Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili şəhərdə dənizkənarı sahələrdəki çəpərləri sökdürüb. AzVision.az xəbər verir ki, vilayət rəhbəri odessalıların şikayəti əsasında həmin əraziyə gedib. Söküntü işlərinə birbaşa olaraq özü nəzarət edib.
M.Saakaşvilinin göstərişi ilə Fövqəladə Hallar Xidmətinin əməkdaşları buldozerlə çimərlikdəki hasarı dağıdıblar. Milyonçu Vasili Xmelnitskinin dəniz sahilinə yolu bağlamış "Delfin” pansionatının divarları da sökülüb.
Jurnalistlərə açıqlama verən vilayət rəhbəri deyib ki, yerli sakinlərin və qonaqların konstitusion hüquqlarının kobud şəkildə pozulduğunu əsas gətirərək belə bir addım atılıb: "Çünki belə tikililər Odessanın turizm mərkəzinə çevrilməsinə, yerli sakinlərin normal istirahətinə mane olur”.
Xəzər sahilində də eyni vəziyyətdir. Fərq burasındadır ki, Xəzərin Azərbaycan sahillərindəki villaları sökən yoxdur. Hələ ki. Söküntüyə Sabunçudan başlanır?
Nazirlər Kabineti paytaxtın Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərar verib. Qərara əsasən rayon icra hakimiyyəti pilot layihə formatında 5 il müddətinə ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, şəhərsalma normalarına cavab verməyən yaşayış binaları və qeyri-yaşayış obyektlərinin ya sökülməsini, ya da yenidən qurulmasını təmin etməlidir. Niyə yalnız Sabunçu rayonu? Məgər paytaxtın digər inzibati ərazi vahidlərində şəhərin ümumi görünüşünə xələl gətirən binalar yoxdur? Elə buradaca Prezident İlham Əliyevin bu ilin may ayında "Dostluq” parkındakı qanunsuz tikililərdən narazılıq etməsi və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova xüsusi göstəriş verməsi yada düşür: "İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq” parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, "Dostluq” parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın... Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz "Dostluq” parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”.
Prezidentin sərt çıxışından sonra Hacıbala Abutalıbovun qollarını çırmayıb irəli keçəcəyi və söküntü işlərinə başlayacağı gözlənilirdi.
Mer daha sökmür!..
Söküntü işlərinə başlayacağını mer özü vəd etmişdi və "Dostluq” parkının ərazisində olan 42 qanunsuz tikilən villanın söküləcəyini demişdi:
"Villalarla bağlı böyük söküntü işləri gedir. Bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz. Bunlar 5-10 milyonluq böyük tikililərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən hər kəs cəzasını alacaq”.
Amma Hacıbala müəllimin söküntü işləri ötəri oldu. Park ərazisində bir neçə villa söküldü (hər halda yayılan fotolara əsasən 42 villanın söküldüyünü demək çətindir - red.), bununla da iş bitmiş hesab edildi. "Dostluq” parkındakı villalar möhtəşəm görkəmləri ilə hələ də Bakı merinə "meydan oxuyurlar”. Hacıbala müəllim yalnız vəzifəyə yenicə təyin olunan zaman israrla "Sökəcəyəm!” anonsunu vermişdi. Sökdü də. Daha söküntünün nələri, böyükmü, kiçikmi obyektləri əhatə etdiyinə toxunmuruq. İllər keçib o vaxtdan. Keçənə güzəşt deyərlər. İndi isə cənab mer söküntülərə daha maraq göstərmir. Həm də söküləsi, dağıdılası bunca tikili olduğu halda.
Dəniz sahili zəbt edilib
Xəzər sahili boyunca hərəkət etmək kifayətdir ki, sahil zolağının necə zəbt edildiyi bəlli olsun. Dəniz faktiki olaraq görünməz hala gəlib. Çimərliklərdə dincəlmək bir yana, sıravi vətəndaşlar dənizin maviliyini seyr etməyə də həsrət qalıb. Sahil boyunca ucalan villalar, salınmış istirahət zonalarının hündür hasarları dənizin adi görüntüsünü də mümkünsüz edir. Kasıb camaat üçün Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşmir artıq.
Xəzər sahilinin hasarlanmasından, villaların sahil zolağını zəbt etməsindən nəinki sıravi vətəndaşlar, millət vəkilləri də dəfələrlə danışıblar, lazımsız hasarların, dənizin içərilərinə doğru irəliləyən villaların sökülməsi məsələsini dəfələrlə qaldırıblar. Parlamentin ötənilki iclaslarından birində millət vəkilləri Sabir Rüstəmxanlı və Xalq artisti Zeynəb Xanlarova məhz bu məsələyə toxunmuşdular. Sabir Rüstəmxanlı bildirmişdi ki, Xəzər dənizinin sahilləri bir dəstə zəngin şəxs tərəfindən işğal olunub: "200-300 m, 1 km uzunluğunda hasarlar çəkilib. Artıq dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, vəzifəsi yuxarı olar. Amma bu, o demək deyil ki, onlar milləti dənizdən məhrum etməlidirlər. Əgər imkanları belə itidirsə, Qobustan təpələri boşdur, gedib orda terraslar salsınlar, nə istəyirlər tiksinlər. Bu cür özbaşınalıq, cəzasızlıq ola bilməz. Biz dənizin həm də ekologiyasını qorumalıyıq. Vaxtilə dənizdən 150 metr məsafədə ev tikmək qadağan olunurdu. Sonra kimlərinsə marağına uyğun olaraq bunu 50 metrə endirdi. İndi isə demək olar ki, dənizin içinə giriblər”.
Deputat Azərbaycanda Xəzər sahili ilə bağlı xüsusi qanun qəbuluna ehtiyac olduğunu da demişdi.
Millət vəkili, Xalq artisti Zeynəb Xanlarova da dəniz zolağı problemindən danışmışdı: "Narazılıqlardan biri odur ki, tikilən villaların hasarları özlərindən hündürdür. Məsələn, mən Binə yolu ilə gələndə görürəm orda evlər tikilir. Dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı-filan yoxdu. Camaat ağlayır ki, dənizin ətrafını hasarlayıblar, dənizi xalqın əlindən almaq olmaz. Allahın xalqa bəxş etdiyi dənizdir”.
Z.Xanlarova demişdi ki, kənd ərazisində aparılan hasarlamaya görə orda vəziyyət arzuolunmazdır.
Baş verənlər fonunda indi Hacıbala Abutalıbovdan gözlənilən budur ki, Saakaşvili kimi, o da düşə ekskavatorun qabağına, həmin hasarları, villaları yerlə-yeksan edə. Edərmi?..
Məlahət Rzayeva