COP31 rekord qırmağa yaxındır: Dubayın göstəricisini geridə qoyacaq

Antalyada keçirilən COP31 İqlim Sammitində iştirakçıların sayı rekord həddə yaxınlaşır.

Sherg.az xəbər verir ki, sammitin ilk yeddi günündə Mavi Bölgəyə 102 min 610 nəfər qeydiyyatdan keçib, Yaşıl Bölgəni isə 212 min nəfər ziyarət edib.

2023-cü ildə Dubayda keçirilən COP28 sammiti 112 min 724 iştirakçı ilə indiyədək ən yüksək göstəriciyə nail olub. Türkiyə ev sahibliyi etdiyi COP31-in yeddinci günündə bu rekorda yaxınlaşıb. Qarşıdakı dörd gün ərzində həm Mavi Bölgədə iştirakçıların, həm də Yaşıl Bölgədə ziyarətçilərin sayına görə yeni rekordun qeydə alınacağı gözlənilir.

Sammit çərçivəsində Yaşıl Bölgədə 1500-dən çox panel təşkil olunur. Tədbirlərdə iqlim maliyyələşməsi, dayanıqlı şəhərlər, enerji və nəqliyyat, yaşıl sənayeləşmə, sıfır tullantı və digər mövzular müzakirə edilir. Panellərin bir qismi COP31-in rəsmi YouTube kanalında canlı yayımlanır.