Bakı əlini üzdü

Uorlik əndazəni aşdı, ondan imtinanın vaxtıdır



ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma rejimi təmsil edən şəxslə görüşməsinə aydınlıq gətirib. Həmsədr separatçılarla baş tutan görüşünü problemin həllinə yardımçı olmaq kimi dəyərləndirib. Uorlik deyib ki, Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə bağlı ABŞ-ın siyasəti dəyişməz olaraq qalır:

"Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət edirik və Dağlıq Qarabağdakı rejimi tanımırıq. Bununla belə, həmsədrlər münaqişə zonasındakı bütün əhalinin səsini dinləməlidir”. Xatırladaq ki, Dağlıq Qarabağdakı qondarma rejim təmsilçisinin ABŞ-a səfəri ilə bağlı Azərbaycan tərəfi Vaşinqtona nota verib. Məsələyə münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova Ceyms Uorlikin hərəkətini beynəlxalq hüquqa və Azərbaycan qanunlarına zidd addım kimi qiymətləndirib. Vitse-spiker bildirib ki, ABŞ-ın qondarma rejim "rəsmisinə” viza verməsi və Uorlikin öz hərəkətinin danışıqlar prosesinə töhfə verəcək addım kimi qiymətləndirilməsi vasitəçilik missiyasına uyğun deyil: "Azərbaycan haqlı olaraq bu məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Hesab edirəm ki, ABŞ bundan nəticə çıxarmalıdır. Uorlikin hərəkətinə görə, bu ölkənin yüksək səviyyəli rəsmiləri öz mövqelərini ifadə etməlidir”. B.Muradova Uorlikin ATƏT-in Minsk Qrupu həmsədrliyi postundan geri çağrılması məsələsinin mümkün ola biləcəyini də söyləyib.

Millət vəkili, professor Musa Qasımlı da bəyan edib ki, Azərbaycan haqlı olaraq etiraz notasını ABŞ-ın ölkəmizdəki səfirinə təqdim edib: "Dağlıq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidir. Onun hansısa qondarma rəhbərini qəbul etmək yolverilməzdir. Həmsədr ölkənin özünü belə aparması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təhlükə yarada bilər. Vasitəçilər ATƏT tərəfindən verilən mandatı və zamanında imzaladıqları beynəlxalq sənədləri kobudcasına pozurlar. Belə hərəkətlər təcavüzkarı şirnikləşdirir, onlarda özünə inamı artırır və münaqişənin həllini uzadır. Bu hadisə şiddətlə qınanmalı və ABŞ tərəfi heç bir çərçivəyə sığmayan davranışı barədə izahat verməlidir. Bu, ikili standartın göstəricisindən başqa bir şey deyil”. Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, politoloq Əvəz Həsənov da bildirib ki, Uorlikin son davranışı onun rəsmi Bakı tərəfindən "arzuolunmaz şəxs” elan olunmasına şərait yaradıb: "Deyəsən, amerikalı həmsədrin dəyişmək vaxtı çatıb. Məncə, yaxın günlərdə bunun şahidi olacağıq. Təbii ki, həmsədrlər Dağlıq Qarabağla bağlı istənilən tədbirlərə qatıla bilər. Belə görüşlər vəziyyəti düzgün dərk etmək baxımından mühümdür. Amma "müstəqilliyin ildönümü”, "qətliamın anımı” kimi təxribatçı və qanunsuz tədbirlərə qatılmaq yolverilməzdir. Bu cür davranışlar vasitəçilərə olan inamı itirir”.

İsmayıl