Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınaraq digər qurumların tərkibinə verilməsi prosesi qurumda ixtisarlara səbəb olub.
İlk olaraq sentyabrın 12-də Prezidentin imzaladığı fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq "ASAN Xidmət”ə verilib. Daha sonra Prezidentin sentyabrın 18-də imzaladığı digər fərmanla "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib.
15 oktyabr tarixində ölkə başçısının imzaladığı fərman ilə əlaqədar olaraq da Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətləri inzibati xətalara cavabdeh olduğu bəzi səlahiyyətləri əlindən alınaraq Baş Dövlət Yol Polisi İdarəsinə verilib.
Nəqliyyat nazirinin müavini Musa Pənahov isə deyib ki, nazirlikdən alınan səlahiyyətlər aidiyyəti orqanlara veriləndən sonra nəqliyyatın müfəttişləri də orada işlə təmin olunacaq.
Müfəttişlər arasında işsiz qalanların olub-olmayacağına gəldikdə isə nazir müavini belə deyib: "Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq”. Qeyd edək ki, artıq şəhərdə Nəqliyyat Nazirliyinin "qoçu”larının dayandığı yerlərdə yol polisinin əməkdaşları xidmət aparırlar.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən müəssisənin mülkiyyətçisi dəyişdikdə müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərləri istisna olunmaqla, qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu, işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə Əmək Məcəlləsinin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin "ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.
Qanuna istinad edən M.Qəhrəmanlı hesab edir ki, bugünkü gündə müfəttişlərin hamısı işlə təmin olunmalıdır. Həmin işçilərin sonradan ixtisar olunacağı isə artıq onların fəaliyyətindən asılı olur: "Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər hansı quruma verilibsə, həmin qurum bu işçilərin yerləşdirilməsi ilə məşğul olmalıdır və hamısı işlə təmin olunmalıdır. Sonradan isə onların bilik və bacarıqları yoxlanılmalı və qalıb-qalmayacağı müəyyənləşdirilə bilər. Bunun üçün də səlahiyyətləri artırılan qurum daxili əsasnaməsini yeniləməli və həmin səlahiyyətləri bölüşdürülməlidir”.
Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınaraq müvafiq qurumlara verilməsinin təqdirəlayiq hal olduğunu vurğulayan M.Qəhrəmanlı deyib ki, bu qurumda həddindən artıq savadsız, qeyri-peşəkar adamlar cəmləşmişdi. Nəqliyyat müfəttişlərinin etik davranışları çox aşağı səviyyədə idi. Daha doğrusu, onlar özlərini heç müfəttiş kimi aparmırdılar.
Şəymən