanım Prezident təqaüdü alır. Yəni bankda pulu var idi. Amma baxımsızlıqdan 3 gün ac qalıb”.

Maraqlandıq ki, Gülnar Salmanovanın övladları var, ya yox. Məlum oldu ki, aktrisanın oğlu, gəlini, nəvələri var. Bu halda niyə aktrisa 3 gün ac qalıb, onun övladı niyə ona baxmayıb, aktrisa baxımsızlıqdan niyə belə ağır vəziyyətə düşüb? Bu suallara da İradə İsaq elə Gülnar Salmanovanın evində olarkən cavab verdi: "Bax, hazırda Gülnar xanımın oğlu da, gəlini də sizi eşidir, yanımdadırlar. Gülnar xanım pulsuz qalmayıb. Sadəcə oğlu Bakıda yaşamır. İşi ilə əlaqədar Şamaxıda ailəsi ilə yaşamaq məcburiyyətindədir. Hərdən imkan tapıb gəlib anasına baş çəkir. Gülnar xanım da dialez xəstəsi olduğu üçün Şamaxıya gedə bilmir. Çünki həftədə 3 dəfə xəstəxanada dialez olunmalıdır.

Oğlu da cavandı, cavan ailədirlər. Bir az yol göstərənləri də olmayıb deyə, anasına hansı şəkildə yardım edəcəyini bilməyib. Nə işini, ailəsini atıb Bakıda qala bilir, nə də Şamaxıdan anasına kömək etməyə imkanı olur. Mən də onun oğlu ilə gəlinini gətirdim, oturub onlara vəziyyəti başa saldıq. Məsələ ondadır ki, Gülnar xanımın 2-3 aylıq maaşı da bankda idi. Onu gedib çıxarmağa da səhhəti imkan verməyib. Yəni pulsuzluqdan ac qalmayıb. Pulunu necə xərcləməyi bilməyib. Biz də Gülnar xanım üçün dayə tutduq ki, hər gün evdə onun qulluğunu tutsun. Özüm də o qadına dönə-dönə tapşırmışam ki, aktrisaya mən də nəzarətimi edəcəm. Amma ona düzgün qulluq olunmalıdır. Bir dənə də sürücü tutmuşuq ki, aktrisanı həftədə 3 dəfə xəstəxanaya aparıb gətirsin ki, dialez olunsun. Yəni onun Prezident təqaüdü ilə ən azı bunları qaydasına qoymaq olar. Qaldı bazarlığı, yəni ərzaqla təmini, onun da bir hissəsinə oğlu bundan sonra kömək edəcək. Sadəcə, cavan ailədir, onlara da yol göstərməyiblər ki, dayə tutulsun, filan. Oğlu da çox mərifətli uşaqdı. Sadəcə, təcrübəsiz cavandı. Bilirsiz, həqiqətən yaxşı insanlar var imiş. Mənim sosial şəbəkədəki çığırışımdan sonra müraciət edənlər də az olmadı. Mən oğlunu da ona görə çağırdım ki, bankdan pulunu çıxarsınlar ki, aktrisanı bu vəziyyətdən çıxara bilək. Bir də maraqlandım ki, baxın, biz evin bütün künc-bucağını təmizlədik, nə lazımdısa aldıq. Sabah qır-qızılı, filanı ilə bağlı söz-söhbət çıxmasın, siz də baxın. Gəlini dedi ki, evdə qır-qızıl yoxdu, evlərində olan qızılları da özləri ilə Şamaxıya aparıblar. İnanın, bu bir neçə gündə aktrisaya normal qulluq olunub deyə, səhhətində xeyli irəliləyiş var. Mən Gülər Əhmədovaya, dietoloq Leyla xanıma, Kübra Əliyevaya və digər xanımlara təşəkkür edirəm ki, onlar həm maddi, həm mənəvi dəstəklərini əsirgəmədilər. Yenə də qeyd edirəm ki, Gülnar Salmanova pulsuzluqdan yox, baxımsızlıqdan, diqqətsizlikdən bu vəziyyətə gəlib çatmışdı. Mənə elə gəlir ki, hər birimiz bir vətəndaş olaraq ətrafımızda olan insanlara laqeyd olmamalıyıq. Mən bir çox tanınmış, bəzən unudulan sənətkarlar var ki, onların həyatı ilə maraqlanıram, laqeyd qala bilmirəm. Bu mənim missiyamdır. Allah hərəni bir xasiyyətdə yaradıb. Mən də bununla rahatlıq tapıram. Əsas odur ki, Əməkdar artisti ölümün cəngindən ala bildik”.

İradə İsaq aktrisaya bundan sonra da nəzarət edəcəyini dilə gətirdi: "İlk gündə yam-yaşıl qusmuşdu. Biz onu ayağa qaldırdıq. Qohum-əqrəbası yoxdur. Bir bacısı var, xəstədir, yaşlıdır. O da özünü güclə hərləyir. Gülnar xanımın nitqində problem var, zarıya-zarıya danışır. Mədəniyyət və Turizm Nazirliyi bizə hər cür kömək etməyə hazırdır. Sadəcə, dövlət orqanlarına müraciət etmək istəmirəm. Gülnar xanım adi köməklə özünə gələ bilər. Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev də hər cür kömək etməyə hazır olduğunu bildirib. Bilirsiz, mənim sözüm hamıya aiddir. Elə qonşularına, sənət dostlarına da yenə səslənirəm. Aktirsanın gözləri də görmür. Başına bir iş gəlsə, zəng vura da bilməyəcək. Gözləri çox zəif görür. İşıq yanır, elə bilir ki, qaranlıqdır. Sizin vasitənizlə Gülnar xanımın həmkarlarına çağırış edirəm ki, bu günlərdə ona ən azı mənəvi dəstək olsunlar. Onun yaxşılaşması üçün hələ ki, böyük məbləğə ehtiyac yoxdur. Özü də Prezident təqaüdü alır, oğlu kömək edir. Sadəcə, mənəvi dəstək olsunlar. Əgər görsək ki, ehtiyac var, özüm Səhiyyə Nazirliyinə də müraciət edəcəyəm”.

Xatırladaq ki, Gülnar Salmanova xərçəng və şəkərli diabetdən əziyyət çəkir.

Tahirə