Hindistanda “keçəllik virusu” ciddi narahatlıq yaradıb

Hindistanın Maharaştra əyalətində 11 kənddə naməlum səbəblərdən 155 saç tökülməsi hadisəsi qeydə alınıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Buldhana bölgəsindəki kəndlərdə sürətlə saç tökülməsinə səbəb olan epidemiya narahatlıq yaradıb.

Kəndlərdə sağlamlıq qrupları növbətçiliyə cəlb edilərkən, səlahiyyətlilər epidemiyanın mənbəyini müəyyənləşdirməyə çalışır.

Məlumat verilib ki, xalq arasında “keçəllik virusu” kimi tanınan xəstəlik saç, baş dərisi və dırnaqlarda aparılan ilkin müayinələrə əsasən göbələk infeksiyası deyil. Lakin ekspertlər xəbərdarlıq ediblər ki, bunlar yalnız ilkin tapıntıdır və əlavə təhlilə ehtiyac var.

Qəti diaqnoz üçün kritik olan mikrobiologiya hesabatlarının cümə axşamına qədər dərc olunması gözlənilir.

Hindistan Tibbi Tədqiqatlar Şurasının (ICMR) ekspert qrupunun hərtərəfli araşdırma aparmaq üçün iki gün ərzində həmin ərazilərə səfər edəcəyi açıqlanıb.