Hər 8 dəqiqədən bir radio siqnalı göndərən qəribə ulduz sistemi kəşf edildi

Beynəlxalq Radio Astronomiya Tədqiqat Mərkəzinin hazırladığı bu təsvirdə ağ cırtdandan gələn şüalar başqa bir ulduzun atmosferindən keçir. Alimlər bu titrəyişlərin hər 8 dəqiqədən bir yarandığını bildirirlər (ICAR).

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, kosmosda hər 8 dəqiqədən bir titrəyən sirli radio siqnalının Yerdən minlərlə işıq ili uzaqlıqdakı bir ulduz sistemindən gəldiyi müəyyən edilib.

Avstraliyanın Kertin (Curtin) Universiteti və Beynəlxalq Radio Astronomiya Tədqiqat Mərkəzinin astronomları cümə günü bu qısa radio dalğası partlayışlarının qeyri-adi bir ulduz cütlüyündən gəldiyini açıqlayıblar.

Bu cütlük öz oxu ətrafında dövrəsini 8 dəqiqəyə tamamlayan bir ağ cırtdan ulduzdan (aktiv bir ulduzun sönmüş nüvəsi) və adətən sarı cırtdan adlandırılan, Günəşə bənzər G-tipli əsas ardıcıllıq ulduzundan ibarətdir.

Alimlər bu cür siqnalların bu tip ulduzlarda ilk dəfə qeydə alındığını deyirlər. Bu siqnallar adətən daha kiçik və soyuq qırmızı cırtdanların yerləşdiyi sistemlərdə müşahidə olunur. Qırmızı cırtdan kosmosdakı ən kiçik və ən soyuq ulduz növüdür.

Kəşfi edən Dr. Sem MakSvini (Sam McSweeney) yeni araşdırma ilə birlikdə dərc olunan açıqlamada deyir: "Titrəyişlərə dair məlumatlar ilk dəfə olaraq ağ cırtdanın yoldaş ulduzunun orbitində fırlandığını görməyimizə imkan verəcək qədər aydındır. Bunun sayəsində titrəyişlərin ağ cırtdana yaxın bir bölgədən, hətta bəlkə də ağ cırtdanın özündən gəldiyini bilirik".

MakSvini və komandası "GPM J071507−114153" adını verdikləri ulduz sistemindəki ağ cırtdanın hərəkətini təsdiqləmək üçün Qərbi Avstraliyadakı "Pawsey" Superkompüter Tədqiqat Mərkəzində 100 saatdan çox məlumatı emal ediblər.

Daha əvvəl tədqiqatçılar bunun kimi başlayıb-dayanan radio siqnalları yaradan oxşar cisimlərin olduğu sistemlər kəşf etmişdilər, lakin bu siqnalları hansı ulduzun yaratdığı müəyyən edilməmişdi.

2021-ci ildə bu növdən olan ilk sistem kəşf ediləndən bəri təxminən on ikiyə yaxın oxşar ulduz sistemi tapılıb.

"GPM J071507−114153" Süd Yolunu skan etmək üçün hazırlanmış və yenə Qərbi Avstraliyada yerləşən "Murchison Widefield Array" teleskopundan istifadə edilərək aşkarlanıb.

Kertin Universitetinin dosenti Nataşa Hörli-Uoker (Natasha Hurley-Walker) bildirir: "Daha sonra tam mövqeyini müəyyən etmək üçün Cənubi Afrikadakı 'MeerKAT' radio teleskopundan istifadə etdik".

Tədqiqatçılar həmçinin Havaydakı "W.M. Keck" Rəsədxanasından yararlanaraq G-tipli əsas ardıcıllıq ulduzunun mövcudluğunu təsdiqləyiblər.

MeerKAT

Tədqiqatçılar ulduz sisteminin tam mövqeyini müəyyən etmək üçün Cənubi Afrikadakı "MeerKAT" radio teleskop massivindən istifadə ediblər. Bu massiv 64 ədəd radio çanağından ibarətdir (AFP).

Lakin tapıntılar bununla məhdudlaşmayıb.

Alimlər Günəşə bənzəyən ulduzda Yerdəki qütb parıltılarını (şimal işıqlarını) yaradan alışmalara bənzər ulduz alışmalarını məhz bu titrəyişlər sayəsində qeydə alıblar.

Hörli-Uoker bu ifadələri işlədir:

"Radio dalğa uzunluqlarından istifadə edərək 5 min işıq ili uzaqlıqdakı bir ulduzda baş verən fırtınaları aşkar edə bilməyimiz möhtəşəm bir şeydir".