Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına dair iclasda bir sıra vacib məsələlərlə yanaşı, sahibkarlıq sahəsindəki yoxlamalara da iradını bildirib. Ölkə başçısı bu tipli yoxlamaların sayının, eləcə də lisenziyaların həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib.
Prezident qətiyyətlə bildirib ki, belə halların qarşısı alınmalıdır. Dövlət rəhbəri bundan nəticə çıxarmayanların cəzalandırılacağını deyib. Məlum müşavirədən sonra əksəriyyət hesab edirdi ki, tezliklə Prezident tərəfindən sahibkarlarla bağlı mühüm addımlar atılacaq. Gözlənildiyi kimi çox keçmədən Prezident İlham Əliyev sahibkarları, eləcə də bütün ictimaiyyətin diqqətini çəkən və təqdir olunan addım atdı. Belə ki, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi və parlament tərəfindən qəbul olundu. Eyni zamanda bütün lisenziyaların "ASAN xidmət” mərkəzlərində verilməsi ilə bağlı qərar verildi. Heç şübhəsiz ki, dövlət başçısının bu addımı sahibkarlarla yanaşı, ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Onlar bunun ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsinə zəmin yaradacağı və sağlam rəqabət mühitinin formalaşacağı kimi xarakterizə ediblər.
Keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Şərq”ə verdiyi açıqlamada bundan sonra sahibkarlar üçün bütün əngəllərin aradan qaldırılacağını deyib: "Son illərdə ölkə iqtisadiyyatının neft amilindən asılılığının minimuma endirilməsi istiqamətində hökumətin atdığı məqsədyönlü addımlar Ümumi Daxili Məhsulun strukturunun əsaslı şəkildə dəyişilməsinə gətirib çıxarıb. Bu kursun bundan sonrakı dövrdə daha da səmərəli aparılması və bu yolda daha yaxşı nəticələrin əldə edilməsi isə bu gün ölkədə sahibkarlığın inkişafına əngəl ola biləcək bütün maneələrin aradan qaldırılmasından birbaşa asılıdır. Bu maneələrdən biri də ölkədə sahibkarların müəyyən fəaliyyət növlərinə lisenziyaların və xüsusi icazələrin sayının həddindən artıq çox olması idi. Son on ildən bir qədər artıq vaxt ərzində lisenziyaların sayı iki dəfəyə yaxın artaraq 60-a çatıb. İlk növbədə sahə maraqlarından çıxış edən aidiyyəti qurumlar zərurət olan və olmayan fəaliyyət növlərinə lisenziyalar müəyyən etməklə bu yolla sahibkarları özlərindən asılı vəziyyətə salmağa və çirkin əməllərə münbit şərait yaradılmasına nail olublar”. F.Yusifov bildirib ki, lisenziya və xüsusi icazələrin verilməsi sahəsində yaranmış bu vəziyyətin aradan qaldırılması yolunda elə ilk və cəsarətli addımı da Prezident özü atdı: "Dövlət başçısının oktyabr ayının 19-da imzaladığı Fərman təkcə lisenziyaların və xüsusi icazələrin deyil, bütövlükdə sahibkarlığın inkişafının qarşısında əngələ çevrilmiş bütün məqamların tezliklə aradan qaldırılması yolunda inqilabi bir dönüşün başlanğıcını qoydu. Əslində çox sadə görünən bir işin, lisenziyanın əldə edilməsinin çətinliklərini yaşamış sahibkarlar Prezidentin bu addımını alqışladı. Çünki bu yolun nə qədər çətin bir yol olduğunu ilk növbədə onlar çox yaxşı bilirlər. Bütövlükdə bu məsələlərin bir mərkəzdən idarə edilməsi çox vacib idi ki, bu da öz həllini Fərmanda tapdı. Lisenziya və xüsusi icazələrin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət” vasitəsilə verilməsi bu işdə vətəndaş-məmur təmaslarının əsaslı şəkildə aradan qaldırılması deməkdir”. Mərkəz rəhbərinin sözlərinə görə, fərmanda ən çox diqqət cəlb edən məqamlardan biri sahə qurumlarının zəruri hallarda rəyinin soruşulması və bu sorğuya müəyyən edilmiş vaxtda cavab verilmədikdə onların rəyinin avtomatik olaraq müsbət olduğu qənaətinə gəlinməsidir: "Hesab edirəm ki, bu məsələdə İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri sahə qurumlarının verəcəkləri rəylərin obyektivliyini, onların qərəzli olub-olmaması hallarını da araşdırmaq səlahiyyətinə malik olmalıdırlar. Qərəzli rəy verildiyi halı müəyyən olunarsa, həmin rəy müsbət rəy kimi qəbul olunmalıdır. Əks halda, sahə qurumları "mənfi rəy” verməklə sahibkarlara "təsir etmək” fürsətindən yararlana bilərlər. İqtisadiyyat və Sənaye Nazirliyində belə səlahiyyətin olması o demək olacaqdır ki, lisenziya və xüsusi razılıq verilməsi işində sahə strukturları məmur-vətəndaş təmaslarından tam məhrum olacaqlar. "Elektron lisenziya” portalının yaradılması isə bu məsələdə tam dönüş edilməsi demək olacaq”.
İqtisadçı bildirib ki, sahibkarın yalnız vergini vaxtında verib-verməməsi ilə bağlı yoxlanıla bilər: "Qanun var, qanunla müəyyən edilmiş vergilər bəllidir və hər sahibkar hansı vergiləri ödəməli olduğunu, vergidən yayındığı hallarda onu hansı cərimələrin və cəzaların gözlədiyini yaxşı bilir. Dünyanın inkişaf etmiş ölkələrində yoxlamalara yanaşma dediyimiz bu prinsiplərdən qaynaqlanır. Bizdə də belə olmalıdır”. F.Yusifovun sözlərinə görə, bu gün ölkə başçısının bilavasitə rəhbərliyi altında Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ciddi işlər görülür. Ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək yolunda görülən bu işlərin əvəzi yoxdur. Baxın, təkcə son 5 ildə bu istiqamətdə görülən işlər hansı nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu müddət ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20 faizə qədər, ixracın həcmi isə 60 faizdən çox artıb. Həmin göstəricilər kifayət qədər yüksək nəticələrdir. Lakin bu nailiyyətlər heç kəsi arxayın etməməlidir. Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və bu sektorda istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması hesabına onların ixracının çoxaldılması ilə bağlı bundan sonra da böyük işlərin görülməsinə ehtiyac var. Elə bu səbəbdəndir ki, Prezident həmin müşavirədə sahibkarlığın inkişafına maneçilik törədən neqativ halları çox kəskin tənqid etdi və onların aradan qaldırılması məqsədilə ciddi tapşırıqlar verdi”.
İsmayıl