“Bəşər Əsədin Rusiyaya səfəri Putinin istəyindən doğub”

“Rusiya bir daha Bəşər Əsədi dəstəklədiyini dünyaya göstərir”



Suriya Prezidenti Bəşər Əsəd ötən gün axşam saatlarında Rusiyaya gizli səfər edib. Əsəd Vladimir Putinlə Rusiyanın bu ölkədə keçirdiyi hərbi əməliyyatları müzakirə ediblər. Görüşdə Rusiya Hərbi-Kosmik qüvvələrinin terrorçulara qarşı anti-terror əməliyyatlarının davam etdirilməsinin vacibliyi vurğulanıb.

Məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Onun sözlərinə görə, tərəflər həm ikitərəfli, həm də geniş tərkibli görüşlər keçiriblər: "Həmkarlar Rusiya hava qüvvələri və Suriya ordusunun əməliyyatlarını müzakirə etmək üçün bir araya gəliblər. Danışıqlar zamanı Əsəd deyib ki, hər hansı hərbi fəaliyyət Suriya böhranının həlli üçün siyasi ölçülər götürülməsinə kifayət edir. Əsəd Rusiya rəhbərliyinə Suriyaya etdiyi yardım üçün təşəkkür edib”. Geniş tərkibli görüşdə Rusiya tərəfindən yüksək rütbəli məmurlar iştirak ediblər. Məlumat üçün deyək ki, dörd il əvvəl Suriyada başlayan vətəndaş müharibəsindən bəri Suriya Prezidenti Bəşər Əsəd ilk xarici səfərini edib.

Məsələni şərh edən siyasi analitik Arzu Nağıyev "Şərq”ə verdiyi açıqlamada bildirib ki, Suriya Prezidenti Bəşər Əsədin Rusiyaya səfəri Putinin istəyi və dəstəyi ilə baş tutub: "Protokola istinadən bildirmək olar ki, əsas mövzu Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardır. Rusiya bir daha Bəşər Əsədi dəstəklədiyini dünyaya göstərir. Bundan başqa, Rusiyanın gələcək planlarını həyata keçirmək üçün məhz Bəşər Əsədlə birbaşa təmasda olması vacib idi. Putin Əsədlə görüşməzdən əvvəl təbii ki, ABŞ və digər Qərb dövlətlərinin, o cümlədən ərəb dövlətlərinin də, Türkiyənin də rəyini nəzərə alıb. Belə ki, ABŞ Əsədə qarşı bir az yumşaqlıq göstərərək, dərhal istefadan keçid hökumətin yaradılması məsələsini gündəmə gətirib”. Ekspertin sözlərinə görə, Fransa və Səudiyyə Ərəbistanı Əsədin istefasını tələb edir, Almaniya danışıqlar yoluna üstünlük verir: "Moskva isə bütün bunların müqabilində Suriya dövlətçiliyinin saxlanmasını arzuladığını bildirir. Bu proseslərdən ən çox əziyyət çəkən Türkiyə isə Əsəd hakimiyyətinin saxlanması şərtilə altı aylıq keçid dövrünün zəruriliyini istəyir. Belə bir şəraitdə Rusiya regionda özünün vacib çəkili olduğunu nümayiş etdirməyə çalışır. Buna görə də Əsədlə məhz Moskvada görüşdü”.

İsmayıl