Əliməmməd Nuriyev: “Mədət müəllim son dərəcə peşəkardır”
Prezident İlham Əliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. M.Quliyevin MTN-ə təyinatı ictimaiyyətdə maraqlı müzakirələrə səbəb olub. Əksəriyyət hesab edir ki, peşəkar kadr kimi dəyərləndirilən Mədət Quliyevin milli təhlükəsizlik orqanının rəhbərliyinə gətirilməsi qurumun fəaliyyətində müsbət dəyişikliklər yaradacaq.
Xatırladaq ki, Mədət Quliyev cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə görə Prezidentin fərmanı ilə dövlətin ən ali mükafatına, Milli Qəhrəman adına layiq görülüb.
Millət vəkili Qüdrət Həsənquliyev Mədət Quliyevin təyinatının yerində olduğunu düşünür. Millət vəkili deyir ki, onun üzərində başqalarından fərqli olaraq ikiqat mənəvi yük var: "Mədət Quliyev Milli Qəhrəmandır. Hesab edirəm ki, bu da onun üzərinə çox böyük mənəvi yük qoyur. İkincisi, bu qədər hadisələrdən sonra əgər Prezident məhz onun üzərində dayanıb elə bir yüksək posta təyin edibsə, ən azından insanlıq baxımından generalın haqqı yoxdur ki, başqa cür davransın. O, uzun müddət müxtəlif vəzifələrdə çalışıb və güc strukturlarında işləyib. Ona görə də düşünürəm ki, Milli Təhlükəsizlik Nazirliyində ciddi dəyişikliklər olacaq və Mədət Quliyev müxtəlif səbəblərdən oradan getmiş peşəkarları geri qaytaracaq. Peşəkarların formalaşmasına şərait yaradacaq”. Deputat deyib ki, əgər MTN-də rüşvət müqabilində işə qəbul varsa, bu, birbaşa milli xəyanətə bərabər cinayət kimi qəbul edilməlidir: "Çünki bu zaman istənilən xarici dövlət öz adamını məhz bu yolla MTN-ə yerləşdirə bilər. Ona görə də MTN biznes ab-havasından tamamilə kənarlaşdırılmalıdır. Adından da göründüyü kimi, bu qurum dövlətin və millətin təhlükəsizliyinə cavabdehdir. Ona görə də bu qurumun paklığını, təmizliyini qoruyub saxlamaq lazımdır. Ümid edirəm ki, belə də olacaq”. Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev də uzun müddət Mədət Quliyevlə birlikdə çalışan şəxs kimi generalın fəaliyyətini yüksək qiymətləndirib: "Mədət müəllim son dərəcə peşəkardır. Eyni zamanda çox cəsarətli adamdır. İndi cəsarət faktoru mühüm təşəbbüsləri həyata keçirmək üçün çox vacib amildir. Mədət Quliyev fəaliyyət göstərdiyi müddətdə müsbət keyfiyyətlərini sübuta yetirmiş insandır. Həmçinnin, M.Quliyev Azərbaycanın müstəqilliyi uğrunda döyüşüb. O, ölkənin Milli Qəhrəmanı adını alıb və dövlətin möhkəmlənməsində fədakarlıq göstərib.
Hesab edirəm ki, təhlükəsizlik orqanının rəhbərliyində təmsil olunmaq üçün Mədət müəllim bütün müsbət keyfiyyətlərə malikdir”. Ə.Nuriyevin sözlərinə görə, MTN-ə çox etibarlı, cəsarətli və proseslərin içində olan peşəkar bir adamın rəhbərlik etməsi vacibdir: "Şübhəsiz ki, cənab Prezident kadrları çox yaxşı tanıyır və MTN-in hansı məsuliyyət daşıdığını gözəl bilir. Ona görə də Prezident layiqli şəxslərə təyinat verir. Məlum oldu ki, bəzi hallarda MTN özünə adi olmayan funksiyaları icra edib və biznes fəaliyyətinə kobud müdaxilələrə yol verib. Halbuki bu qurumun əsas işi ölkəni hər cür təhdidlərdən qorumaqdır. MTN mühafizəkar bir təşkilat olmalıdır. Düşünürəm ki, Mədət Quliyev bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcək və cənab Prezidentin etimadını doğruldacaq”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli isə deyib ki, Mədət Quliyevin işinin öhdəsindən gəlib-gəlməyəcəyini işlədiyi ilk aylardan sonra görmək mümkün olacaq: "Mədət Quliyev Prezidentin tanıdığı bir adamdır. Orta məktəbdə bir yerdə oxuyublar. Hər halda ali kadrları ölkə başçısı daha yaxşı tanıyır və özü təyin edir. Prezidentin seçiminə hörmətlə yanaşmaq lazımdır. Mədət Quliyevin bu vəzifəyə hələlik hansı proqram və ya planla gəldiyini bilmirik. Mən ölkənin milli təhlükəsizliyinə rəhbər vəzifələrə hansı insanların gətirilməsi təsəvvürünə malikəm. Hələlik heç nə deyə bilməsək də, qısa müddətdən sonra bu adamın səriştəliliyi və bu işə yararlı olub-olmaması haqqında dəqiq bir fikir söyləmək olacaq. Hələ ki, tezdir”.
İsmayıl