Rusiyadan Finlandiyaya qaçan it üçün iki ölkənin sərhədçiləri səfərbər oldu

Rusiyada sahibindən uzaqlaşaraq Finlandiyaya keçən Nota adlı it üç həftəlik macəradan sonra xüsusi əməliyyatla sahibinə qaytarılıb.

Sherg.az xəbər verir ki, hadisə Rusiyanın Murmansk vilayətində, Finlandiya sərhədinə yaxın Kovdor şəhərində baş verib.

Bir yaşlı Qərbi Sibir laykası Nota sahibi, 78 yaşlı Viktorla meşəyə gedərkən maralın izinə düşüb və sərhədi keçərək Finlandiyaya çatıb. Axtarışlardan nəticə əldə edə bilməyən sahibi itin itməsi barədə sərhədçilərə məlumat verib və sosial şəbəkələrdə elan yayıb.

Nota Finlandiyanın Laplandiya bölgəsində, Salla şəhəri yaxınlığında ovçular tərəfindən tapılıb. Yorğun və ac vəziyyətdə olan it əvvəlcə heyvan sığınacağına yerləşdirilib, karantin və yoxlama prosedurlarından keçirilib.

Daha sonra Maya adlı finlandiyalı qadın itə sahiblənib. Onun sosial şəbəkələrdə apardığı axtarış nəticəsində Viktorun elanına rast gəlinib və tərəflər əlaqə saxlayıblar.

Bundan sonra Rusiya və Finlandiya sərhədçiləri Nota­nın geri qaytarılması üçün razılığa gəliblər. İtin ölkəsinə qayıtması üçün Salla sərhəd-keçid məntəqəsi xüsusi olaraq açılıb və Nota sahibinə təhvil verilib.