Dırnaqların saralması tez-tez lak istifadəsi, siqaret, vitamin çatışmazlığı və bəzi sağlamlıq problemləri ilə əlaqəli ola bilər.
Sherg.az xəbər verir ki, Türkiyə mediası dırnaqların rəngini açmaq və onlara qulluq etmək üçün beş təbii üsul təqdim edib.
1. Limon, süd və mineral su qarışığı
Bir həftə ərzində dırnaqları limonla ovmaq, növbəti həftə isə 15 dəqiqə süddə saxlamaq tövsiyə olunur. Daha sonra dırnaqları mineral su ilə yaxalamaq məsləhət görülür.
2. Qabartma tozu və qatıq
Bir çay qaşığı qabartma tozu ilə bir çay qaşığı qatığı qarışdıraraq dırnaqlara çəkmək olar. Mənbədə bu üsulun həftədə üç dəfə tətbiqi təklif edilir.
3. Limonlu ilıq su
Bir limonun suyu ilıq suya əlavə edilir. Dırnaqlar bu qarışıqda beş dəqiqə saxlanılır, daha sonra limonun qalan hissəsi ilə ovulur.
4. Bənövşə yağı
Pambığa 4-5 damcı bənövşə yağı tökərək dırnaqları ovmaq tövsiyə olunur. Bu üsulun həm əl, həm də ayaq dırnaqları üçün faydalı olduğu iddia edilir.
5. Diş məcunu
Köhnə diş fırçasına noxud böyüklüyündə diş məcunu çəkərək dırnaqları fırçalamaq, məcunu 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yumaq təklif olunur.
Dırnaqlar niyə saralır?
Məqalədə saralmanın əsas səbəbləri arasında tez-tez və tünd rəngli lak istifadəsi, siqaret çəkmək, vitamin çatışmazlığı, zülalın az qəbulu, dırnaq göbələyi, infeksiyalar və şəkərli diabet kimi xəstəliklər sadalanır.