"Polis əməkdaşları tanıyıram ki, pensiyaya çıxıb taksi sürür. O cümlədən də işdən çıxan hərbiçilər. Əsgərlikdən gəlib iş tapa bilməyən gənclər gedib, borc-xərc edib maşın alır ki, taksi kimi istifadə eləsin..."
Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında millət vəkilləri taksi sürücülərinin fəaliyyətini tənqid edib və müxtəlif faktlar göstəriblər. "Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən əlavələrin müzakirəsi zamanı taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməli olduqları vurğulanıb.
Qeyd edək ki, qanunun 27-ci maddəsinə edilən əlavəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına "B” və ya "BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır. Hazırda isə yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək təcrübəsi bir ildən az olmayan sürücülər taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul ola bilir.
Taksi sürücülərinin xüsusi hazırlıq keçməsinin bir qədər qarışıq olduğunu vurğulayan "Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı deyib ki, bu gün 10 ailədən 2-3-nün dolanışığı taksidən çıxır. İnsanlar işdən çıxarılır, iş yerləri ixtisar olunur. Polis əməkdaşları tanıyıram ki, pensiyaya çıxıb taksi sürür. O cümlədən də işdən çıxan hərbiçilər. Bəziləri dolanışıq üçün, bəziləri də evdə boş dayana bilmir, başını qatmaq üçün bu işlə məşğul olur. Əsgərlikdən gəlib iş tapa bilməyən gənclər gedib, borc-xərc edib maşın alır ki, taksi kimi istifadə eləsin. Bunun qarşısını necə almaq olar ki? Taksi sürücülərinin etik davranışla bağlı maarifləndirməsinə gəldikdə isə E.Muradlı deyib ki, insanları işindən-gücündən eləmək də doğru yanaşma deyil: "Hansı taksi sürücüsünə deyəcəksən ki, işini-gücünü at, gəl sənə etik davranış dərsi keçim? Təbii ki, heç kim gəlməyəcək. Doğrudur, sırf bu işlə məşğul olan taksi şirkətləri var. Onlar öz işçilərinə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktları aşılaya bilərlər. Amma kimsə hardasa işləyir, maaşı qane eləmədiyi üçün axşam işdən sonra taksi sürürsə, onu necə tutub etika dərsinə dəvət eləmək olar? Burada çox həssas məsələlər var və onlar nəzərə alınmalıdır. Əvvəla, etika hər insanın öz içində olmalıdır. Digər tərəfdən də, maraqlı tərəflər sürücüləri elə radio-TV vasitəsilə də maarifləndirə bilər. Əsas odur ki, bu işə maraqları və həvəsləri olsun! Öyrənmək istəyən öyrənəcək. İstəməyənə isə 100 il də dərs keçsən, xeyri yoxdur.
Xanım millət vəkili Məlahət İbrahimqızının Bakının hava limanında az qala göz çıxardan taksi sürücülərindən fərqli olaraq Naxçıvanda fəaliyyət göstərən "xalturşik” taksi sürücülərinin belə səliqəli şəkildə kənarda dayanıb, müştəri gözlədikləri fikrinə qatılan E.Muradlı hesab edir ki, paytaxtda da Naxçıvan modelindən yararlanmaq lazımdır:
"Sözün açığı, Bakının hava limanına hər yoldan keçən taksi sürücüsü daxil olmur. Onlar hansısa şirkətlərin sürücüləridir. Ona görə də, bu barədə o taksi sürücülərini ora buraxanlar düşünməli və həmin sürücülərin davranış etikasını da, səliqə-səhmanını da elə həmin şirkətlər təmin etməlidir. Mən də düşünürəm ki, Naxçıvan modeli yaxşı modeldir. Oradan çox şey öyrənmək olar”.
Şəymən