Ötən gün Tbilisidə, Atoneli teatrında gənc aktyor Anar Rafiqoğlunun "Zarafat Kolleksiyası” adlı "stand-up komediya” (birnəfərlik komediya) tamaşası baş tutub. Tamaşa təxminən saat yarım davam edib. Tamaşanın açılışını təşkilatçılardan biri olan Amil Bayramov edib. O, "stand-up komediya” janrının modern sənət növlərindən biri olduğunu, Anar Rafiqoğlunun isə bu sahədə faəliyyət göstərən ilk və yeganə Gürcüstan azərbaycanlısı olduğunu vurğulayıb.
Ssenarisini Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin tələbəsi, gənc aktyor Anar Rafiqoğlunun qələmə aldığı komediyanı səhnədə müəllifin özü ifa edib. İki hissədən ibarət olan tamaşanın fasiləsində gənc musiqiçi Hacı Hacıyev canlı ifaları ilə tamaşaçılardan böyük alqış toplayıb.
Tamaşanı izləmək məqsədilə paytaxt Tbilisidən və bölgələrdən çoxsaylı soydaşlarımız təşrif buyurub. Bir çox dövlət rəsmiləri, QHT nümayəndələri, jurnalistlər və ziyalılar da izləyicilər arasında olublar.
Tamaşanın bir digər təşkilatçısı Afayət Əliyeva qeyd edib ki, tamaşanın yaxın zamanlarda regionlarda da nümayişi nəzərdə tutulub.
Xatırladaq ki, "Zarafat Kolleksiyası” gənc aktyorun bu janrdaki üçüncü tamaşasıdır. O daha əvvəllər də – 2012-ci və 2014-cü illərdə "stand-up komediya” tamaşaları hazırlamış və paytaxt Tbilisidə nümayiş etdirmişdi.
Qeyd edək ki, Gürcüstanda ilk dəfə olaraq dilimizdə göstərilən tamaşa üçün bilet satışı tətbiq olunmuş və biletlər satışa çıxarıdıqdan bir neçə gün sonra satılıb qurtarmışdır.