ABŞ-də yaşayan 28 yaşlı Karl beyin əməliyyatından sonra nadir görmə pozuntusu ilə üzləşib. O, insanların üzündə ev pişiyi Lunanın cizgilərini, bəzən isə pişiyinin üzündə insanlara məxsus xüsusiyyətləri görür.
Bu qeyri-adi vəziyyət Karlın beyin qanamasına səbəb ola biləcək arteriovenoz malformasiyanın aradan qaldırılması üçün keçirdiyi əməliyyatdan sonra başlayıb və artıq iki ildir davam edir. Bəzi epizodlar bir neçə saat çəkir, bəzən isə bütün gün davam edir.
Sherg.az xəbər verir ki, “Cortex” elmi jurnalında dərc olunan araşdırmaya görə, bu hal prosopometamorfopsiya adlanan nadir görmə pozuntusu ilə əlaqəlidir. Bu zaman insan üzləri təhrif olunmuş şəkildə qavrayır. Karlın vəziyyətində isə pişiyinin xüsusiyyətləri insan üzlərinə, insan üzlərinin cizgiləri də pişiyinə köçür.
Dartmut Kolleci və Brigham and Women's Hospitalının tədqiqatçıları bildirirlər ki, üzlərin tanınmasında beynin sağ gicgah payı mühüm rol oynayır. Karlın əməliyyatı zamanı həmin nahiyənin bir hissəsi çıxarılıb.
Araşdırmada iştirak edən psixoloq və beyin elmləri üzrə mütəxəssis Bred Düşeyn hesab edir ki, bu hadisə yaddaşda saxlanılan fərdi xüsusiyyətlərin cari vizual qavrayışa təsir göstərə bildiyini nümayiş etdirir.
Alimlər süni intellektdən də yararlanıblar
Karl və tədqiqatçılar onun gördüklərini daha dəqiq təsvir etmək üçün süni intellekt vasitəsilə vizual görüntülər hazırlayıblar. Mütəxəssislərin fikrincə, bu texnologiya insanların görmə qavrayışında baş verən pozuntuları daha real təsvir etməyə və araşdırmağa imkan verir.
Məqalədə 1986-cı ildə qeydə alınmış oxşar hadisə də xatırladılır. Həmin vaxt avtobusda oturan 58 yaşlı qadın yanındakı sərnişinin pudel cinsli itinə baxdıqdan sonra digər insanların üzlərini də həmin itin sifətinə bənzər görməyə başlayıb. Qadında insult nəticəsində beyin zədələnməsi yaranmışdı.
Tədqiqatçılar hər iki hadisənin beynin heyvanlara və insanlara aid üz cizgilərini digər vizual məlumatlardan fərqli şəkildə emal etdiyini göstərdiyini bildirirlər.