Ucqar bölgələrdən şəhərə də yayılıb

Dövlət erkən nikahların qarşısını ala bilməyəcək




Erkən nikahlar cəmiyyətdə ciddi narahatlıq doğuran aktual mövzulardan biridir. Burada problem təkcə ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması ilə bitmir. Bir sıra hallarda boşanmalar, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar da məhz erkən nikahların fəsadları kimi dəyərləndirilməkdədir.

Təhsil məsələsi də erkən nikahın təsir dairəsində olan sahədir. Belə ki, erkən nikaha sövq olunan gənc qızların təhsili çox zaman yarımçıq qalır. Ya orta məktəbi bitirə bilmirlər, ya orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmirlər. Bu da müəyyən dərəcədə də olsa, cəmiyyət üçün bir itki hesab olunur. Yəni erkən nikah bir növ ölkədə savadsızlığın artmasına səbəb olur. Bu da digər bir problemin təməlini qoymuş olur. Təbiidir ki, erkən nikahların səbəbləri müxtəlifdir. Kimisi valideynləri tərəfindən buna təhrik edildiyi, kimisi isə ata-anası arasında problemlərdən yaxa qurtarmaq üçün öz istəyi ilə erkən yaşlarda nikaha girir. İlk başlarda qızını tez ərə verdiyi üçün qürrələnən valideynlər bir çox hallarda övladları boşanaraq evə qayıtdığı üçün için-için ağlamalı olur. Beləliklə də, övladının həyatı ilə "qumar oynayan” valideyn onun bədbəxtliyinə də imza atmış olur. Qeyd edək ki, aparılan mübarizəyə və görülən tədbirlərə rəğmən Azərbaycanda erkən nikahların hələ də var olması aidiyyəti qurumları da ciddi narahat edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında komitənin (CEDAW) Azərbaycana verdiyi son tövsiyələrin icrası ilə bağlı keçirdiyi "dəyirmi masa”da erkən nikah məsələsinə toxunub. Komitə sədrinin sözlərinə görə, insanlar özləri erkən nikaha qarşı çıxış etməyincə, rəsmi strukturların apardığı işlərin xeyri olmayacaq.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı da hesab edir ki, Azərbaycanda baş-alıb gedən erkən nikahlar ciddi problemin başlanğıcıdır: "Bir zamanlar ölkəmizin ən çox cənub bölgəsinin və Bakıətrafı kəndlərin problemi olan erkən nikahlar bu gün bütün Azərbaycanı cənginə alıb. İndi Azərbaycanın bir çox bölgəsində 14-15 yaşda, hətta bəzən 13 yaşlı qızların ərə verilməsi adət halını alıb. Əgər statistika ilə danışsaq, o zaman nəticə daha da dəhşətli hal alır - 1960-cı illərdə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən 2 minə çatırdısa, 2008-ci ildə bu rəqəm 5500 nəfəri keçdi, son illərdə isə bu göstərici 6-7 mindən aşağı deyil. Lakin statistikaya düşməyənlərin sayının bu rəqəmdən 2-3 dəfə çox olduğunu düşünürəm”. Sosioloqun sözlərinə görə, uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər, həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır: "ÜST də xəbərdarlıq edir ki, qızlar 18 yaşına qədər ana olmaq iqtidarında deyillər. Burada orqanizmin fiziki və psixoloji hazırlığı məsələsi nəzərə alınır. 14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif psixi və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Təsadüfi deyil ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb”. Son vaxtlar evlilik yaşının qaldırılması ilə bağlı parlamentdə səslənən təklifləri müsbət qiymətləndirdiyini vurğulayan L.Mehralı deyib ki, artıq cəmiyyətin aparıcı nümayəndələrinin durumun ciddiliyindən xəbərdar olması təqdirəlayiqdir. Erkən evlilik hallarına qarşı daha sərt cəza tədbirlərinin nəzərdə tutulmasının vacibliyini vurğulayan sosioloqa görə, yoxsa, son nəticədə milli genefondumuz zədələnər, yaxın gələcəkdə fiziki və psixi xəstə nəsil ortaya çıxa bilər: "Komitə rəhbərliyi haqlıdır, dövlət nə qədər tədbir görürsə görsün, insanlar yenə bir yolunu tapıb uşaqları erkən nikaha məcbur edəcək. Nikah kəsilməyəcək, çünki 18 yaşları bitməyib, ona görə molla kəbini ilə toy ediləcək, vətəndaş nikahında yaşayacaqlar, nikahsız uşaqlar doğulacaq. Məncə həm qızlar, həm oğlanlar, həm də onların valideynləri üçün xüsusi maarifləndirici kampaniyalar keçirilməlidir, yaranacaq problemlər izah olunmalıdır. Övladlarını erkən nikah bağlamağa məcbur edən valideynlər həm inzibati, həm də cinayət məsuliyyəti daşıya biləcəyini bilməlidir. Hesab edirəm ki, Cinayət Məcəlləsində bu barədə dəyişiklik edərək valideynlərin məsuliyyətini artırmaq da bir çıxış yolu ola bilər. Çünki bu, əslində milli əhəmiyyətli strateji məsələdir, erkən evlilik son nəticədə milli genefondun zədələnməsinə səbəb olur”.

Şəymən