Yuxu insan sağlamlığının qorunmasında, orqanizmin fiziki və zehni fəaliyyətinin bərpasında mühüm rol oynayır. Yuxu rejiminin pozulması, gecə ərzində tez-tez oyanma və yuxuya getməkdə çətinlik insanın gündəlik həyat keyfiyyətinə, əmək qabiliyyətinə və ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri” kitabında məlumat verilir.
Xalq təbabətində yuxusuzluğun və yuxu pozulmalarının aradan qaldırılması məqsədilə müxtəlif dərman bitkilərindən istifadə olunub. Bu bitkilər arasında adi mayasarmaşığı (Humulus lupulus L.), dərman pişikotu (Valeriana officinalis L.), istiotlu nanə (Mentha piperita L.), dərman ballınanəsi (Melissa officinalis L.) və şırquyruğu (Leonurus) xüsusi yer tutur. Xalq təbabətində mayasarmaşığı yuxugətirici və sakitləşdirici xüsusiyyətləri ilə əlaqələndirilir. Ənənəvi üsullardan biri onun qurudulmuş qozalarından hazırlanmış yastıqlardan istifadə edilməsidir. Bunun üçün bitkinin qozaları yastığın içərisinə yerləşdirilir və yatarkən həmin yastıqdan istifadə olunur. Mayasarmaşığından dəmləmə və digər bitki qarışıqlarının hazırlanması da xalq təbabətində təsvir edilən üsullardandır. Yuxusuzluq, qorxu, həssaslıq və sinir sisteminin gərginliyi zamanı istifadə olunan bitki qarışıqlarında dərman pişikotu kökü, adi şirquyruğu otu, rus quruca otu və əkin indausunun yarpaqlarına rast gəlinir. Bu bitkilər ənənəvi təbabətdə sakitləşdirici məqsədlə istifadə olunan vasitələr kimi təqdim edilir.
Digər bitki yığımlarına adi çöl qatırquyruğu, quşbuğdası və yemişan növlərinin çiçəkləri daxildir. Xalq təbabətində bu bitkilərdən hazırlanan dəmləmələr də yuxu pozulmaları zamanı istifadə olunan vasitələr sırasında göstərilir.
Dərman pişikotu, uca çobanyastığı və adi zirə toxumundan ibarət qarışıq da ənənəvi reseptlərdə yer alır. Bundan başqa, pişikotu kökü, mayasarmaşığı qozaları, istiotlu nanə və şırquyruğu otunun birgə istifadəsi ilə hazırlanan dəmləmələrdən bəhs olunur. Xalq təbabətində istifadə edilən digər qarışıq isə dərman pişikotu kökü, dərman ballınanəsinin yarpaqları və çöl qatırquyruğundan hazırlanır. Bu bitkilər əsasında hazırlanan dəmləmələr ənənəvi olaraq yatmazdan əvvəl qəbul edilən vasitələr kimi təsvir olunur. Qeyd edək ki, dərman bitkilərinin təbii mənşəli olması onların tam təhlükəsiz olduğu anlamına gəlmir. Bitkilərin tərkibindəki aktiv maddələr bəzi dərmanlarla qarşılıqlı təsir göstərə, allergik reaksiyalara və arzuolunmaz təsirlərə səbəb ola bilər. Xüsusilə spirt tərkibli bitki dəmləmələrinin istifadəsi, eləcə də müxtəlif bitkilərin qarışdırılması ehtiyat tələb edir.