Namizədlər sosial şəbəkənin “toruna düşüb”

Elşad Eyvazlı: “Görünür, nisbətən etibarlılığı itirmişik”
Vüsalə Mahirqızı: “Millət vəkili seçiləndən sonra sosial şəbəkələrdə iş qurmaq daha məqsədəuyğun olar”


İlhamiyyə Rza: "Öz auditoriyamla daim ünsiyyətdə, dialoqda olmağım məhz sosial şəbəkələrin hesabına baş tutub”

Nazim Məmmədov: "Müsahibələrimi sosial şəbəkədə yerləşdirmişəm”

Azər Həsrət: "Başa düşürlər ki, on minlərlə pul xərcləyib televiziyada çıxış etməkdənsə, internet üzərindən təbliğat qurmaq daha məqsədəuyğundur”

Sənan Nəcəfov: "Yaranan mənzərə belədir ki, sanki seçki realda deyil, virtual olaraq keçirilir”



Azərbaycanda keçiriləcək parlament seçkilərinə cəmi 11 gün qalıb. Oktyabrın 9-dan başlayaraq namizədlərin təbliğat və təşviqat kampaniyasına start verilib. Ancaq əvvəlki dövrlərdən fərqli olaraq builki seçkilərdə namizədlərin reklam kampaniyası tam fərqli məcrada davam edir. Bundan öncə deputat olmaq istəyənlər seçki platformalarını qəzetlərdə, telekanallarda təqdim edirdilərsə, indi ödənişsiz olduğu üçün sosial şəbəkələrə üstünlük verilir. Görünən mənzərə onu deməyə əsas verir ki, namizədlər özlərini reklam etmək üçün əllərini ciblərinə salmağa o qədər də həvəsli deyillər.

Əksər namizədlər sosial şəbəkələrdən, xüsusilə "facebook”dan istifadə etməyi daha məqbul sayır. Neçə gündür ki, "facebook” səhifələrini namizədlərin plakatları, şüarları və səfər əsnasında çəkdirdikləri fotolar bəzəyir. Hətta baş redaktorlar da mediada təbliğat aparmayan namizədlərin "xəsis”liyindən gileylənirlər. Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı hesab edir ki, insanlar mediaya az maraq göstərir və bunu deputatlığa namizədlər də bilir. Birlik sədri hətta namizədlər barədə aparılan qara piara belə, o qədər də reaksiya verilmədiyini deyir: "Amma əvvəllər hər hansı mətbu qurumda deputatlığa namizədlə bağlı tənqidi məlumat verilirdisə, dərhal ona cavab gəlirdi. Görünür, nisbətən etibarlılığı itirmişik. Sosial media isə bu işdə əsas faktordur. Aktiv insanların demək olar ki, hamısı sosial mediadadır. Sosial şəbəkə dünyasında mətbuata ehtiyac duyulmur”. PJB sədrinin fikrincə, hər halda namizədlərin mətbuata üstünlük verməmələri açıq görünür: "Onlar seçki təbliğatında media ilə işləməkdə maraqlı deyillər. Mən seçkidən öncə redaktora müraciət etdim ki, namizədlərin reklam məsələsi ilə bağlı bir blok yaradaq. Onlara reklamla bağlı aparıcı medianın təkliflər paketini təqdim edək. Müəyyən razılaşmalar olsa da, sonradan buna önəm verilmədi. Uduzan da elə özümüz olduq”.

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı da bildirib budəfəki seçkidə əsas üstünlüyü sosial şəbəkələr götürüb. Ona görə də əksər namizədlər öz təbliğatlarını "facebook” üzərindən qururlar: "Demək olar ki, bütün namizədlər reklamlarını daha çox sosial şəbəkə üzərindən qururlar. Açıq deyim ki, namizədlərin onlayn mediada, xüsusilə sosial şəbəkələrdə bu cür iş aparmalarını uğurlu hesab etmirəm. Şəxsən mən deputatlığa namizəd olsaydım, sosial şəbəkədə bu cür təbliğat aparmazdım. İstənilən millət vəkili lokal dairə ilə işləyir. Millət vəkili seçiləndən sonra sosial şəbəkələrdə iş qurmaq daha məqsədəuyğun olar. Hesab edirəm ki, namizədlik kampaniyasının sosial şəbəkələrdə aparılması uğurlu addım deyil. Amma bu gün onlar buna daha çox üstünlük veriblər”.

Deputatlığa namizəd, telejurnalist İlhamiyyə Rza təbliğat prosesində bütün qanuni, icazə verilmiş metodlardan istifadə etdiyini deyib: "Əlbəttə ki, sosial şəbəkənin geniş imkanlarından istifadə edəcəm. Onsuz da televiziya fəaliyyətimi dayandırandan sonra öz auditoriyamla daim ünsiyyətdə, dialoqda olmağım məhz sosial şəbəkələrin hesabına baş tutub”. Bununla yanaşı, tanınmış telejurnalist hesab edir ki, heç bir yeni texnologiya insanlarla üz-üzə ünsiyyətin yerini verə bilməz. Gücüm çatdığı qədər seçicilərlə görüşəcəm. Qoy yaxından tanısınlar və qərar versinlər ki, mənə inanmağa, etimad göstərməyə dəyər, ya yox”.

Digər deputatlığa namizəd, ictimai fəal Ramin Hacılı təbliğatına ianə toplamaqla başlayıb. Onun seçki qərargahından "facebook” istifadəçilərinə belə bir mesaj yayılır: "Barak Obama "hərədən 10 dollar kampaniyası” ilə milyonlar toplayıb seçkidə qalib gəldi. Bu vasitə ilə biz də üzləşdiyimiz maddi problemi həll etmək qərarına gəldik. Siz, hər hansı bir məbləğ ilə (10 AZN-dən başlayaraq...) seçki qərargahımıza dəstək ola bilərsiniz”.

Gədəbəy-Tovuz ərazisindən namizədliyini irəli sürən, iqtisadçı Nazim Məmmədov da seçki təbliğatını əsasən "facebook” üzərindən aparır: "Vaxtilə deputat olduğum müddətdə ictimai fəaliyyətimlə, gördüyüm işlərlə bağlı məlumatları, müsahibələrimi sosial şəbəkədə yerləşdirmişəm. Ancaq nəzərə almaq lazımdır ki, seçicilərimin yaşadığı bəzi dağ kəndlərində internetin sürəti zəifdir. Mənim bölgəmdə telefon qovşağı da zəifdir. Aldığım məlumatlara əsasən dağ kəndlərinin sakinlərinin 50-60 faizi soyuq havada həmin yerlərdə yaşamırlar. Təbii ki, bütün bunlar təbliğat zamanı müəyyən çətinliklər yaradır”.

Namizədlərin təbliğat üsulundan danışan media eksperti Azər Həsrət ölkədə internetin yetərincə inkişaf etdiyini və hər kəsə müxtəlif imkanlar yaratdığını xatırladıb: "Namizədlər sosial medianın verdiyi fürsətlərdən maksimum yararlanmaq istəyirlər. Bu vasitə təbliğat üçün uğurlu hesab olunur. Çünki demək olar, hər kəsin internetə çıxışı var. Belə məqamlar namizədlərə çox uyğundur. Seçkilərə qatılanlar başa düşürlər ki, on minlərlə pul xərcləyib televiziyada çıxış etməkdənsə, internet üzərindən təbliğat qurmaq daha məqsədəuyğundur. Digər tərəfdən də, namizədlər düşünür ki, televiziyada efir vaxtı alıb bütün ölkəyə müraciət etməkdənsə, konkret dairə üzrə seçki təbliğatını qurmaq kifayətdir. Onlar gedib həmin dairələri küçəbəküçə gəzir, namizəd olduqları yerlərdə təşviqat kampaniyaları aparırlar. Şəxsən özüm bu seçki prosesini çox diqqətlə izləyirəm. Görürəm ki, namizədlər çox intensiv görüşlər təşkil edir, vətəndaşlarla ünsiyyət qururlar. Kəndlərə, rayonlara gedir, birbaşa təmasa üstünlük verirlər ki, daha çox səs toplaya bilsinlər”.

Sosial şəbəkələrdə kifayət qədər aktiv olan "QHTXeber.az” saytının baş redaktoru Sənan Nəcəfov təbliğatın əsasən sosial şəbəkələrdə qurulmasının bir neçə səbəbi olduğunu deyib: "Belə şəbəkələr auditoriyanı televiziya qədər əhatə etməsə də, kifayət qədər kütləvilik qazanıb. Onları maraqlı edən təkcə kütləvilik deyil. Burada insanlar fikirlərini rahat şəkildə yayırlar. Lakin düşünürəm ki, namizədlər sosial şəbəkələrə çox da aludə olmamalıdırlar. Yaranan mənzərə belədir ki, sanki seçki realda deyil, virtual olaraq keçirilir. Sosial şəbəkələrin mənfi tərəfi odur ki, pulsuz reklam fürsəti, populyar olma imkanı versə də, insanlarda aludəçilik və özündən razılıq yaradır. Xatırlayırsızsa, yas mərasiminə çəkilmiş karikatura var idi. Demək, zalda 5 nəfər əyləşib, kənarda dayanan bir adam o birinə pıçıldayır ki, mərhumun 5000 "facebook” dostu var idi, başsağlığına isə cəmi 5 nəfər gəlib. Bax, sosial şəbəkələrə arxayın olmaq təxminən belə bir şeydir”.

İsmayıl