Arzu Nağıyev: “Siyasi təhlilçilərin hazırlanması üçün müxtəlif ali təhsil ocaqları var”
(Əvvəli ötən sayımızda)
Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil dövlətçiliyimizin qurulması və inkişafına mühüm töhfələr verib. Müstəqillik illərində mətbuatımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb.
Bununla yanaşı, Azərbaycan mediasında bir sıra problemlər hələ də həll olunmamış qalır. Belə problemlərdən biri də ölkə mətbuatında yer alan siyasi təhlillərin azlıq təşkil etməsidir. Bunu isə əksər ekspertlər həmin sahənin gəlirli olmaması və jurnalistikada ixtisaslaşmanın aparılmaması ilə izah edir. Bildirirlər ki, əksər ölkələrdə, eləcə də Qərb mətbuatında ixtisaslaşma elə sürətlə gedir ki, bizlər bu sürəti heç təsəvvür belə edə bilmirik. Belə ölkələrdə futboldan yazan müxbir voleybol, yaxud neftdən yazan jurnalistə dolların kursu barədə yazı tapşıra bilməzsən. Amma bizdə... Bizdə vəziyyət başqa cürdür. Bəzən siyasətdən yazan müxbir mədəniyyət sahəsinə baş vurur, mədəniyyətdən yazan müxbir iqtisadi-siyasi təhlil yazır və s. Sonda isə qəzet səhifələrini peşəkarlıqdan uzaq və gülünc yazılar doldurur. İxtisaslaşmanın doğurduğu problemlərdən biri də Azərbaycan jurnalistikasında siyasi təhlillərin az olmasıdır. Çox az sayda media orqanına rast gəlmək olar ki, beynəlxalq aləmdə və ölkədə baş verən siyasi dəyişikliklərlə bağlı düzgün təhlil versin.
Jurnalistlərin siyasi təhlil bacarığı və ümumiyyətlə qəzetlərdə gedən siyasi yazılarla bağlı durumu dəyərləndirmək üçün bir sıra təhlilçi və jurnalistlərlə əlaqə saxladıq. Onlar da Azərbaycan mətbuatında yaşanan siyasi təhlil qıtlığını qonorar azlığı və ixtisaslaşma problemi ilə əlaqələndirib.
Yazar-tərcüməçi Əziz Rzazadə hesab edir ki, təhlillərin azlığı, xəbərə daha çox önəm verilməsi ilə əlaqədardır: "Həm də oxucu özü üçün yorucu görünən yazıya önəm vermir. Kütləvi şüur daha çox qısa məlumata üstünlük verir, beynini yormağa həvəs göstərmir. Bunda təhlilçinin də təqsir payı var. Çünki politoloji ibarəbazlığa meyl var, sadə, anlaşılan, kütləvi dildən yayınma kor gözlə də görünür. Təhlil, şübhəsiz, şəxsi yanaşmadır. Amma hansısa bəlli faktlara proqnozların əlavəsi də bəzən təhlili yazıları oxunaqlı etmir. Çünki proqnozların əksəri özünü doğrultmur. Çatışmayan bir cəhəti də özəl bilginin yoxluğudur, məncə. Bəlkə də ən böyük çatışmazlıq elə budur”.
Müsahibimiz diqqətə çatdırıb ki, müxtəlif ölkələrin medialarında təhlili yazılara yanaşma fərqlidir: "Daha geniş yayılmış forma təhlili yazıların keçmiş diplomatlara, siyasətçilərə etibar edilməsidir. Çünki bu adamların rəyi peşəkar sayılır. Əlbəttə, onlar buna görə yaxşı da qonorar alır. Ad, bu halda - brenddir. Peşəkar təhlilçi hazırlamaq... bostan bitkisi deyil ki, əkəsən, yazda cücərməsini gözləyəsən”.
Tanınmış analitik Arzu Nağıyev isə deyilənlərin əksini düşünür: "Deməzdim ki, siyasi təhlil bu gün azdır. Sadəcə olaraq eyni bir məsələni təkrarlamaq və verilmiş təhlilin və ya proqnozun öz təsdiqini tapmaması oxucunu yorur. Məlumdur ki, hər bir yazı və ya təhlilin öz oxucu auditoriyası var və bu təhlilləri həmin oxucuya səlist və başadüşülən formada çatdırmaq lazımdır”.
Həmsöhbətimizin qənaətincə, təhlildən-təhlilə də fərq var. Elə təhlillər var ki, maliyyə baxımından əvvəlcədən razılaşdırılmış bir formada aparıla bilər, digər forma isə qonorarsız bir formada ola bilər: "Təbii ki, verilən təhlildən və çıxarılan nəticələrdən sifarişçi müəyyən gəlir əldə edirsə, qonorar da ödənilməlidir. Yəni hər bir iş, zəhmət qiymətləndirilməlidir”.
"Siyasi təhlillər az oxunur” iddiasına gəlincə, analitik söyləyib ki, hər bir sahənin öz oxucusu və maraq göstərən auditoriyası var: "Təbii ki, şou-biznesə maraq göstərən şəxs üçün siyasi təhlil maraq kəsb etmir. Eyni zamanda yaş, həyatda tutduğu mövqe, vəzifə, oxuduğu təhsil ocağı və bu kimi faktorlar da mühüm rol oynayır.
Ekspertin fikrincə, təhlil yazmaq hər hansı peşə sahibi olmaqla ölçülə bilməz: "Təhlil yazmaq üçün o sahəni mükəmməl bilmək lazımdır. Siyasətdən yazan jurnalistlə, hərbdən yazan və ya ictimai proseslərdən yazan jurnalist arasında təbii ki, fərq var. Hətta yazmağa belə cəhd etsə, oxunan olmayacaq. Məhz buna görə də hər bir jurnalist öz sahəsində püxtələşməli və öz sahəsinin peşəkarı olmalıdır”.
Analitik bəyan edib ki, siyasi təhlil yazmaq üçün bütün mərhələlərdən keçmək lazımdır: "Savadlı olmalı, təhlil qabiliyyətinə malik, geosiyasi vəziyyətdən xəbərdar, dövlət və dövlətçiliyin prinsiplərini dərk etməlidir. Eyni zamanda kiçik şərhlərdən başlayıb böyük təhlillərə qədər getməlidir. Bunu bir peşə kimi mənimsəyəndən sonra artıq istənilən məqsədə çatmaq mümkün olur”.
Müsahibimiz onu da əlavə edib ki, siyasi təhlilçilərin hazırlanması üçün müxtəlif ali təhsil ocaqları var. Lakin təfəkkürün məhsulundan başqa bir ruh məhsulu da olmalıdır: "Yəni hamı şair, yazıçı ola bilmədiyi kimi təhlilçi də olmaq olmur. Bir sözlə, bütün verilən təhlillərə və şərhlərə diqqət yetirilməli, siyasi proseslərə bir neçə rakursdan baxmalı və öz gəldiyin nəticəni yazmaq və təbii ki, bunu da dəfələrlə oxuyub qərar qəbul etmək lazımdır”.
Təhlilçi-jurnalist Mənsur Rəğbətoğlu da düşünür ki, siyasi təhlillərin azlığının ən əsas səbəbi mediada yaradıcılığa meyilli olan jurnalistlərin azalmasıdır: "Siyasi dildə hansısa məsələyə şərh yazmaq yaradıcılıq tələb edir. Hazırda siyasətlə bağlı yazıların əksəriyyəti politoloq, hərbi, iqtisadi-ekspert və siyasi analitiklərdən alınan fikirlər əsasında hazırlanır. Jurnalistlərin çoxu bu tip yazılarda baş verən hadisənin kiçik informasiyasını verir və bu yöndə də materialı formalaşdırır. Çox az məqalələrdə jurnalistin öz fəaliyyətinin şahidi olursan. Bu isə o jurnalistlərin məşğul olduqları sahənin dərinliklərinə enə bilməməsindən qaynaqlanır. Azərbaycanda siyasətdən yazan jurnalistlərin çoxunun bilikləri olduqca dayazdır. Çünki universitetə təhsil almağa yox, loru dildə desək, "vaxt öldürməyə” gediblər. Digər problem isə cəmiyyətin, başqa sözlə, oxucu kütləsinin şəxsi analizlərə olan münasibətidir. Azərbaycanda demək olar ki, hamı siyasətlə məşğuldur. Kimə baxırsan, Obamadan, Putindən, İŞİD-dən danışır. Di gəl ki, özlərindən azacıq savadlı olanları susdurmaq üçün ortaya çıxardıqları tutarlı arqumentləri olmur. Yəni analitik materiallara oxucu marağı çox azdır. Hərənin baş verənlərlə bağlı bir fikri var. Buna görə də, jurnalistlər özlərinə əziyyət vermək istəmirlər. Digər problem isə cəmiyyətin mütləq əksəriyyətinin qeyri-ciddi məsələlərə, məsələn, İŞİD-in törətdiyi amansız qətllərə yox, Röyanın öz qarderobunun qapılarını kameralara açması tipli informasiyalara olan marağından irəli gəlir. Belə bir vəziyyəti nəzərə alan media qurumları bazara çəkidə yüngül, amma qazanclı məlumatları çıxarırlar”.
Həmkarımız bildirib ki, bunu təhlilçiyə verilən qonorarın azlığı ilə izah edənlərlə razılaşmaq olar: "Lakin mövcud problemin kökü yuxarıda sadaladığım məsələlərdən qaynaqlanır. Ümumiyyətlə, Azərbaycanda ciddi təhlilçi azlığı problemi var. Gündəmdə olan bəzi təhlilçilərin bir çoxu isə sanki, jurnalisti, yaxud saytı başından edəcək açıqlamalar verir, analitik material hazırlayırlar. Bir-iki dəfə gündəmdə görünən kimi səndən qonorar tələb edirlər. Haqlıdırlar, qonorar da lazımdır. Lakin əvvəlcə bunu haqqı ilə qazanmaq lazımdır. İnkişaf pul gətirər, bunun üçünsə ciddi işləmək lazımdır. Azərbaycan mediasında elə jurnalistlər var ki, bir çox siyasi təhlilçilərdən daha savadlıdırlar, proseslərə daha inandırıcı arqumentlər ortaya qoyurlar. O da doğrudur ki, bir çox saytlar təhlilçilərə hazırladıqları materiallar üçün çox az qonorar verirlər. Lakin bu əsas vermir ki, oxuculara daha az və səthi materiallar sıranılsın. Yəni ilk növbədə təhlilçi özünə hörmət etməyi bacarmalıdır, pul qazanmaq sonra gəlir. Düzdür, yaşamaq üçün pul qazanmaq lazımdır, bu yol isə daha çox işləməkdən və tənbəlliyin daşını təqaüdə çıxanadək bir tərəfə atmaqdan keçir”.
M.Rəğbətoğlunun sözlərinə görə, siyasi təhlillərin böyük əksəriyyəti oxunaqlı olmur: "Hazırlanan materialların çoxu hamının bildiyi faktlarla doludur. Təsəvvür edin ki, böyük bir təhlil materialı hazırlayan analitik yazının 50 faizdən çoxunu sitatlar və kiçik məlumatlarla doldurur, özünün fikirləri isə çox az olur. Təhlilləri maraqlı edən əsas detal onun inandırıcılığıdır və oxucu üçün yeni məlumat ola bilməsidir. Təsəvvür edin ki, bu gün "Bəşər Əsəd devriləcək” deyən adam, bir həftə sonra fikrini dəyişib "Bəşər Əsəd uzun illər hakimiyyətdə qalacaq” deyir. Beləsinə heç kəs inanmaz”.
Həmsöhbətimizin fikrincə, hər jurnalist təhlil yaza bilməz: "Yalnız baş verənlərə münasibəti olanlar və siyasət haqqında dərin bilgiləri olan jurnalistlər bu işin öhdəsindən gələ bilərlər. "Hərşeyşünas” olmaq lazım deyil, birindən ola, amma mükəmməl ol. Azərbaycan mediasında jurnalistlərin çoxu bütün sahələrə maraq göstərirlər. Bu gün şou-biznesdə "Əjdaha” qovan adam, sabah görürsən ki, Suriyanın altını üstünə çevirib”.
M.Rəğbətoğlu vurğulayıb ki, yaxşı təhlilçi olmaq üçün əvvəlcə bunun təhsilini almaq lazımdır, istər fərdi şəkildə, istərsə də məktəb səviyyəsində: "Mütəmadi olaraq oxumaq lazımdır, istər gündəlik qəzetləri, istər saytları, istərsə də siyasətə dair kitabları mütaliə etmək vacibdir. Ən əsası da prosesləri izləməyi unutmaq olmaz. Günümüzdən xəbəri olmayan adam, necə təhlilçi ola bilər? Bu mümkün deyil”.
Həmkarımız deyib ki, siyasi təhlilçilərin hazırlanması üçün tez-tez bu sahə ilə məşğul olan jurnalistlər, yaxud ayrı-ayrı şəxslər üçün seminarlar, məşğələlər təşkil etmək olar: "Dünya təcrübəsi onlar üzərində aşılanmalıdır, sovet texnologiyasından qurtulmaq lazımdır. Ən əsası təhlilçilərin özləri bu işdə maraqlı olmalıdırlar. Onların marağı olmasa, heç kəs kənardan gəlib kiməsə kömək etməyəcək. Və vaxtaşırı olaraq, gənc təhlilçilərlə təcrübəlilər arasında diskussiyalar təşkil edilə bilər”.
(davamı var)
Ayyət Əhməd