Yaponiyada üç aylıq qızını 67 bıçaq zərbəsi ilə öldürən keçmiş sosial media fenomeni Satsuki Naito 8 il həbs cəzasına məhkum edilib. Hökm elan olunarkən qadın məhkəmə zalında hakimə etiraz edərək özü üçün ölüm cəzası tələb edib.
Sherg.az xəbər verir ki, Tokio Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, 29 yaşlı Naito üç aylıq qızı Yuanı mətbəx bıçağı ilə dəfələrlə yaralayıb. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, körpənin bədənində 67 yara aşkarlanıb. Təqsirləndirilən şəxs oktyabrın 21-də keçirilən ilk məhkəmə iclasında cinayətini etiraf edib.
Naito məhkəmədə həyat yoldaşı ilə münasibətlərinin pisləşdiyini və əlilliyi səbəbindən uşağın qəyyumluğunu itirməkdən qorxduğunu bildirib. O, körpəsi ilə birlikdə ölməyin yeganə çıxış yolu olduğunu düşündüyünü deyib.

Prokurorluq qadın üçün 10 il həbs cəzası istəyib. Müdafiə tərəfi isə onun həyat yoldaşından zorakılıq gördüyünü və dərmanların həddindən artıq qəbulu səbəbindən normal qərarvermə qabiliyyətini itirdiyini iddia edərək cəzanın yüngülləşdirilməsini tələb edib.
Hakim qəyyumluqla bağlı narahatlığın törədilən cinayətə bəraət qazandıra bilməyəcəyini vurğulayıb və Naitonu 8 il müddətinə azadlıqdan məhrum edib.
Hökm elan edildikdən sonra hakimə tərəf yönələn qadın qışqıraraq ölüm cəzası tələb edib:
“Mənə niyə ölüm cəzası vermirsiniz? Ölüm cəzası daha yaxşı olardı! Bu cəza çox yüngüldür!”
Məhkəmə zalındakı təhlükəsizlik əməkdaşları qadını güclə sakitləşdirərək zaldan çıxarıblar.